Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3416/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakları ilə, 28 sentyabr 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4Z87H2P, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 17 iyul 2024-cü il tarixdə X1 Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə daxil olmuşdur. 17 iyul 2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərardadı ilə Emil Mahmudzadənin şikayəti toplanmış material ilə birlikdə ərazi aidiyyəti üzrə Suraxanı rayon Məhkəməsinə göndərilmiş, 29 iyul 2024-cü il tarixdə X1 şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 05 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 manat məbləğində cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında X3 ərizə təqdim edərək yaşayış yerinin Suraxanı rayonunun inzibati ərazisinə aid olmasını əsas gətirərək onun işinə İXM-nin 110.1-ci maddəsinə əsasən Suraxanı rayon məhkəməsində baxılmasını xahiş etmiş, məhkəmə tərəfindən şəxsin yaşayış yeri ünvan 2 ünvanı olduğundan İXM-nin 110.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə Suraxanı rayon məhkəməsində baxılması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış, şikayət vermiş X3 göstərdi ki, 12 aprel 2024-cü il tarixdə idarə etdiyi ** XV *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil ilə Kürdəmir-Bakı avtomagistralı ilə hərəkətdə olan zaman Kürdəmir rayonu ərazisində postda DYP əməkdaşları tərəfindən saxlanılmış, ödənilməmiş cərimənin olduğuna görə avtomobilin saxlanılması barədə qərar qəbul edildiyi bildirilmişdir. O, isə həmin cərimə barədə məlumatsız olduğunu bildirərək dərhal həmin cəriməni yerindəcə ödəmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona əlavə heç bir məlumat bildirilmədən nəzakətli şəkildə yola salınmışdır. Lakin bir müddət hərəkət etdikdən sonra, Nəvai rayonu ərazisində postda yenidən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu dəfə isə ona ödənilməmiş cəriməyə görə sürücülük hüququnun məhdudlaşdırıldığı bildirilərək, nəqliyyat vasitəsinin cərimə meydançasına təmin edilməli olduğu bildirilmişdir. O, isə artıq cəriməni Kürdəmir rayonu ərazisində olan zaman ödədiyini, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı ona heç bir məlumat verilmədiyini, sürücülük vəsiqəsinin Kürdəmir rayon ərazisində onu saxlayan polis əməkdaşları tərəfindən təhvil alınmadığını bildirmiş və buna görə də nəqliyyat vasitəsi ilə sərbəst surətdə hərəkətini davam etdirdiyini qeyd etmişdir. Buna baxmayaraq polis əməkdaşları tələblərində təkidli olmaqla maşını duracağa yerləşdirəcəklərini bildirmişlər. O, isə öz növbəsində o zaman, maşında onunla birlikdə olan sərnişində sürücülük hüququnun olduğunu bildirərək, (postdan müvafiq görüntülərin götürülərək baxış keçirilməsini xahiş edir) bunun qanunsuz olduğunu, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin qanuni əsasının olmadığını bildirmişdir. Polis əməkdaşı isə ona Baş X6 İdarəsindən Cəmil müəllimin göstərişi olmadan avtomobili verməyəcəklərini bildirmiş və barəsində sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə tətbiq etmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşaları tərəfindən qanunsuz olaraq Baş X6 İdarəsinə göndərilmişdir. Belə olan halda polis əməkdaşlarına qanunun tələblərini izah edə bilmədiyinə və mübahisə yaranacağı halda barəsində əlavə olaraq polisin qanuni tələblərinə əməl etməyən şəxs kimi protokol tərtib ediləcəyindən ehtiyat edərək məcburi sərnişinlərlə birlikdə yola taksi ilə davam etmişdir. Bakı şəhərinə gəldikdən sonra isə nəqliyyat vasitəsinin buraxılması ilə bağlı Cəmil müəllimin qəbulunda olan zaman, ona rüşvət qismində 300 manat verməyini və bunun müqabilində ona avtomobilin duracaqdan buraxılması üçün müvafiq icazə tolununun veriləcəyini bildirmişdir. O, isə maddi vəziyyətinin o pulu verməyə imkan vermədiyini, olacağı halda belə ölkə rəhbərliyinin korrupsiya ilə bağlı apardığı mübarizəyə vətəndaş dəstəyi olaraq onun rüşvət vermək kimi bir niyyətinin olmadığını bildirmişdir. Ərizənin məzmunu ilə tanış olmadan yersiz mübahisədən yayınmaq üçün eləcə də ədalətli məhkəmə araşdırmasına inandığı üçün polis əməkdaşının tələblərinə əməl edərək ərizəni yazıb otaqdan çıxmışdır. Yazdığı ərizənin nəticəsi olaraq məhkəmənin barəsində sürücülük hüququnun məhdudlaşdırıldığı tarixdən sonrakı dövrlərə aid maşını idarə etdiyi müxtəlif tarixlərə uyğun xx.xx.2024-cü il tarixli 4 fərqli qərar qəbul edərək hər biri üzrə 300 manat olmaqla ümumilikdə 1200 manat məbləğində cərimə edilmişdir. Bəli ola bilər ki, bu çox gülməli görünsün ama o, 10 manat cəriməyə görə Nəvai postunda yazılan cərimə ilə birlikdə ümumi 1500 manat cərimə edilmişdir. Hansı ki, həmin cərimə barədə bildirilsə idi, dərhal ödəyərdi. Barəsində əsassız olaraq tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X3 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupu tərəfindən barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş itirilmiş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, 25 iyun 2024-cü il tarixli Binəqədi rayon Məhkəməsinin qərardadı ilə müraciəti geri qaytarılmış, daha sonra yenidən şikayət ərizəsi və itirilmiş müddətin bərpası ilə bağlı 15 iyul 2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, 17 iyul 2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərardadı ilə şikayət toplanmış material ilə birlikdə ərazi aidiyyəti üzrə Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Buna görə də məhkəmənin 08 avqust 2024-cü il tarixli qərardadı ilə X1 vəsatəti təmin olunmuş və 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Emil Mahmudzadə tərəfindən verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət bərpa edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə Emil Mahmudzadənin şikayəti rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Qeyd olunmalıdır ki, cərimənin məbləği 27 may 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman 300 manat olmuşdur. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-221/2024 saylı qərarından görünür ki, X1 həmin tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Suraxanı rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı ilə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə 30 yanvar 2024-cü il tarixli qərara xitam verilmişdir. Azərbaycan Respublikası DİN-nin DYP Web Portalından görünür ki, X1 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdı. Beləliklə, işdə olan sübutlarla və məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur, X3 barəsində 05 mart 2024-cü il tarixdə İXP ******* seriyalı İXM-nin 332.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 əməli Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-221/2024 saylı qərarı və DYP Web Portalının məlumatı ilə də təsdiq olunur. Yəni o, 30 yanvar 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək faktiki olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir İXM-nin 38-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə törədilən inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X6nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X6 İdarəsinin, X6 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X6 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X3 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün tərtib edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X1 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin YPX İnzibati qrupunun polis kapitanı X2 tərəfindən qəbul edilmiş 27 may 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3416/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3416/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver