Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-32/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 05 dekabr 2023-cü il tarixli EQ seriyalı 18395118 nömrəli elektron qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən 05 dekabr 2023-cü ildə qəbul olunmuş EQ seriyalı 18395118 nömrəli elektron qərarla X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat miqdarında cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi məlumat xidmətinin barəsində qanunsuz və əsassız olaraq tərtib etdiyi EQ seriyalı 18395118 nömrəli 05 dekabr 2023-cü il tarixli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 3(007)-6087/2023 nömrəli iş üzrə 11 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 05 dekabr 2023-cü il taixdə idarə etdiyi 90LC052 dövlət qeydiyyat nişanlı şəxsi nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən-C.Qurbanov 4 yol 1 hərəkətdə olarkən işıqforun qadağan etməyən işığından keçərək, lakin önünə PPX avtomobili qəfildən dönmə edərək önünə çıxdığından o, surəti təxminən 50 km-dən 30 km-ə endirmiş, yol vermişdir ki, ötüb keçsin, sayrışan işıqlarını belə yandırmamışdır. O, şəxsi nəqliyyat vasitəsi ilə şərait yaratmışdır ki, keçsinlər və işıqforun sarı işığı yanmışdır. Yol Hərəkəti haqqında Qanunun 60-cı maddəsinin 4-cü bəndində göstərilir ki, əgər sürücü qəfildən tormozlanma olmasın deyə şəraitə uyğun ötüb keçə bilər. O, isə tam şəkildə 60-cı maddənin 4-cü bəndinə uyğun keçib hərəkətini heç bir mane törətmədən davam etdirmişdir. Təxmini 2-3 saatdan sonra mobil telefonuna EQ seriyalı 18395118 nömrəli 80 manat, 3 bal cərimə gəlmişdir. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə bu vəziyyət barədə müraciət etmiş və bildirmişlər ki, bu elektron qərardı, ancaq səlahiyyətli qurum ləğv edə bilər. Özü 44 günlük və sonuncu 19-20 sentyabr 2023-cü il tarixli cənab Ali Baş komandanın əmri ilə başlanan antiterror əməliyyatının iştirakçısıdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X3 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 08 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən X3 hadisənin araşdırılıb obyektiv qərar qəbul edilməsini, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 05 dekabr 2023-cü il tarixli EQ seriyalı 18395118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin 05 dekabr 2023-cü il tarixli, EQ seriyalı 18395118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 05 dekabr 2023-cü il tarixdə, saat 11:47-da “BMW 320D” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, kompakt diskdə olan yol nəqliyyat hadisəsini özündə əks etdirən videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, həqiqətəndə X3 05 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq idarə etdiyi “BMW 320D” minik markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 05 dekabr 2023-cü il tarixli EQ seriyalı 18395118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni və əsaslı olduğundan, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 05 dekabr 2023-cü il tarixli EQ seriyalı 18395118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-32/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-32/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver