Məhkəmə qərarları › İş №3(010)-3228/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3228/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3228/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 33-cü Polis bölməsinin polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rəli yataqxanada müvəqqəti yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 33cü Polis bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci ildə, saat 10:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixinə təyin olunan iclası xx.xx.2022-ci il tarixə, saat 12.00-a təxirə salınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 33-cü Polis bölməsinin polis mayoru X2 göstərdi ki, xx.xx.2022-ci ildə, saat 10:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində xidmətdə olan zaman Şəxs özünü şübhəli tərzdə apardığı üçün saxlanılmışdır. Saxlanılan zaman vətəndaş polisin qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərmiş və mübahisə yaratmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən əsəbi olduğunu və buna görə də polis əməkdaşlarına sərt formada reaksiya verdiyini bildirdi. O, müharibə veteranı və və İİ qrup əlil olduğunu bildirdi. Məhkəmənin hazırkı iclasında iştirak edən inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs onun əlilliyinin 2021-ci ildən dayandırıldığını bildirərək bunun səbəbinin ola bilsin ki, müayinədən keçməməsi olduğunu qeyd etdi. Məhkəmənin hazırkı iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin 33-cü Polis bölməsinin polis mayoru X1 əvvəlki izahatına əlavəsi olmadı. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi, özünün etirafı, tərəflərin izahatları və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Ona görə də, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətində inzibati qaydada həbs edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan AZA 009006 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18.00-da tutulmuşdur, ona görə də, inzibati qaydada tutulmanın əvvəli onun saxlanıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə görə, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar