Məhkəmə qərarları › İş №3(010)-3428/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3428/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3428/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 iştirakları ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN: ********** hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 31 iyul 2024-cü il tarixdə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 24 iyun 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkarlanmışdır. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X9 tərəfindən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və 31 iyul 2024-cü il tarixdə həmin protokol hüquqi şəxs barəsində olduğundan baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Qeyd olunmalıdır ki, inzibati xəta Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA-2 yaşayış kompleksinin yaxınlığında baş vermişdir. İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddə İnzibati Xətalar Məcəlləsinin 25-ci fəslində Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalara aid edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X9 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə Suraxanı rayonu, MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində qarışıq tullantıların yandırılması nəticəsində tüstünün ətrafa yayılması faktı müəyyən edilmişdir. Araşdırma zamanı yanğın hadisəsini tikintidə sahə rəisi vəzifəsində çalışan Cəbrayıl Nəbiyevin göstərişi ilə həmin tikintidə fəhlə işləyən X11 tərəfindən törədildiyi müəyyən edilmişdir. X6 izahatı alınmış, lakin Cəbrayıl Nəbiyev izahat verməkdən imtina etmiş və buna görə də tərəfindən İXM-nin 271-ci maddəsi ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi vəkil, X10 izahatında bildirmişdir ki, tərtib olunmuş protokolu qəbul edirlər, lakin 24 iyun 2024-cü il tarixdə Suraxanı rayonu, MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində qarışıq tullantıların yandırılması hadisəsi tikintidə sahə rəisi vəzifəsində çalışan Cəbrayıl Nəbiyevin göstərişi ilə həmin tikintidə fəhlə işləyən X11 tərəfindən törədilmişdir. Hüquqi şəxsin bununla əlaqəsi yoxdur. Bildirmişdir ki, tikintidə sahə rəisi vəzifəsində çalışan Cəbrayıl Nəbiyev rəhbərliyin xəbəri olmadan özü şəxsən tikintidə fəhlə işləyən X8 qarışıq tullantıların yandırılması barədə göstəriş vermişdir. Cəbrayıl Nəbiyevin barəsində vəzifəli şəxs kimi protokol tərtib olunmalı olduğunu bildirmişdir. Buna görə də tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X11 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində fəhlə işləyir, sahə rəisi X1 göstərişi əsasında işini icra edir. 24 iyun 2024-cü il tarixdə Suraxanı rayonu, MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində qarışıq tullantıları sahə rəisi vəzifəsində çalışan Cəbrayıl Nəbiyevin göstəriş əsasında yandırmışdır. Hər dəfə həmin boş ərazidə qarışıq tullantıları eyni qaydada yandırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şəxs Qapalı Səhmdar Cəmiyyətində mühəndis vəzifəsində işləyən X7 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətində əmək müqaviləsi ilə sahə rəisi vəzifəsində çalışır. Əli İsmayılov onun tabeliyində fəhlə işləyir və onun göstərişi əsasında işini icra edir. 24 iyun 2024-cü il tarixdə X13 rayonu, MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində qarışıq tullantıları yandırması üçün göstərişi özü vermişdir. Məcburiyyətdən yer olmadığı üçün qeyd olunan əraziyə Əli İsmayılovu qarışıq tullantıları yandırması üçün göndərmişdir. Hüquqi şəxsin rəhbərliyinin onun verdiyi göstərişdən məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli Şəxs Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı məktubundan görünür ki, Suraxanı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, ‘'Tullantılar haqqında” Azərbaycan Respublikası qanunlarının ve digər ekoloji qanunvericilik aktlarının tələbləri ilə bağlı əməkdaşlar tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində qarışıq tullantıların yandırılması nəticəsində tüstünün ətrafa yayılması faktı müəyyən edilmişdir. Araşdırma zamanı yanğın hadisəsinin tərəfinizdən aparılan tikintidə sahə rəisi vəzifəsində çalışan Cəbrayıl Nəbiyevin göstərişi ilə həmin tikintidə fəhlə işləyən X11 tərəfindən törədildiyi müəyyən edilmişdir. Odur ki, inzibati araşdırma ilə əlaqədar xx.xx.2024cü il tarixdə saat 11:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə səlahiyyətli nümayəndənin göndərilməsi xahiş olunmuş, nümayəndə gəlməzsə iştirak olmadan araşdırmanın aparılacağı bildirilmişdir. Qeyd olunan məktub xx.xx.2024-cü il tarixdə İsmayılov soyadlı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan 24-28 iyun 2024-cü il tarixli, № 85538 nömrəli aktdan görünür ki, Hövsan qəsəbəsi, MİDA-2 yaşayış kompleksinin yaxınlığındakı boş torpaq sahəsində sənayə və məişət tullantılarının qalaqlanması və yandırılması nəticəsində tüstünün ətrafa yayılması faktı aşkar olunmuşdur. Hadisəni törədənin Şəxs QSC-də fəhlə işləyən X11 olduğu müəyyən olunmuş və izahatı alınmışdır. X12 izahatında Cəbrayıl Nəbiyevin göstərişi ilə məişət tullantılarının yandırdığını bildirmişdir. İş materiallarında olan X6 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, işlədiyi tikintidə əmələ gələn məişət tullantılarını sahə rəisi Cəbrayıl Nəbiyevin göstərişi ilə Midanın yanındakı boş ərazidə boşaldıb yandırmış və bu hal bir neçə dəfə təkrarlanmışdır. Bunu bilməyərəkdən etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tövsif olunmuşdur. Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli Fərmanın 19-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə), 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X2 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri protokol tərtib etmək səlahiyyətinə malikdir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını, məhkəmə iclasında iştirak etmiş şəxslərin izahatlarını və toplanmış sübutların məcmusunu qiymətləndirərək məhkəmə bu nəticəyə gəlir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Belə ki, iş materiallarına əavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, X7 tikinti üzrə mühəndis vəzifəsinə 27 iyul 2019-cu il tarixdə müddətsiz təyin edilmişdir. İXM-nin 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs olmaqla həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün tabeçiliyində olan işçi X8 göstəriş verməklə inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə şərati yaratmışdır. Aydın məsələdir ki, əmək müqaviləsi ilə işə götürülmüş tikintiyə nəzarət edən mühəndis hüquqi şəxsin rəhbərliyinin yazılı və ya şifahi göstərişi olmadan tikintidə yaranmış tullantıların daşınması, qalaqlanması, yandırılması və sair işləri görə bilməz. Onun izahatında qeyd etdiyi kimi hüquqi şəxsin rəhbərliyinin məlumatı olmadan tabeliyindəki işçiyə şəxsən özünün göstəriş verməsini bildirməsi məhkəmə tərəfindən hüquqi şəxsin böyük məbləğdə inzibati qaydada cərimə olunmaqdan qorumaq məqsədi daşıyır. Ona görə də həmin şəxsin məhkəmə şahid qismində verdiy izahatına məhkəmə tənqidi yanaşaraq hüquqi şəxsi müdafiə xarakterli olmasını nəzərə alıb sübut siyahısından çıxarılmasını zəruri hesab edir. Tullantılar haqqında Azərbaycan Respublikası Qanununa əsasən istehsalat tullantıları dedikdə-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur. Həmin Qanunun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Qanunun 12-ci maddəsinə əsasən şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi] tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN: ********** hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar