Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3344/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, 14 avqust 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayan, 08 iyul 2024-cü ildə saat 17:30-da tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 208-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs narkotik maddələrdən istifadə edərək 08 iyul 2024-cü ildə yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkmişdir (kultivasiya). Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə rəisi X3 tərtib etdiyi MN seriyalı ******* nömrəli 10 iyul 2024-cü il tarixli protokolu müdafiə edərək Şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə yaşayır. Yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki əkmişdir. Əkdiyi bitkini yetişməsi üçün ona qulluq göstərmişdir. Özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, iş materiallarında olan 08 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 08 iyul 2024-cü il tarixdə, saat 17:30-da tutulmuşdur. İş materiallarına olan 10 iyul 2024-cü il tarixli 1898 nömrəli «Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi» haqqında aktdan görünür ki, Şəxs sidiyində tibbi müayinə nəticəsində «(THC+)» aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş ambulator məcburi–narkoloji tibbi yoxlamanın 10 iyul 2024-cü il tarixli 4710 nömrəli rəyində qeyd olunur ki, «Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2024-cü il tarixli 3- 16-16/2-7/1123 nömrəli rəyində qeyd olunur ki, üzərində “S/Ş Şəxs həyətindən aşkar edilmiş 2 ədəd çətənə kolu...” yazılan torbada yaş vəziyyətdə ümumi çəkisi 1330,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı X2 10 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 208-ci maddələri ilə inzibati məsuliyyət cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilmişdir. İş materiallarında olan “təqdim olunmuş bitkilərə baxış keçirilməsi” barədə 08 iyul 2024-cü il tarixli rəyindən görünür ki, təqdim edilən bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilər həyətyanı sahədə əkilib yetirilmişdir. Bitkilərin ətrafı ot örtüyündən təmizlənmiş, dibləri boşaldılmış, torpağında suvarılma əlamətləri aşkar edilmişdir. Bitkilərin hündürlüyü təxminən fərqli ölçülərdə 50-60 sm-dir, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun kifayət qədər inkişaf etməsi həmin bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini göstərir. Həmin bitkilərin sayı ümumillikdə 02 ədəddir. Beləliklə, Şəxs həmin inzibati xətaları törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 10 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolu ilə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 206 və 208-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 208-ci maddələri ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 08 iyul 2024-cü il saat 17:30-dan hesablansın. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3344/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3344/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver