Məhkəmə qərarları › İş №3(010)-3372/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3372/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3372/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, 20 may 1964-cü ildə Naxçıvan MR, Şərur rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2QCTGKM, orta təhsilli, evli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv küçəsi 59, nömrəsiz həyət evində yaşayan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 18 iyul 2024-cü il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 3(009)-1520/2024 saylı qərardadı ilə inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi onunla əsaslandırılmışdır ki, X1 rayonu, Hövsan ŞTQ, O.Şabanov (keçmiş çöllük) ünvanında qeydiyyatda olduğundan inzibati xəta haqqında materiala aidiyyəti üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Suraxanı Rayon Məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 ünvan 2 ünvanında yaşadığını nəzərə alaraq hesab etmişdir ki, inzibati xəta haqqında materiala Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması mümkünsüzdür. Buna görə də Suraxanı Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3372/2024 saylı qərardadına əsasən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1712/2024 saylı qərarına əsasən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi Skanlaşdırma şöbəsindən daxil olmuş 3-33- 1100/014/007515 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən, Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında İran İslam Respublikasından ayrıayrı şəxslərə məxsus yükləri daşıyan 42BX424/42ZA170 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşları tərəfindən gömrük yoxlaması aparılmış, sözügedən rentgen qurğusunun monitorunda dörd künc formalı 1 ədəd bağlamada şübhəli cizgilər göründüyündən həmin bağlamaya fiziki yoxlama aparılmış, yoxlama zamanı avtomobilin yük hissəsində X4 adına **********2082 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində 6 yer, 450 ədəd Quran kitabları bəyan olunduğu halda, gömrük orqanına bəyan edilməyən 1330 ədəd gümüşə bənzər üzüklər və 80 ədəd kulonlu boyunbağının aşkar olunması faktına görə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixdə qeyd edilən faktla bağlı daxil olmuş 3-33-1100/014/007515 nömrəli raport üzrə araşdırma başlanılmışdır. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların tərkibinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2- 001788/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-16-16/2- 6/1947-9/2744 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş mallar qiymətsiz metal ərintisindən hazırlanılmışdır, üzüklərin üzərində olan daş-qaşlar qiymətli daş-qaşlara aid deyil və araşdırma predmeti olan malların xx.xx.2024cü il tarixində olan orta bazar qiyməti ilə ümumi dəyəri 5862 manat müəyyən edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X9 tərəfindən vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 22 iyun 2024-cü il tarixli, 00100-01517/24 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəis müavini X2 22 iyun 2024-cü il tarixli qərardadı ilə vəzifəli şəxs X4 barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 25 ildir bu ticarətlə məşğuldur. Həmin malların bəyan edilmədiyini bilməmişdir. Bununla bağlı broker şirkətlə əlaqə yaratmış və onlar ona köməklik göstərirlər. Mallar gəldikdən sonra pulunu ödəyir. Bu hal baş verdikdə karqonun sahibi Emin adlı şəxslə əlaqə saxlamış və məsələni həll etməsini, ondan sonra malın pulunu ödəyəcəyini bildirmişdir. Bildirmişdir ki, malları sifariş edirlər və həmin mallar gəldikdən sonra karqodan götürülür. Mallar sifariş olunduqdan sonra onu gömrüyə çağırmışlar və ona aid olan 40 qutudan 1-nin bəyan olunmadığını bildirmişlər. Sifariş olunan mallar gələnə qədər onun mallardan xəbəri olmur. Mallarına gəlməsinə karqonun sahibi Emin nəzarət edir və buna görə də Emin məsuliyyətə cəlb olunmalıdır. X3 qeyd etdiklərinin nəzərə alınmasını və bəyan edilməyən malların dövlət nəfinə müsadirə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Abbas Sadıqovu əvvəllər tanımışdır. Abbas Sadıqovun izahatında göstərdiklərini təsdiq edir. Əvvəllər karqoda işləmişdir hazırda işləmir. O, malları Astara gömrüyündən qəbul etdiyini bildirmişdir. Karqonun bütün işlərinə Emin nəzarət edir. O, sadəcə olaraq gömrükdən malı götürüb sahibinə çatdırmaqla karqo işini həyata keçirir. Buna görə də sifariş olunmuş mallara dair ətraflı məlumatı olmur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X4 inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və həmin vəzifəli şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-nin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata görə ********** nömrəli VÖEN X5 məxsusdur və hazırda aktivdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 30 mart 2024-cü il tarixdə 10:15 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42BX424/42ZA170 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ-scan 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma şöbəsinin əməkdaşları İbrahimov Vüsal və Hüseynov Natiq tərəfindən gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı, sözügedən rentgen qurğusunun monitorunda dördkünc formalı 1 ədəd karton qutuda şübhəli cizgilər göründüyündən həmin qutulara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə avtomobilin yük hissəsində X4 adına **********2082 nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində 6 yer, 450 ədəd Quran kitabları bəyan olunduğu halda, həmin qutunun içərisində 1 yerdən ibarət qara rəngli selofan paketdə gömrük orqanına bəyan edilməyən 1330 ədəd gümüşə bənzər üzüklər və 80 ədəd dördkünc qutuların içərisində boyunbağı klonla birlikdə aşkar edilmişdir. İş materiallarında olan yoxlama aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yoxlama xx.xx.2024-cü il tarixdə saat 10:15-də başlanılmış, yoxlama nəticəsində **********2082 nömrəli gömrük bəyanəməsinin 2-ci mal mövqeyində 6 yer, 450 ədəd Quran kitabları bəyan olunduğu halda, həmin qutunun içərisində 1 yerdən ibarət qara rəngli selofan paketdə gömrük orqanına bəyan edilməyən 1 №-li üzük 200 ədəd, 2 №-li üzük 100 ədəd, 3 №-li üzük 100 ədəd, 4 №-li üzük 100 ədəd, 5 №-li üzük 100 ədəd, 6 №-li üzük 100 ədəd, 7 №-li üzük 98 ədəd, 8 №-li üzük 95 ədəd, 9 №-li üzük 100 ədəd, 10 №-li üzük 98 ədəd, 11 №-li üzük 95 ədəd, 12 №-li üzük 94 ədəd, 13 №-li üzük 50 ədəd, 1 №-li boyunbağı və klon 80 ədəd aşkar olunmuşdur. Yoxlama xx.xx.2024-cü il tarixdə saat 15-00-da radələrində başa çatmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-6/1947-9/2744 nömrəli məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1337 ədəd üzüyün və 79 ədəd kulon-boyunbağının metalı qiymətsiz metal ərintisindən hazırlanmışdır, üzüklər üzərində olan daş-qaşlar qiymətli daş-qaşlara aid deyil. Bijuteriya hesab olunurlar. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5862,00 manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, İran İslam Respublikası Astaradan 200,00 kq mallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan olunur və həmin mallar X7 tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 482.1-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər başa düşülür. Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində X4 maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan mallar dövlət nəfinə müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar