Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3418/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, 01 noyabr 1985-ci ildə Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1FX03JQ, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, X1 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli qərar qəbul olunmuşdur. Həmin inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin qəbul etdiyi 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. 29 iyul 2024-cü il tarixdə X1 Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında X2 ərizə verərək onun yaşayış yeri üzrə Suraxanı rayon məhkəməsində işə baxılmasını xahiş etmiş, məhkəmə tərəfindən şəxsin yaşayış yeri ünvan 2 ünvanı olduğundan İXM-nin 110.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə Suraxanı rayon məhkəməsində baxılması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 izahatında göstərdi ki, vəkillik fəaliyyəti ilə məşğul olur. “X8” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü idarə edir. xx.xx.2024-cü il tarixdə onun elektron ünvanına mülkiyyətində olan “X8” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi kimi, Bakı şəhəri, Xətai rayonu, Nobel (8 Noyabr) Pr 65 küçəsində hərəkətdə olduğu zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə (Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə) əlli manat məbləğində cərimə olunmağı haqda məlumat daxil olmuşdur. Asanpay.az saytında olan şəxsi kabinetinə baxdıqdan sonra bəlli olmuşdur ki, ona məxsus “X8” markalı, ** KT *** dövlət nömrəli avtomobillə Nobel (8 Noyabr) Prospektində hərəkətdə olarkən yolun sağ tərəfində olan yol patrul xidməti avtomobilinə quraşdırılan “İ-Patrul” sistemi onu radara salıb. Halbuki, hərəkətdə olduğu zaman həmin yolda müəyyən edilmiş sürət həddini aşmamışdır, hətda həmin yolda hərəkət sürətini ölçən radar işarəsi olmadığını bildirmişdir. Belə ki, “X5” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı quraşdırılmalıdır. Həmin Qanuna əsasən servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. "Qanunvericiliyə əsasən, radar yerləşdirilən ərazidə öncə radar işarəsi quraşdırılmalıdır. “Əgər radar həmin işarə quraşdırılan ərazidən kənar yerdə quraşdırılıbsa, bu qanunsuzdur”. Bildirmişdir ki, artıq bir neçə aydır şəhərin müxtəlif küçə və prospektlərində, eyni zamanda Nobel (8 Noyabr) prospektində yolların yenidən tikiməsi və asfalt örtüyünün yenilənməsi işləri aparılır. Bu səbəbdən yollarda avtomobillərin nəinki yüksək sürətlə idarə olunması, əksinə hərəkət məhdudiyyəti vardır. Hesab edir ki, yol patrul xidməti əməkdaşının onun barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında protokol və qərar qərəzlidir. Yol patrul əməkdaşları tərəfindən qanunsuz olaraq cərimələnmiş, onun kimi yüzlərlə yol-nəqliyyat iştirakçısı vaxtını və zamanını bu işlərin araşdırılmasına sərf etmək məcburiyyətindədir. Qanunsuz olaraq qərar qəbul edən yol patrul xidməti əməkdaşları öz vəzifələrindən su-istifadə edirlər. Onların bu hərəkəti nəticəsində həm vətəndaşların hüquqları pozulur, həm də əsassız şikayətlərin verilməsinə səbəb olmaqla məhkəmənin iş yükünü artırmış olur. Hesab edir ki, barəsində qəbul edilmiş İXM-nin 328.2-ci maddəsi tətbiq edilə bilməzdi. Çünki o, həmin yolda müəyyən edilmiş sürət həddini aşmamış və hərəkət sürətini ölçən radar işarəsi yoxdur. xx.xx.2024-cü il tarixli, EQ 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə Bakı şəhəri, Nobel prospekti 65 ünvanında ərazidə 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının olubolmaması, əgər vardırsa harada yerləşməsi ilə bağlı sorğu göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq qeyd olunan ərazinin fotoşəkilləri təqdim olunmuşdur. Fotoşəkillərdən görünür ki, həmin ərazidə maksimum sürətin məhdudlaşdırılması yol nişanı və informasiya lövhəciyi mövcuddur. Lakin X5 Qanuna əsasən 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının harada və hansı məsafədə quraşdırılması barədə cavab verilməmişdir. Buna görə də nəqliyyat vasitəsinin sürət həddini aşmasına görə radara düşdüyü yer ilə 3.24 yol nişanının və radar informasiya stendinin quraşdırıldığı yer arasındakı məsafənin Qanunda qeyd olunan məsafəyə uyğun olmasını müəyən etmək mümkün olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına görə Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin qəbul etdiyi 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh tətbiq etmə haqqında 23 iyul 2024-cü il tarixli qərarını, iş materiallarında olan qərarın qəbul olunduğu küçənin fotoşəkillərini nəzərdən keçirib sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, X2 tərəfindən yol hərəkəti qaydalarının pozulması və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə hazırkı vəziyyətdə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Qanunun 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Hazırkı iş üzrə X1 məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel (8 Noyabr) Pr 65 ünvanında hərəkət sürətini ölçən radar işarəsi və maksimum sürətin məhdudlaşdırılması yol nişanı həmin ərazidə olmayıb ondan xeyli əvvəldə olmuş, növbəti yol ayrıcına kimi qüvvədə olmuşdur. X5 Qanunun 64-cü maddəsinin Vİ bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş fotoşəkillərdən görünür ki, həmin ərazidə hərəkət sürətini ölçən radarın mövduluğu barədə informasiya stendi və 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı mövcuddur. Bu hal isə işi araşdıran vəzifəli şəxs tərəfindən düzgün araşdırılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamış, mövcud sübutlar isə iş üzrə ziddiyyətli halların yaranmasına səbəb olmuşdur. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul olunmuş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə qərar kifayət qədər mötəbər sübutlar toplanmadan qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, 23 iyul 2024-cü il tarixli, EQ seriyalı 22528930 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunaraq qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, 23 iyul 2024-cü il tarixli, EQ seriyalı, 22528930 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3418/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3418/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver