Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3406/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: 25 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, tələbkar əvvəl lombard işlətmişdir. Tələbkardan 11300 manat borc almışdır. Ödədiyi 4280 manatdan əlavə, 1 il müddətində sələm ödəmişdir. Hazırda ödəniş edə bilməyəcəyini məhkəməyə bildirmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs notarial qaydada rəsmiləşdirməklə ümumilikdə, 11300 manat borc vermişdir. Ailələr arasında razılaşmışlar ki, həmin borcu bağlamaq üçün ayda 200 manat ödəniş edəcəklər. Sonuncu dəfə ödəniş 30 sentyabr 2023-cü il tarixdə olmuşdur və həmin tarixə kimi 11300 manatdan cəmi 4280 manat ödəniş edilmişdir. 7020 manat isə hazırkı tarixədək borc olaraq qalmış və ödənilməmişdir. Odur ki, məhkəmədən borcun tam olaraq ödənilməsinin təmin edilməsini xahiş edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Suraxanı Rayon İcra şöbəsi tərəfindən “icra sənədinin icraata qəbul edilməsi haqqında” qərar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə “tələbin könüllü icrası haqqında” bildirişin göndərilməsini təsdiq edən, eyni zamanda hansı tədbirlərin görülməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. İkinci növbədə, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrasına dair bildirişin borcluya rəsmi qaydada təqdim edilməsini təsdiq edə biləcək heç bir sübut iş materiallarında yoxdur. Eyni zamanda Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru Nümayəndə sms bildiriş vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak edərək Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib etdiyi 25 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokolu müdafiə etməmişdir. Üçüncü növbədə isə məhkəmə qeyd edir ki, borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün elektron sistemdən əldə edilmiş portal çıxarışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ********** VÖEN nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aylıq olaraq 841.14 manat müqabilində inşaat fəhləsi vəzifəsində çalışması göstərilsə də, tələbkara ödənilməsi üçün 7020 manat borc onun əmək haqqına yönləndirilməli olduğu halda, o cümlədən borclu Şəxs həqiqətən işsiz olması ilə bağlı sənəd əldə edilmədən, materialda olan ziddiyyət aydınlaşdırılmadan, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olması yoxlanılmadan onun barəsində 25 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə yuxarıda göstərilən halları araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi icra tədbirlərinə düzgün riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə tərəfindən həmçinin müəyyən olunur ki, borclunun əmək haqqı İcra haqqında Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, icra məmuru tərəfindən tələb borclunun əmək haqqına yönəldilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yeri barədə şəxsin kartoçkasından əldə edilmiş məlumatı əhəmiyyətli sayır. Belə ki, icra sənədləri üzrə məbləğlərin onun əmək haqqına yönəldilməsi ilə bağlı zəruri tədbirlərin icra məmuru tərəfindən görülüb-görülməməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə yekun qərara təsir göstərə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun icra sənədləri üzrə icraata başlanılması məsələlərini tənzimləyən 8-ci maddəsinə, o cümlədən 8.2-ci maddəsinin tələblərinə görə «İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir». Yuxarıda qeyd olunduğu kimi böyük icra məmuru tərəfindən müvafiq qərarın və bildirişin borcluya rəsmi qaydada göndərildiyi və ya şəxsən təqdim edildiyi iş materialları ilə müəyyən olunmur. Məhkəmə həmçinin hesab edir ki, mövcud vəziyyətdə, yəni borcluya hətta qanunla nəzərdə tutulmuş könüllü icra üçün rəsmi qaydada vaxt verilmədiyi bir halda onun barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi, inzibati xəta haqqında protokol tərtib edilməsi də yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 25 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3406/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3406/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver