Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3426/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialla müəyyən edilir ki, Şəxs “Telegram” internet informasiya ehtiyatında “Xaqocan” adı ilə qeydiyyatdan keçdiyi səhifədə 23 iyul 2024-cü il tarixdə X3 əri X6 tərəfindən Abşeron rayonu ərazisində yaşadıqları hündürmərtəbəli evin eyvanından qəsdən atılaraq öldürülməsi faktı üzrə X3 yerləşdirildiyi xəstəxanada olarkən çəkilmiş zorakılığı təbliğ edən videosunu 28 iyul 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda paylaşaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-cu bəndinə əsasən zorakılığın təbliğinə dair məlumatlar yayılmasına yönələn açıq çağırışlar qadağan edildiyi halda, həmin məlumatı internet informasiya ehtiyatlarının istifadəçisi kimi yerləşdirərək yaymış, bununla da Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, “NezaretTV.az”' saytı Şahvələd Əsgərov tərəfindən təsis edilmiş və həm də sədrdir. O, həmin sayta təxminən 1 il əvvəl icraçı direktor vəzifəsinə təyin edilmiş, hazırda eyni vəzifəni icra edir. Onun vəzifəsi saytın işinə nəzarət etmək və zəruri senzuralara riayət edilməsini təmin etməkdir. Bundan başqa o, bloqerdir, “instagram”, “tik-tok”, “youtube” sosial şəbəkəsində və “teleqram" proqramında yaratdığı kanalda məlumatlar yayır. Əsasən xeyriyyəçilik işləri ilə məşğul olur. Bununla bağlı pul yığmır, maddi qazancı yoxdur. Bütün sosial şəbəkə platformalarda “Xaqocan” adı ilə qeydiyyatdan keçmişdir. Qazancını özü tərəfindən yaradılmış “can.az” internet səhifəsi vasitəsi ilə səhifədə reklamlar, tanıtımlar edərək əldə edir, rəsmi qeydiyyatdan keçmiş, vergi ödəyicisidir, VÖEN-ü var. Bir neçə gün əvvəl Abşeron rayonu, Xırdalan şəhərində bir nəfər qadının əri tərəfindən yaşadığı hündürmərtəbəli evin eyvanından atılması ilə bağlı xəbər portallarında məlumat yayılmışdır. O, həmin hadisə barədə xəbərlərdən bilmiş, hadisə yerində olmamış, həmin hadisə ilə bağlı zərərçəkmiş şəxsi və ya təqsirləndirilən şəxsi tanımır. Hadisədən bir həftə sonra tanışlarından Fuad adlı şəxs onunla telefonla əlaqə saxlamış, hadisə barədə danışmış və bildirmişdir ki, həmin qadının adı Ayşəndir, Ayşənin əri onu başqa kişi ilə görüşməkdə, xəyanətdə günahlandırıb və eyvandan atmışdır, əslində belə bir hadisə olmamış, təqsirləndirilən şəxs Ayşənin guya etiraf videosunu çəkmiş, bu ailənin adına xələl gətirmiş, qadının ailəsi həqiqətin üzə çıxması ilə bağlı ondan kömək istəmiş, onunla danışmaq istəmişlər. O, Fuad vasitəsi ilə Ayşənin anası və dayısı ilə telefonla danışmış, tərəflər ona hadisədən sonra Ayşənin hadisə barədə danışıq videolarını göndərmişlər və bunları ictimailəşdirməyini istəmişlər. Ona çox saylı videolar göndərmişlər, amma o, həmin videolardan yalnız Ayşənin bir videosunu özünə məxsus “Xaqocan” səhifəsində paylaşmışdır. Onun həmin videonu yalnız “teleqram” sosial şəbəkəsində paylaşmağının səbəbi odur ki, həmin “Xaqocan” səhifədə “vətən xainləri”, sosiallaşan “cinayət xarakterli hadisələri” paylaşır və həmin səhifə “18+” yaş kateqoriyası üçündür. Ona görə də həmin səhifədə yalnız bu xarakterli videolar var. Digər sosial şəbəkələrdə həmin videonu və ya bununla bağlı məlumatları və ya başqa videoları paylaşmamışdır. “Teleqram” proqramında “Xaqocan” adı altında səhifədə Ayşənin hadisədən sonra xəstəxanada çəkilmiş videoyazısını o, çəkməmişdir. Videonu kimin çəkdiyin dəqiq bilmir, videonu ona Ayşən adlı qadının anası atmış, videonu da anasının müraciəti əsasında səhifəyə yerləşdirmişdir. Həmin qadın qızlarının adının bu formada yayılmamasını istədiklərini bildirmişdir. O, bu kimi videoların cəmiyyətə azyaşlılar arasında yayılmaması və cəmiyyətdə aqresiya yaratmaması üçün onu yalnız teleqram səhifəsində “18+” səhifəsində paylaşmış, başqa heç bir sosial şəbəkədə paylaşmamışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı, proses iştirakçılarının izahatlarını və iş materiallarına əlavə edilmiş 01 ədəd diski nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlanılması müddətinin əvvəli 30 iyul 2024-cü il tarixindən saat 19.00-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3426/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3426/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver