Məhkəmə qərarları › İş №3(010)-3143/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3143/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3143/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 24 iyul 2022-ci ildə «TOYOTA PRİUS (HİBRİD) MİNİK» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs və inzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs həmin protokolda öz imzası ilə spirtli içki qəbul etdiyini, həkim müayinəsinə ehtiyac olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2022-ci ildə saat 03:00-da “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan 24 iyul 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi çıxarışından görünür ki, 24 iyul 2022-ci il tarixdə Şəxs qanında alkoqolun olduğu müəyyən olunmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən qeyd olunan maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar