Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-325/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Məmmədov Valeh Əlövsət oğlunun iştirakı ilə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Məmmədov Valeh Əlövsət oğlu tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Məmmədov Valeh Əlövsət oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərar xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. Məmmədov Valeh Əlövsət oğlu həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Məmmədov Valeh Əlövsət oğlu işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə saat 16:00 – 16:30 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən parkın ərazisində dostu X1 ilə birlikdə gəzərkən Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları onlara yaxınlaşaraq tibbi maskadan düzgün istifadə etmədiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları onları polis bölməsinə aparmış və hər ikisi barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Ertəsi gün onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qanunsuzdur. Belə ki, o, COVİD-19 pandemiyası dövründə həmişə karantin qaydalarına riayət etmiş, o cümlədən fərdi qoruyucu vasitələrdən düzgün istifadə etmişdir. Bu dəfə də tibbi maskadan düzgün istifadə edib. Qeyd edir ki, dostu ilə hadisə vaxtı gəzdiyi parkda Milli Qəhrəman Eldar Xəlilovun büstü var. Polis əməkdaşları tərəfindən həmin büstün yanında saxlanmışlar. Həmçinin büstün yaxınlığında TŞ9-034 nömrəli kamera var ki, bu kameradan hadisənin videogörüntüsünü əldə etmək olar. Bölmədə təqsirsizliyini sübut etmək üçün dəfələrlə tələb etmişdir ki, həmin kamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilsin. Lakin bütün tələbləri nəticəsiz qalmış, inzibati xətanı törətdiyini təsdiq edə biləcək heç bir sübut, o cümlədən fotoşəkil və ya videogörüntü ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məmmədov Valeh Əlövsət oğlu bildirir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt tibbi maskadan düzgün istifadə edib. Bu dəlilin həqiqətə uyğun olub-olmadığına dair polis orqanı tərəfindən hər hansısa araşdırma aparıldığı iş materialları ilə müəyyən edilmir. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi məhkəməyə nümayəndəsini göndərmədiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin bildirdiklərinin məhkəmə iclasında da araşdırılması mümkün olmayıb. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Məmmədov Valeh Əlövsət oğlunun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-325/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-325/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver