Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3369/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Hüseyn-zadə Ümüd Vasif oğlunun iştirakı ilə, 13 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5LWT6WJ, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Hüseyn-zadə Ümüd Vasif oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X6 İdarəsinin polis başleytenantı X2 tərəfindən qəbul edilmiş 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseyn-zadə Ümüd Vasif oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 14 iyul 2024cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər X6 İdarəsinin polis başleytenantı X1 qəbul etdiyi 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Hüseyn-zadə Ümüd Vasif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş-əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə inzibati xətasının törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. 17 iyul 2024-cü il tarixdə Hüseyn-zadə Ümüd Vasif oğlunun Bakı şəhər X6 İdarəsinin polis baş-leytenantı X2 tərəfindən qəbul edilmiş 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Hüseyn-zadə Ümüd Vasif oğlu göstərdi ki, xx.xx.2024-cü il tarixdə 28 may və R.Behbudov küçələrinin kəsişməsində saat təxmini 11:25-də yol nəqliyyat hadisəsi baş vermişdir. Onun həmin hadisə ilə bağlı zərərçəkmiş olmasına baxmayaraq qəza tam araşdırılmamış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat cərimə olunmuşdur. O, həmçinin qeyd etmişdir ki, bir tərəfli yol olmaqla yolda 4 cərgə var, sağdan hesablanmaqla ən soldakı cərgə yalnız düzünə, 3-cü cərgə yənin onun hərəkət etdiyi cərgə düzünə və sağa, 1-ci və 2-ci cərgələr isə yalnız sağa dönməyə icazə verir. Bununla bağlı yolda nişanlanma xətləri də mövcuddur. Çox vaxt yol patrul xidməti əməkdaşları həmin yol ayrıcından qarşı tərəfdə dayanaraq yalnız sağa dönməyə icazə verilən hərəkət hissəsi ilə düzünə hərəkət edən nəqliyyat vasitələri sürücülərini saxlayıb cərimə edirlər. Odur ki, hadisə yerində olan kameraya baxılmasını, qəzanın tam ədalətli araşdırılmasını və həmin cərimənin silinməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına görə Bakı şəhər X6 İdarəsinin polis baş-leytenantı X1 inzibati tənbeh vermə haqqında 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Hüseyn-zadə Ümüd Vasif oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 14 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər X6 İdarəsinin polis baş-leytenantı X1 qəbul etdiyi 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Hüseyn-zadə Ümüd Vasif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, Bakı şəhər X6 İdarəsinin polis baş-leytenantı X1 inzibati tənbeh tətbiq etmə haqqında 14 iyul 2024-cü il tarixli qərarını, iş materiallarında olan hadisənin görüntüləri əks olunmuş video diskə baxışı və protokolun tərtib olunduğu küçənin fotoşəkillərini nəzərdən keçirib sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Hüseyn-zadə Ümüd Vasif oğlu tərəfindən yol hərəkəti qaydalarının pozulması və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququna malikdir. Lakin qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar videogörüntülər şəxsə təqdim edilməmiş və inzibati tənbeh tətbiq olunarkən videogörüntülərə baxış keçirilməmişdir. X5 Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Qanunun 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 65-ci maddəsinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Qanunun 69-cu maddəsinə əsasən üfiqi nişanlanma xətləri həmin maddənin 18-ci bəndinə əsasən 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir. Hazırkı iş üzrə həm yolun hərəkət istiqamətini göstərən fotoşəkillərdən həmçinin videogörüntüdən aydın görünür ki, yolun hərəkət hissəsi 4 zolaqdan ibarətdir, sağdan hesablanmaqla bir və ikinci zolaq yalnız sağa dönməyə, sağdan hesablanmaqla 3-cü zolaq düz və sağa dönməyə, sağdan hesablanmaqla 4-cü zolaq isə yalnız düzünə hərəkət etməyə icazə verir. Hüseyn-zadə Ümüd Vasif oğlu sağdan hesablanmaqla 3-cü zolaqda hərəkət etmiş və qanuni olaraq dönmə işıqlarını yandırmaqla sağa hərəkət etmək istəmiş, lakin digər nəqliyyat vasitəsinin sürücüsü sağdan hesablanmaqla 2-ci zolaqla yalnız sağa dönməli olduğu halda düzünə hərəkət edərək yol ayrıcına daxil olub X5 Qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bu hal isə işi araşdıran vəzifəli şəxs tərəfindən düzgün araşdırılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında iş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə 28 may və R.Behbudov küçələrinin kəsişməsində saat təxmini 11:25-də baş vermiş qəza tam araşdırılmamış, hadisə yerində olan kameraya baxılmamış və Hüseyn-zadə Ümüd Vasif oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Hüseyn-zadə Ümüd Vasif oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, Hüseyn-zadə Ümüd Vasif oğlu barsində 14 iyul 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunaraq qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseyn-zadə Ümüd Vasif oğlunun şikayəti təmin edilsin. Hüseyn-zadə Ümüd Vasif oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, Hüseyn-zadə Ümüd Vasif oğlu barəsində 14 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunsun və qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3369/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3369/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver