Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3292/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs ŞəxsN X13 mübahisələrlə iş sektorunun müdiri X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 iştirakları ilə ŞəxsN barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş X3 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 09 iyul 2024-cü il tarixdə ŞəxsN Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 01 iyul 2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsinin bir hissəsində formalaşan tullantı sularının təmizlənmədən (təmizləyici qurğudan keçirilmədən) boru ilə Hövsan kanalı vasitəsilə Xəzər dənizinə axıdılması faktı aşkarlanmışdır. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X11 tərəfindən hüquqi şəxs ŞəxsN barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və 09 iyul 2024-cü il tarixdə həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X11 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə X1 Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcəyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi monitorinqlər keçirilir. Keçirilən monitorinqlərdən birində 01 iyul 2024-cü il tarixdə Suraxanı rayonu, Binə qəsəbəsinin bir hissəsində formalaşan tullantı sularının təmizlənmədən (təmizləyici qurğudan keçirilmədən) boru ilə Hövsan kanalı vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı "xxxx" ASC-nin rəhbərliyinə nümayəndəsinin baxışda iştirakı ilə bağlı məktub göndərilmiş, həmin məktub 25 iyun 2024-cü il tarixdə imzalanaraq rəsmi qaydada qəbul edilmiş, lakin qarşı tərəfin məlumatı olsa da baxışda nümayəndəsi iştirak etməmişdir. Həmçinin 27 iyun 2024-cü il tarixdə monitorinqdə iştirak edilməsi ilə bağlı Bakı Sukanal İdarəsinə 21 iyun 2024-cü il tarixdə məktub ünvanlanmış və həmin tarixdə məktub imza edilərək qəbul edilmiş, lakin nümayəndənin iştirakı təmin edilməmişdir. Bununla bağlı akt tərtib olunmuş, fotoşəkillər çəkilmiş və həmin ərazidən torpaqdan və borudan axan sudan nümunələr götürülmüşdür. Su nümunəsinin üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən aşağı, ammonium ionu 17,8; sintetik səthi aktiv maddələr (SSAM) 2,1; neft karbohidrogenləri 11,0 dəfə yol verilən qatılıq həddindən artıq, mikrobiolojı təhlillərin nəticəsinə görə numunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı 7 030 000 ədəd/litr; enterokokların miqdarı 958 000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı 6 690 000 ədəd/litr təyin edilmişdir. Torpaq nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sulfat ionu-7,3 dəfə yol verilən qatılıq həddindən artıq, şorlaşma dərəcəsinə görə orta şorlaşmış torpaq olduğu müəyyən edilmişdir. Buna görə də tərəfindən İXM-nin 264.0.1-ci maddəsi ilə Azərsu ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə çevrilmə qaydasında keçməsindən və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin həmin Agentliyin tabeliyində fəaliyyət göstərməsindən məlumatsız olmuşdur. Məhkəmə iclasında iştirak etmiş hüquqi şəxs ŞəxsN X13 mübahisələrlə iş sektorunun müdiri X7 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2356 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında əsasnamə təsdiq edilmiş, agentliyin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti yaradılmışdır. Əvvəlki Azərsu ASC yerləşən inzibati binada hazırda da fəaliyyət göstərirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli 232 nömrəli qərarına əsasən Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi, X9 xidmətinin nizamnaməsi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnaməsi, Su və X10 İnstitunun nizamnaməsi, tikilməkdə olan obyektlərin müdriyyətinin nizamnaməsi, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun nizamnaməsi təsdiq edilmişdir. X12 Xidməti (bundan sonra Xidmət) meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri (bundan sonra iri şəhərlər istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir; Xidmət Azərbaycan Dövlət X6 (bundan sonra Agentlik) tabeliyində fəaliyyət göstərir. 01 iyul 2024cü il tarixdə Binə qəsəbəsinin bir hissəsində formalaşan tullantı sularının təmizlənmədən (təmizləyici qurğudan keçirilmədən) boru ilə Hövsan kanalı vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı baxış keçiriləcəyinə dair məlumatları olsa da nümayəndənin vaxtında iştirakı təmin edilə bilməmişdir. Bildirmişdir ki, həmin ərzidən su borusundan nümunə götürülmüş, lakin həmin nümunənin qeyd olunan borudan götürülməsi ilə bağlı heç bir sübut yoxdur. İnzibati xəta haqqında protokolda müəssisənin adı səhvən "xxxx" ASC qeyd olunmuşdur. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Şəxs yaradılmışdır. Qeyd etdiyi fərmanı məhkəməyə təqdim edərək iş materillarına əlavə olunmasını xahiş etdi. O, tərtib olunmuş aktlarda iştiraklarının təmin olunmamasını, protokolun düzgün hüquqi şəxs barəsində yazılmamasını, götürülmüş su və torpaq nümunələrinin konkret olaraq haradan götürülməsi ilə bağlı şübhələrinin olmasını bildirmişdir. Buna görə də tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahatı alınmış ŞəxsN tabeliyində olan hüquqi şəxs olmayan Bakı Su Kanal İdarəsinin 11 saylı nasosxana rəisi X8 bildirmişdir ki, 01 iyul 2024-cü il tarixdə Binə qəsəbəsinin bir hissəsində formalaşan tullantı sularının təmizlənmədən (təmizləyici qurğudan keçirilmədən) boru ilə Hövsan kanalı vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı məlumatları olsa da həmin vaxt səhhəti ilə bağlı orada baxışda iştirak edə bilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi akt tərtib etmiş, həmin aktda adı qeyd olunsa da akt tərtib olunan zaman iştirak etməmiş və həmin aktı imza etməmişdir. Bildirmişdir ki, qeyd olunan boru Suraxanı rayonunun ərazisində yerləşir, Hövsan kanalı vasitəsilə Xəzər dənizinə axıdılır. Lakin həmin kanaldan çirkab sularının axıdılması ilə bağlı razı deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanından, həmçinin 26 aprel 2024-cü il tarixli Nazirlər Kabinetinin 232 nömrəli Qərarından, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X17 Nizamnaməsindən görünür ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı şəhərində yerləşir, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişətiçməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Həmin xidmətin fəaliyyət istiqaməti bunlardır: İri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti həyata keçirmək; İri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək; iri şəhərlərdə istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının axıdılması xidmətlərini göstərmək; balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək; su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək; iri şəhərlərdə suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı Agentliyə təkliflər vermək; iri şəhərlərdə su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsində iştirak etmək, iri şəhərlərə xidmət göstərən su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericilikdə nəzərdə tutulmuş sanitariya mühafizə zonalarını yaratmaq və ona nəzarəti həyata keçirmək, Xidmət tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunu aparmaq; balansında olan su təchizatı və tullantı sularının emalı və axıdılması sistemlərinin sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, təmiri və onlara texniki xidmət göstərilməsi işlərini təşkil etmək. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024cü il tarixli 232 nömrəli qərarına əsasən Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi, X9 xidmətinin nizamnaməsi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nizamnaməsi, Su və X10 İnstitunun nizamnaməsi, tikilməkdə olan obyektlərin müdriyyətinin nizamnaməsi, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun nizamnaməsi təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini vətəndaş Ələddin Xələflinin “çirkab suların Hovsan kanalına axıdılması nəticəsində iy-qoxunun yaratdığı narahatlıq barədə” daxil olmuş şikayət ərizəsi əməkdaşlar tərəfindən yerində araşdırılarkən Binə qəsəbəsi ərazisində formalaşan tullantı sularının Hövsan kanalının Yeni Suraxanı qəsəbəsinin yaxınlığından keçən hissəsinə təmizlənmədən axıdılması faktı aşkar edilmişdir. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli № 001981 nömrəli aktdan görünür ki, su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən aşağı, ammonium ionu 17,8; sintetik səthi aktiv maddələr (SSAM) 2,1; neft karbohidrogenləri 11.0 dəfə yol verilən qatılıq həddindən artıq, mikrobioloji təhlillərin nəticəsinə gorə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı 7 030 000 ədəd/litr; enterokokların miqdarı 958 000 ədəd/litr və şərti xəstəlik törədən bakteriyaların miqdarı 6 690 000 ədəd/litr təyin edilmişdir. Torpaq nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə sulfat ionu-7,3 dəfə yol verilən qatılıq həddindən artıq, şorlaşma dərəcəsinə görə orta şorlaşmış torpaq olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla ŞəxsN inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tövsif olunmuşdur. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli Fərmanın 19-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə), 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X4 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri protokol tərtib etmək səlahiyyətinə malikdir. İXM-nin 264-cü maddəsinə əsasən Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına yəni, 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin maddə İXM-də ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd olunmalıdır ki, inzibati xəta Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində ŞəxsN maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə görə tabeliyindəki Azərsu ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır. İş üzrə ŞəxsN məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs PUBLİK HÜQUQİ ŞƏXS Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ünvan 2 ünvanında qeydiyyatda olan, hüquqi şəxs Şəxs PUBLİK HÜQUQİ ŞƏXS Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3292/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3292/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver