Məhkəmə qərarları › İş №3(010)-3307/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3307/2023

22.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3307/2023 22.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin Dövlət yol polis şöbəsi yol patrul xidməti baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, X2 İdarəsinin inspektoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2023-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü ildə, saat 19:30 radələrində Bakı şəhərində Suraxanı hava limanı yolu ərazisində etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ ML 350 minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, buna görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Bakı şəhər Suraxanı rayon Polisi İdarəsinin Dövlət yol polis şöbəsi yol patrul xidməti baş inspektoru, polis leytenantı X1 göstərdi ki, xx.xx.2023-cü ildə, saat 19:30 radələrində Bakı şəhərində Suraxanı hava limanı yolu ərazisində etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ ML 350 minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmışdır. Bununla da sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntü ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, avtoxuliqanlıq əməlini törətməmişdir. Belə ki, o, xx.xx.2023cü il tarixdə Hava yolunun Mərdəkan qəsəbəsi istiqamətində avtomobili sürətlə idarə etmiş, buna səbəb avtomobilində tez xarab olan məhsulların olması olmuşdur. Polis əməkdaşları onu saxlayarkən də bu halı onlara bildirmiş və polis əməkdaşlarının müşaiyəti ilə həmin məhsulları lazım olan yerə çatdırmışdır. Onun polisdən qaçmaq, eyni zamanda avtoxuliqanlıq etmək niyyəti olmamışdır. Hər bir halda qanun pozuntusuna yol vermişdirsə polis əməkdaşlarından üzr istəyir və əməlindan peşimandır. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində açılmış inzibati xəta işinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsi hissəsində xitam verilməlidir, Şəxs İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə isə qərar qəbul edilməsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın səlahiyyətinə buraxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Qanunun mənasına görə şəxsin əməlində yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əlaməti mövcud deyildirsə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər özü-özlüyündə avtoxuliqanlıq növündə inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Hazırki iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın nədən ibarət olması qeyd edilməmiş, eyni zamanda inzibati xəta hadisəsi əsaslandırılmamışdır. Məhkəmə baxışı zamanı inzibati işə əlavə olunmuş və videogörüntü əks olunan CD diskə keçirilmiş baxış zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin əlaməti aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 polis leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta hissəsində işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 polis leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta hissəsində işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar