Məhkəmə qərarları › İş №3(010)-3227/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3227/2022

20.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3227/2022 20.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-cü Polis bölməsinin sahə inspektoru X9, Zərərçəkmiş şəxslər X3 və X2 iştirakı ilə xx.xx.1979-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanının qarşısında saat 06.00 radələrində keçmiş kürəkənləri X3 və X4 döyərək onlara xəsarət yetirmişdir. Bununla da o, İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsin sahə inspektoru X12 protokola uyğun izahat verərək, barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, Şəxs həm onun özünə, həm də həyat yoldaşı X4 döyərək onlara xəsarət yetirmişdir. Onun barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, keçmiş həyat yoldaşı ilə aralarında onun işləməsi ilə bağlı mübahisə yaranmışdır. Həmin mübahisə zamanı o keçmiş həyat yoldaşı tərəfindən döyülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, keçmiş kürəkənlərinə qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Sadəcə keçmiş həyat yoldaşı ilə mübahisə əsnasında ona bir “sillə” vurmuşdur. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı Sail Hacıyevin xx.xx.2022- ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 742 saylı rəyindən görünür ki, vətəndaş X1 göz yuvasının bayır bucağının qançırı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilmiş - xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. İXM-İn 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati həbsin müddətinə gəldikdə isə, məhkəmə hesab edir ki, Şəxs barəsində 20 gün müddətinə inzibati həbs seçilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmamasını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 20 gün (iyirmi) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən, saat 01:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar