Məhkəmə qərarları › İş №3(010)-320/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-320/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-320/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, FİN xxxxxxx, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşayan, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 yanvar 2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan odlu silahı hesab edilən bir ədəd 4.5 mm kalibirli, yivsiz idman tapançasını və bir ədəd yivsiz ov tüfəngini üzərində saxlamaqla daşımışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 16 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, uzun müddət idi ki, yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında iki ədəd silah var idi. Həmin silahlar onun ata tərəfdən babası X3 məxsus olmuşdur. X5 təxminən 2017-ci ildə rəhmətə getmişdir. Babası rəhmətə gedəndən sonra həmin silahlar onların yaşadıqları evdə qalmış və həmin silahlar yadigar olduğu üçün onları təhvil verməmişdir. Həmçinin, həmin silahları təhvil verəcəyi halda hər hansı bir məsuliyyət daşıyacağından qorxduğu üçün onları təhvil verməmişdir. Yaşadığı evdə bir yaşlı oğlu var və o, artıq silahların evdə qalmasından narahat olmuşdur. Çünki, gələcəkdə hər hansı bir təhlükənin olmasından qorxurmuşdur. Buna görə də, 10 yanvar 2022-ci il tarixdə həmin silahları götürüb paketə qoymuş və onları aparıb zibilliyə atmaq qərarına gəlmişdir. Evdən təzəcə çıxmışdır ki, 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edib Şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində olan sellofan torbanın içində odlu silah hesab edilən bir ədəd tapança və 01 ədəd ov tüfəngi vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində bir ədəd odlu silah tapança və 01 ədəd tüfəng olduğunu bildirib sağ əlində olan bir ədəd ağ rəngli sellofan paketi, əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən “İphone” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən şəxsiyyət vəsiqəsini və 50 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi ağ rəngli sellofan paketin içərisində əlavə göy rəngli sellofan bağlamanın və həmin sellofan bağlamanın içərisində hissələrə ayrılmış vəziyyətdə odlu silah tüfəng və 01 ədəd tapança olduğunu bildirmişdir. Göy rəngli sellofan bağlama açılarkən bağlamanın içərisində üç hissəyə (lülə, qundaq və tutacaq) ayırdığı odlu silah tüfəng və 01 ədəd odlu silah tapança olması polis əməkdaşı tərəfindən aşkar edilmişdir. 01 ədəd tüfəngə baxış keçirilərkən tüfəngin lülə hissəsində yazıların həkk edildiyi müşahidə edilmişdir. Daha sonra tapançaya baxış keçirilərkən tapançanının patron saxlama hissəsinin barabanlı olduğu və barabanının içərisinin boş olduğu müşahidə edilmişdir. O, üzərindən aşkar edilmiş tapançanın və tüfəngin babasından qaldığını həmin silahları zibilxanaya atmaq məqsədi ilə gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən digər əşya aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd tapança, üç hissəyə ayrılmış 01 ədəd tüfəng polis əməkdaşı tərəfindən bir ədəd göy rəngli sellofan torbada qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat ona qaytarılmış, aşkar olunmuş “iphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilən silahlar ona babasından yadigar qalmış və ona görə də onları saxlamışdır. Aşkar edilmiş silahlardan hər hansı bir cinayətin törədilməsində istifadə etməmişdir. Onda həmin silahın olmasından kiminsə xəbəri olmamışdır. X5 həmin silahları haradan əldə etməsi barədə onun heç bir məlumatı yoxdur. Ondan aşkar edilən silahdan başqa haradasa odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin, soyuq silah saxlamır. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi X1 17 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Şəxs aşkar edilmiş iki ədəd odlu silaha bənzər predmetlərin odlu silah olubolmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-ballistik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 11 yanvar 2022-ci il tarixli 22/34R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd qatlama qolunda J1- 76890 N-si olan silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İjK modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Yuxarıda göstərilən səbəbə görə həmin silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş silah, 4,5 mm kalibrli olmaqla xarici dövlətdə istehsal olunmuş, mülki silahlara aid olan, insan bədəninə xəsarət yetirməyə malik olmayan, yalnız idman təlim məşqləri üçün nəzərdə tutulmuş, Stalker 2,2 modelli, 4,5 mm kiçik kalibrli Flober patronlardan atəş açan revolverdir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Həmin qərarla Şəxs əməlində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması, Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti BMCMİ-nə təqdim edilməsi, Şəxs aşkar edilərək götürülmüş 01 ədəd yivsiz odlu ov tüfəngi və 01 ədəd yivsiz odlu revolver silahı təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası qanunun 2-ci maddəsində aşağıdakılar qeyd edilmiş: silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır; ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır; idman silahı — idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Həmin qanunun 3-cü maddəsində qeyd edilmişdir ki, xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında ümumi uzunluğu 800 millimetrdən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanını aradan qaldırmayan odlu ov silahının dövriyyəsi və kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanun üzrə vərəsəlik hallarında mülki silahı miras almış vərəsənin mülki silahı əldə etmək üçün xüsusi icazəsi yoxdursa, o üç ay ərzində həmin xüsusi icazəni almalıdır. Vərəsə ona miras qalmış mülki silahı əldə etmək üçün xüsusi icazəni almaq istəməzsə və ya ona bu cür xüsusi icazə verilməzsə, o bir ay müddətində həmin silahı ya bağışlamalı, təhvil verməli və ya satmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsində qeyd edilmişdir ki, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 590-592-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə onun barəsində törətdiyi inzibati xətaya görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmeti müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində, inzibati xətanın bilavasitə obyekti olmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, texniki cəhətdən nasaz və atəş üçün yararsız 01 ədəd odlu yivsiz silah qatlama qolunda J1-76890 N-si olan silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İjK modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngi və texniki cəhətdən sazdır və atəş üçün yararlı 01 ədəd yivsiz odlu silah 4,5 mm kalibrli olmaqla xarici dövlətdə istehsal olunmuş, mülki silahlara aid olan, insan bədəninə xəsarət yetirməyə malik olmayan, yalnız idman təlim məşqləri üçün nəzərdə tutulmuş, Stalker 2,2 modelli, 4,5 mm kiçik kalibrli Flober patronlardan atəş açan revolver dövlət nəfinə müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar