Məhkəmə qərarları › İş №3(010)-3142/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3142/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3142/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu "xxxx" Şirkətinin Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1 və 264.0.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" Şirkətinin Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1 və 264.0.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 22 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Həmin Məcəllənin 100.1.7 və 100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları», «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» göstərilməlidir. Eyni Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi kimi “X1” adlı şəxs göstərildiyinə baxmayaraq, həmin şəxsin "xxxx" Şirkəti ilə hansı əlaqədə olması (vəzifəsi, etibarnamə və s.) iş materialları ilə müəyyən edilmir. Yuxarıda göstərilən hal nəzərə alınmaqla "xxxx" Şirkətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması ilə bağlı məlumatlandırıldığı da iş materiallarından görünmür (həmin şirkətə icraatda iştirak etməsi üçün bildiriş, məktub və s. göndərilməyib). Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" Şirkətinin Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1 və 264.0.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 22 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar