Məhkəmə qərarları › İş №3(010)-3261/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3261/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3261/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 08 iyul 2024-cü ildə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə həmin məsələlərə baxaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materialları təhlil olunarkən müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən 14 noyabr 2023-cü il tarixdə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli 2(010)-3866/2014 nömrəli qətnaməsinə dair 22 sentyabr 2014-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmiş və Suraxanı Rayon Məhkəməsinin 3(010)-5332/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən işin araşdırılması ilə bağlı tədbirlər 2023-cü ildə olmuşdur. Lakin sonradan icra məmuru tərəfindən borclunun adına olan əmlakı, banklarda olan pul vəsaitləri, pensiya, təqaüd və sair bu kimi gəlirlərin olması tam şəkildə öyrənilməmişdir. Bu hal isə işə baxılarkən məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılmasına ciddi maneə törədir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Yenə həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materiallarından müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən borclunun inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, borclu barəsində toplanmış iş materiallarında icra məmuru tərəfindən borclunun əvvəlcə pul vəsaitlərinin olub-olmaması məsələsinin müəyyən edilməsi vacibliyini araşdırmalı olsa da, icra məmuru tərəfindən həmin xüsusatın dəqiqləşdirilməsi üçün müvafiq sorğular verilməmiş və tələbin sonuncunun əməkhaqqına yönəldilməsi ilə bağlı müvafiq icra hərəkətləri aparılmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə natamam olaraq inzibati xəta haqqında protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd olunan hal isə qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Suraxanı Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar