Məhkəmə qərarları › İş №3(010)-331/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-331/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-331/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X4 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, evli, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsi, 47B/2 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 06 fevral 2022-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketdən, həmin marketə alış-veriş üçün girmiş X1 marketin girişində olan saxlanc yerinə qoyduğu 03 kiloqram əti gizli yolla talayaraq, zərərçəkmiş şəxs X2 35 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərovun 15 fevral 2022-ci il tarixli qərarı ilə X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı hadisəni Şəxs törətdiyi müəyyən edildiyinə görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 06 fevral 2022-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketə daxil olarkən, həmin marketin girişində olan saxlanc yerinə qoyulmuş əti götürüb yaşadığı evə getmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və məhkəmədən barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X5 məhkəmədə göstərdi ki, 06 fevral 2022-ci ildə X3 müraciət edərək, həmin tarixdə alış-veriş üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketə girərəkən, marketin girişində olan saxlanc yerinə qoyduğu 03 kiloqram ətin sonradan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı hadisənin Şəxs tərəfindən törədildiyi müəyyən edildiyinə görə sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X3 bildirdi ki, 06 fevral 2022-ci ildə alış-veriş üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketə girərəkən, marketin girişində olan saxlanc yerinə qoyduğu 03 kiloqram ətin sonradan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Onun şikayəti əsasında aparılmış araşdırma nəticəsində oğurluğu Şəxs törətdiyi müəyyən edilmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və sonuncunu etdiyi əmələ görə bağışlayır. Sonda zərərçəkmiş şəxs X3, qeyd etdiklərini nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar