Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3175/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin polis sahə inspektoru, polis baş-leytenantı X2, xx xxxxxxx 2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 8P26H1H, subay, orta təhsilli, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (İ qrup) əlilliyi olan, hərbi xidmət keçməmiş, mağazada satcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 03 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin X9 Şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində 04 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək göstərmişdir ki, may ayında özünə məxsus olan **-VP-*** dövlət nömrə nişanlı avtomobili başqa şəxsə satmışdır. Ondan sonra maşını satdığı şəxs ona zəng edərək adında 200 manat məbləğində cərimə olduğunu bildirərək avtomobili başqa şəxsə sata bilmədiyini bildirmişdir. Həmin cəriməni araşdırdıqdan sonra həmin cərimənin DYP-nə məxsus avtomobilə yazıldığını, cəriməyə aid fotoşəkildə onun yox, yol patrul xidmətinin avtomobilinin fotosunun olduğunu öyrənmiş və bununla bağlı lazımı dövlət qurumlarına müraciət etmişdir. Həmçinin o, tik-tok sosial şəbəkəsində bununla bağlı paylaşım etmişdir ki, qayda pozan yol patrul xidməti əməkdaşı olsa da cərimə ona gəlmiş və bu paylaşımı istehza formasında yayımlamışdır. Daha sonra onu Suraxanı Rayon Polis İdarəsinin X9 Şöbəsinə qeyd olunan faktın aydınlaşdırılması üçün dəvət etmişlər. Suraxanı Rayon Polis İdarəsinin X1 zaman polis əməkdaşları onunla kobud danışdığı üçün səs-küy salaraq həmin cərimənin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, iş rejimini pozaraq X9 Şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Etdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını, İ qrup əlilliyinin olmasını, barəsində əvvəllər İXM-nin 535ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmədiyini, bu işin bu həddə gəlib çata biləcəyini düşünmədiyini, polis əməkdaşlarından üzrxahlıq etdiyini və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin polis sahə inspektoru, polis baş-leytenantı X3 bildirdi ki, Şəxs, 03 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin X1 zaman səs-küy salmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etməsinə baxmayaraq həmin şəxs iş rejimini pozaraq X9 Şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinin əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilib təhvil verilmişdir. Şəxs 03 iyul 2024-cü il tarixdən saat 22:00-dan inzibati qaydada tutulmuşdur. Polis Şöbəsində Şəxs izahatı alındıqdan sonra onun barəsində 04 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin X9 Şöbəsinin axtarış üzrə inspektoru, polis kapitanı X5 bildirdi ki, 03 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin X1 zaman vətəndaş Şəxs otağa daxil olmuş və avtomobili ilə əlaqədar olaraq yol polisinə dəvət olunduğunu bildirmişdir. Ona bildirilmişdir ki, iş vaxtı bitdiyindən növbəti gün səhər saat 09- 00-da yaxınlaşsın. Şəxs buna etiraz etmiş, səs-küy salmışdır. Hansı səbəbə narahat edildiyini bildirmiş və buna görə şikayət edəcəyini bildirmişdir. Şəxs şikayət vermək hüququnun olduğu izah edilmişdir. Onun nizam-intizama dəvət edilməsinə baxmayaraq həmin şəxs iş rejimini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də məcbur olub inzibati binaya post patrul xidməti əməkdaşları dəvət edilmişdir. Vətəndaş Şəxs otaqdan çıxıb getmək istəyən zaman Suraxanı RPİ-nin PPX-nin əməkdaşlarının köməyi ilə onu Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilib təhvil vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 535ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, iş materiallarında olan 03 iyul 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, 03 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları məlumat əsasında Suraxanı Rayon Polis İdarəsinin X1 vətəndaş Şəxs Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, 03 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin X1 zaman vətəndaş Şəxs otağa daxil olmuş və avtomobili ilə əlaqədar olaraq yol polisinə dəvət olunduğunu bildirmişdir. Ona bildirilmişdir ki, növbəti gün səhər saat 09-00-da yaxınlaşsın. Şəxs buna etiraz etmiş, səs-küy salmışdır. Hansı səbəbə narahat edildiyini bildirmiş və buna görə şikayət edəcəyini bildirmişdir. Vətəndaş Şəxs şikayət vermək hüququnun olduğu izah edilmişdir. Onun nizam-intizama dəvət edilməsinə baxmayaraq həmin şəxs iş rejimini pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Vətəndaş Şəxs otaqdan çıxıb getmək istəyən zaman Suraxanı RPİ-nin PPX-nin əməkdaşlarının köməyi ilə Suraxanı RPİ-nin 31-ci PŞ-nə təhvil verilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, ilk dəfə törədilməsini, Şəxs şəxsiyyətini, gənc olmasını, əməlindən səmimi peşman olmasını, İ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını, əvvəllər eyni maddə üzrə inzibati məsuliyyətə cəlb olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və İ qrup əlil olmasını məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta İXM-də idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslində qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA № ******* nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 03 iyul 2024-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş yəni İ qrup əlilliyi olan şəxs Şəxs aid edilir və buna görə də onun barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq olunması kifayət edir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 110, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxxx 2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 8P26H1H, subay, orta təhsilli, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (İ qrup) əlilliyi olan, hərbi xidmət keçməyən, mağazada satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İXM-nin 34- 1-ci maddəsi tətbiq edilməklə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3175/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3175/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver