Məhkəmə qərarları › İş №3(010)-3433/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3433/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3433/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, prokuror - Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin onu təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X7 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Respublikanın Zaqatala, Balakən, Qax və Şəki rayonları ərazisində dərman preparatlarının satışı işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati icraat aparan orqanın nümayəndəsi X3 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə işə hüquqi şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır; X6 prokurorluğa verdiyi izahatında göstərmişdir ki, 2024-cü ilin mart ayında tanışlarından Şəxs MMC adlı şirkətin işçi axtardığını eşitmiş, orada işləyən Səid adlı şəxslə əlaqə saxlamışdır. Həmin şəxsin istəyi ilə Bakı şəhərinə getməklə Səidin tanış etdiyi Şəxs MMC-nin direktoru Elmir Aslanlı ilə görüşmüşdür. Elmir Aslanlı ilə danışıq zamanı Elmir ona "xxxx"-də vakant olan Tibbi nümayəndə vəzifəsini təklif edərək aylıq 800 manat əmək haqqı verəcəyini, onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. O da razılaşaraq 2024-cü ilin mart ayının 6-dan həmin şirkətin Tibbi nümayəndəsi kimi işləməyə başlamışdır. Əmək funksiyası 4 rayon - Balakan, Zaqatala, Qax və Şəki rayonları üzrə özəl və dövlət xəstəxanalarında işləyən həkimlərlə görüşərək şirkətin reklam etdiyi Zefol A. Bio PMS OK. Natalak və Kardiotemp adlı dərmanları tanıtmaqdan ibarət idi. İş vaxtı səhər saat 09:00-dan 18:00-dək idi. İstirahət günü bazar günü idi. Həftənin 6-cı günü isə qısaldılmış iş günü idi, iş saatı 13:00-da qurtarırdı. İşə başlayan zaman ona əmək müqaviləsi bağlanılacağı bildirilsə də, onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqı hər ayın sonunda karta veriləcəyi bildirilsə də, ona kart təqdim olunmamış, ayın sonu çatdıqda əmək haqqı verilməli olsa da, verilməmiş və ona “kart hələ hazır deyil”, “həftə sonu olduğundan gələn həftə veriləcək, Avro Med və AzerMed adlı şirkətlər Miral MMC-yə ödəniş etməyib hələ” kimi müxtəlif bəhanələr gətirilmişdir. Bu problemlərlə əlaqədar direktor Elmir Aslanlı ilə görüşsə də, o da oxşar bəhanələr gətirmiş, axşam ödəniləcək, növbəti gün səhər ödəniləcək kimi yalanlarla əmək haqqını verməmişdir. 2024-cü ilin aprel ayının 9-u əmək haqqı verilmədiyinə görə onlara işləmədiyini bildirərək işlədiyi günlərə görə onun əməkhaqqını vermədikləri halda şikayət edəcəyini bildirmişdir. Elmir Aslanlı isə Səid vasitəsilə ona şikayət edəcəyi halda əmək haqqını verməyəcəyini bildirmiş, o isə onun təhdidinə qulaq asmadan şikayət etmişdir. Bundan sonra Səid vasitəsilə onun özünə məxsus ABB ASC-nin emissiya etdiyi Tam Kartına 350 manat vəsait köçürmüş və şikayətini geri götürməyini istəmişdir. O, şikayətini geri götürmədiyi üçün 2024-cü ilin iyul ayının 6-sı onun yerdə qalan ödənişi, yəni 550 manatı da həmin karta köçürmüşlər. Gördüyü iş birbaşa olaraq "xxxx"-nin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Belə ki, həmin şirkətin əsas işi 4 ədəd dərmanın – Zefol A. Bio PMS OK, Natalak və Kardiotemp adlı dərmanların tibbi nümayəndələr vasitəsilə reklam etdirməkdən ibarət olmuşdur. O da digər tibbi nümayəndələr olan iş yoldaşları kimi həmin dərmanları ona aid olan 4 rayonda reklamını etmişdir. Şəxs MMC-nin direktoru X7 izahatında göstərmişdir ki, 2018-ci ildə "xxxx"-ni təsis etmişdir və həmin MMC-nin direktorudur. MMC-nin əsas fəaliyyəti qida əlavələrinin topdan satışını həyata keçirməkdən ibarətdir. MMC əsasən Bakı şəhəri ərazisində fəaliyyət göstərir. O, 2024-cü ilin mart ayında MMC-nin fəaliyyətini regionlara genişləndirmək istəmişdir. Bundan ötrü MMC-nin meneceri Səidə regionlarda satışı həyata keçirmək üçün şəxslər tapmasını tapşırmışdır. Səid Şəki-Zaqatala regionunda satışı həyata keçirməkdən ötrü Orxan Qondalov adlı şəxsi tapmışdır. O, Orxanla bir dəfə görüşmüş və ona sınaq müddəti təyin edəcəyini, əgər aylıq minimum 200 qutu qida əlavəsi satacağı təqdirdə onu işə götürərək əmək müqaviləsi bağlayacağını bildirmişdir. Orxan da onunla razılaşmışdır. Lakin növbəti 2 ay ərzində Orxan çox aşağı dərəcədə satış həyata keçirmiş və heç 50 qutu da dərman əlavəsi satmamışdır. O da buna görə Orxanla əmək müqaviləsi bağlamamışdır. Lakin Orxana satışı həyata keçirdiyi 2 aya görə xidmət haqqı vermişdir. Belə ki, o, Səidə regionlardakı satışa görə 2100 manat ödəmişdir ki, şəxslərin xidmət haqqlarını versin. Orxan Qondalovun izahatında göstərdikləri doğru deyildir. O, Şəxs MMC-də sınaq müddətinə təyin edildiyi üçün əmək müqaviləsi bağlanmamışdır. Əgər kifayət qədər satış həyata keçirə bilsəydi onunla əmək müqaviləsi bağlanacaqdı. Lakin o, kifayət qədər satışı həyata keçirə bilmədiyinə baxmayaraq ona xidmət haqqı ödənilmişdir. Şəxs MMC-də regional menecer X2 izahatında göstərmişdir ki, o, 2024-cü ilin aprel ayından Şəxs MMC-də regional menecer vəzifəsində işləyir. MMC-nin əsas fəaliyyəti qida əlavələrinin topdan satışını həyata keçirməkdən ibarətdir. MMC əsasən Bakı şəhəri ərazisində fəaliyyət göstərir. O işə başladıqdan sonra Şəki-Zaqatala regionunda satışı həyata keçirməkdən ötrü Orxan Qondalov adlı şəxsi tapmışdır. O, Orxanla bir neçə dəfə telefon əlaqəsi saxlamış və bu barədə direktor Elmir Aslanlıya bildirmişdir. Elmir Aslanlı da ona sınaq müddəti təyin edəcəyini, aylıq minimum 200 qutu qida əlavəsi satacağı təqdirdə onu işə götürərək əmək müqaviləsi bağlayacağını bildirmişdir. Orxan da razılaşmışdır. Lakin növbəti 2 ay ərzində Orxan çox aşağı dərəcədə satış həyata keçirmiş və heç 50 qutu da dərman əlavəsi satmamışdır. Bu səbəbdən Orxanla əmək müqaviləsi bağlanmamışdır. Lakin Orxana satışı həyata keçirdiyi 2 aya görə xidmət haqqı verilmişdir. Orxan Qondalovun izahatında göstərdikləri doğru deyildir. O, Şəxs MMC-də sınaq müddətinə təyin edildiyi üçün əmək müqaviləsi bağlanmamışdır. Əgər kifayət qədər satış həyata keçirə bilsəydi onunla əmək müqaviləsi bağlanacaqdı. Lakin o, kifayət qədər satışı həyata keçirə bilmədiyinə baxmayaraq ona xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar