Məhkəmə qərarları › İş №3(010)-3149/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3149/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3149/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1980-cı ildə Qax rayonu Zəyəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X1 16 avqust 2022-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs 1 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9641 manat 83 qəpik tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 22 fevral 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq bu barədə borcluya bildiriş 23 fevral 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilərək icra sənədinin icrasını könüllü təmin etməsi üçün 10 gün vaxt müəyyən edilmişdir. Lakin borclu buna etiraz olaraq tələbi hissəhissə ödəməsi üçün Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin 8(010)-155/2022 saylı 05 may 2022-ci il tarixli qərardadına əsasən hissəhissə ödənilmə barədə borclunun ərizəsi təmin edilməmişdir. Borclu elektron icra sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, borclu fərdi bizneslə məşğuldur və bu barədə o, vergi orqanında fiziki şəxs kimi qeydiyyatdadır. Borclu tərəfindən bu günədək cəmi 1770 manat ödəniş edilmiş və 7891.83 manat qalıq borcu mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmadığını bildirir. Bundan başqa bildirir ki, o, həmçinin iki uşağa görə hər ay 308 manat aliment ödəyir. Bu gün üçün isə icra sənədi üzrə 1770 manat ödəyib. Hər ay da 300 manat miqdarında icra sənədi üzrə ödəniş edir. Daha artıq miqdarda ödəniş etmək, habelə borcunu bir dəfəyə ödəmək üçün maddi imkanı çatmır. Çalışacaq ki, daha artıq miqdarda ödəniş edib borcunu tam olaraq bağlasın. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tələbkarın xeyrinə 1770 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar