Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3436/2024 20.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X22 tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X22 tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 31 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X5 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin (Bakı şəhər İdarəsinin) xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərar və inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli protokol tamamilə əsassızdır və qanunvericiliyə və işin faktiki hallarına zidd olaraq tərtib edilmişdir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri vəzifəsində çalışır və xx.xx.2023-cü il tarixdə bələdiyyəyə təhkim olunmuş sosial işçi X14 ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00-da Əmircan Bələdiyyəsinə gələrək davamiyyət jurnalına imza etmiş, sonra təyin olunduğu əraziyə Malik Mustafayev küçəsinə getmiş, saat 13:15 radələrində nahar fasiləsinə gedən zaman ayağı burxularaq yıxılmışdır. Yoldan keçən sürücülərdən biri avtomobili saxlayaraq onu Sabunçu xəstəxanasına aparmış, lakin xəsarəti ciddi olmadığından xəstəlik vərəqəsi açılmamış və oradan evə getmiş, bu barədə iş yerinə məlumat verməmişdir. Bakı şəhər İdarəsində Nuranə Ağayevanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilmədən araşdırma zamanı baş vermiş hadisə barədə işəgötürənə məlumat verməsini qeyd etməsi üçün ona vəzifəli şəxs təzyiq edərək yönəltmişdir. Göründüyü kimi X14 təsir altında olarkən araşdırma zamanı izahat vermişdir. Digər tərəfdən qeyd edir ki, İXM-nin 555.1-ci maddəsinin dispozisiyasına istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi kimi təsbit edilmişdir. İşin faktiki hallarından isə məlum olur ki, xx.xx.2024-cü il tarixində istehsalatda hər hansı bədbəxt hadisə baş verməmişdir. Hadisə nahar fasiləsində baş vermiş, hadisə barədə onun məlumatı X19 Xidmətində araşdırma aparılan zaman olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: baş vermiş bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Yəni, qaydalara əsasən istehsalatda bədbəxt hadisə əmək vəzifəsini istehsal sahəsində yerinə yetirərkən baş verməli və bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlıq qəflətən və kəskin pozulmalıdır. Hazırkı halda bunların hər hansı biri mövcud deyil: İşçinin yıxılması istehsal sahəsində baş verməyib, işçinin yıxılması əmək vəzifələrinin icrası zamanı baş verməyib, işçinin yıxılması nahar fasiləsində baş verib, işçinin yıxılması kənar ərazidə baş verib, işçinin yıxılması nəticəsində xəsarət alması (hər yıxılmaq xəsarət almaq demək deyil, müvafiq həkim rəyi olmalıdır) bəlli deyil, bu haqda hər hansı həkim rəyi yoxdur, işçi nahar fasiləsi zamanı öz təşəbbüsü ilə evinə gedirmiş, işçi xəsarət alması ilə bağlı işəgötürənə məlumat verməyib, yalnız özünü narahat hiss etdiyini bildirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarına əsasən hətta işçi öz təşəbbüsü ilə nahar fasilələrində idman etdiyi zaman xəsarət alsaydı belə bu istehsalatda baş vermiş bədbəxt hadisə sayılmayacaqdır. Yəni qaydalar nahar fasiləsini xüsusi vurğulayır ki, başqa vaxt həmin hadisə bədbəxt hadisə sayıla bilər, amma nahar fasiləsi istisnadır. Digər tərəfdən isə hətta bədbəxt hadisə baş versə idi belə, işçi hadisənin təfərrüatı ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsində göstərilən vəzifələrini yerinə yetirməyib, onu məlumatlandırmayıbsa, burada işəgötürənin günahı nədir? Göründüyü kimi Bakı şəhər İdarəsinin vəzifəli şəxsi işin faktiki hallarını, həmçinin mühüm əhəmiyyət kəsb edən halları düzgün araşdırıb sübuta yetirmədən formal mülahizələrdən çıxış edərək yəni İXM-nin 555.1-ci maddəsinin dispozisiyasına istinad edərək iş üzrə inzibati tənbeh tətbiq edərək qərar qəbul etmişdir. Qərarın işə baxılarkən müəyyən edilmiş halların əsaslandırılmaması barədə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı inzibati tənbeh vermə haqqında qərarı tərtib edilərkən vəzifəli şəxs tərəfindən heç bir əsaslandırma aparılmamışdır. Belə ki, qərarın işə baxılarkən müəyyən edilmiş hallar hissəsinə nəzər saldıqda görə bilərik ki, konkret olaraq göstərilməli olan inzibati xətanın mahiyyəti ümumi sözlərlə ifadə edilmişdir. Belə olan halda heç bir əsas olmadan inzibati məsuliyyətə cəlb olunma və cərimə edilmə barədə qəbul edilmiş qərar qanunsuz olmuşdur. İnzibati tənbeh vermə haqqında protokolun surəti rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən həmin protokolla tanış ola bilməmiş, protokola öz qeyd və etirazlarını əlavə edə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin Regional ərazi şöbəsi tərəfindən Məcəllənin bu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Həmin maddənin növbəti bəndində qeyd olunur ki, “İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində vurğulanıb ki, “İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Maddənin tələbindən aydın olur ki, qəbul edilmiş qərarın qanuni və əsaslılığı məhkəmə tərəfindən şikayət əsasında yoxlanılır. Azərbaycan Respubliikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilir. Beləliklə də hesab edir ki, sadalanan qanunun normalarına əsasən barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X17 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti (Bakı şəhər İdarəsinin) xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan qərar və inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli protokol tamamilə əsassızdır, qanunvericiliyə və işin faktiki hallarına zidd olaraq tərtib edilmişdir. Şikayətində qeyd etdiyi xüsusatları təsdiq edir. İşin faktiki hallarından məlum olur ki, xx.xx.2024-cü il tarixində istehsalatda hər hansı bədbəxt hadisə baş verməmişdir. Bildirmişdir ki, inzibati xəta haqqında protokolun rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən həmin protokolla tanış ola bilməmiş, protokola öz qeyd və etirazlarını əlavə edə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin Regional ərazi şöbə tərəfindən Məcəllənin bu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Beləliklə də hesab edir ki, sadalanan qanunun normalarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi və nümayəndəsi X18 izahatında göstərmişdir ki, X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti (Bakı şəhər İdarəsinin) xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsinə xx.xx.2023cü il tarixdə təhkim olunmuş sosial işçi X14 xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində nahar fasiləsinə gedən zaman ayağı burxularaq yıxılmış və xəsarət almışdır. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxs "X32" Publik Hüquqi şəxsin drektoru Nurəngiz Bəşirova X13 xx.xx.2024-cü il tarixdə məlumat verərək bildirmişdir ki, vətəndaş X14 cərrahi profilli qəbul şöbəsinə xx.xx.2024-cü il tarixdə saat 12:50-də “Sağ mil-bilək oynağının əziyi” diaqnozu ilə ambulator müraciət etmişdir. Bundan sonra X14 dəvət olunaraq izahatı alınmışdır. Əmircan bələdiyyəsinin sədri X5 barəsində 16 iyul 2024-cü il tarixdə protokol tərtib olunmuş və həmin protokol əsasında qərar qəbul olunmuşdur. Belə ki, iş materiallarında olan işçmi qüvvəsinin tmin edilməsinə dair sazişdən görünür ki, xx.xx.2019-cu il tarixdə üçtərəfli saziş əsasında işçilərin işə qəbul olunması qeyd edilmiş, 27 yanvar 2023-cü il tarixli aktdan isə görünür ki, Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva ilə Suraxanı MKTB-nin rəisi Mais Məmmədov arasında akt tərtib edilmişdir. DOST İş Mərkəzi MMC-yə işə qəbul olunmuş, əmək müqavilələri bağlanan şəxslər ictimai işlərə cəlb olunmaları məqsədi ilə Əmircan Bələdiyyəsinə təhkim olunurlar. Əmircan Bələdiyyəsi isə işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının qanunvericiliyə uyğun tam yerinə yetirilməsini, işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsini, iş yerində sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasını, normal əmək və istirahət rejiminə riayət edilməsini, fərdi əmək mühafizə vasitələrinin verilməsini təmin edərək işçi qüvvəsini ictimai işlərə cəlb edilməsi üçün qərar qəbul edir. İşə qəbul tarixi 23 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək müəyyən edilmiş, lakin 10 yanvar 2019-cu il tarixli sazişdə sazişin qüvvədə olma müddətinin 1 il nəzərdə tutulması, 1 il müddət bitdikdən sonra isə saziş eyni müddətə avtomatik uzadılır, bu şərtlə ki, bu sazişin şərtlərinə uyğun olaraq qabaqcadan ləğv edilməsin. Cəmilə Ağayeva işəgötürən kimi işçinin iş vaxtında və nahar fasiləsi də daxil olmaqla əməyin təhlükəsizliyinə cavabdeh şəxsdir, həmin gün nahar fasiləsindən sora işə gələ bilməyən Nuranə Ağayeva ilə maraqlanmamış, əgər maraqlanmış olsaydı məlumatı olardı ki, o, işdə yoxdur, olmamağının səbəbi isə iş yerində xəsarət almasıdır. Nuranə bu barədə iş yoldaşına məlumat vermiş, o, isə 22 may 2024-cü il tarixdə işə çıxmasını demişdir. Həmçinin qeyd edir ki, Nuranə Ağayevanın aldığı xəsarət özünün və Cəmilə Ağayevanın dediyi kimi nahar fasiləsində olmamış, tibb müəssisəsinin verdiyi məktubda qeyd olunan kimi yəni saat 12:50-də olmuşdur. O cümlədən maddənin dispozisiyasından da göründüyü kimi İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən X19 Xidmətinə məlumat verilməli idi. Əmək Müfəttişliyi xidməti isə araşdırma apararaq müəyyən etməli idi ki, hadisə və xəsarət istehsalatda baş verən bədbəxt hadisə sayılırmı. Qeyd olunanları nəzərə alıb X5 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi X5 yaşayış yeri Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev döngəsi ev 13-dür. Bununla da müəyyən olunur ki, X17 tərəfindən şikayət aidiyyəti üzrə düzgün məhkəməyə verilmişdir. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X17 tərəfindən 23 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət 31 iyul 2024-cü il tarixdə verilmiş və bununla da şikayət vermə müddətinin ötürülmədiyi müəyyən edilmişdir. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan işçi qüvvəsinin təmin edilməsinə dair sazişdən görünür ki, bu saziş (bundan sonra “Saziş”) xx.xx.2019-cu il tarixində aşağıdakı tərəflər arasında bağlanmışdır: Azərbaycan Respubikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" əsasında fəaliyyət göstərən və Suraxanı Rayon icra Hakimiyyətinin başçısı X23 şəxsində təmsil olunan Suraxanı Rayon icra Hakimiyyəti (bundan sonra “Rayon İcra Hakimiyyəti”), Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, X24 şəxsində təmsil olunan (bundan sonra “İcraçı”); və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınmış, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və direktoru X7 şəxsində təmsil olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN ********** (bundan sonra “Mərkəz”). İcraçı dedikdə Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunan, ictimai işləri birbaşa icra edən və işçilərə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan tədbirləri təmin edən dövlət orqan və təşkilatı, hüquqi və fiziki şəxslər başa düşülür. “Əməyin Mühafizəsi” dedikdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə uyğun olaraq işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan Texniki Təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemi başa düşülür. Hər hansı şübhəyə yol verməmək üçün, Əməyin Mühafizəsi termini “Texniki Təhlükəsizlik” terminini də ehtiva edir və bu tərifin məqsədləri üçün “Texniki Təhlükəsizlik” dedikdə, “Texniki təhlükəsizlik haqqında” 2 noyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə uyğun olaraq vətəndaşların və cəmiyyətin vacib həyatı maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti başa düşülür. (“Əməyin Mühafizəsi üzrə Məsul Şəxs” dedikdə, bu Sazişin 5.4 və 5.5-ci Maddələrinə uyğun olaraq İcraçı tərəfindən Əməyin Mühafizəsi ilə əlaqədar vəzifələrin icrası məqsədilə təyin olunan və Əməyin Mühazifəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs başa düşülür. “İctimai İşlər” dedikdə, 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə müvafiq olaraq işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə həmin Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri nəzərdə tutulur. Bu Sazişin məqsədləri üçün və İctimai işlərə daxildir: (a) ərazilərin təmizlənməsi və ya abadlaşdırılması; (b)yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq, (c) ahıllara; əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət. “İşçi Qüvvəsi” və ya “İşçi” dedikdə, bu Sazişə uyğun olaraq Mərkəz tərəfindən işə qəbul edilən və İcraçı tərəfindən İctimai İşlərə cəlb olunan az ixtisaslı və ya ixtisassız işçi(-lər) başa düşülür. “İş Yeri” dedikdə, Rayon İcra Hakimiyyəti yaxud icraçı tərəfindən müəyyən edilən və işçi Qüvvəsi tərəfindən İctimai İşlərin icra edilməli olduğu açıq və ya qapalı sahə və ya yer başa düşülür. İcraçı İşçi Qüvvəsini İctimai İşlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir. İcraçı işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdir. İcraçı öhdəsinə götürür ki, Əməyin Mühafizəsi ilə əlaqədar bu sazişdə müəyyən edilmiş vəzifələrin icrası məqsədilə Əməyin Mühafizəsi üzrə Məsul Şəxs təyin edəcək və Əməyin Mühazifəsi qaydalarına riayət edilməsi vəzifəsini Əməyin Mühafizəsi üzrə Məsul Şəxsə həvalə edəcək. İcraçı həmçinin öhdəsinə götürür ki, Əməyin Mühafizəsi üzrə Məsul Şəxsi bütün qanuni tələblərlə tam şəkildə tanış edəcək və ona Əməyin Mühafizəsi qaydaları pozulduğu halda mülki, inzibati və cinayət məsuliyyəti müəyyən edən normalar barədə yazılı məlumat verəcək. Əməyin Mühafizəsi üzrə Məsul Şəxsi iş yerində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, bu sahədə tədbirlərin keçirilməsinə, Əməyin Mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyasının mövcud qanunvericiliklərinə, təlimatlarına, norma və qaydalarına riayət olunmasına gündəlik nəzarəti həyata keçirir. İş Yerlərində əmək şəraitinin öyrənilməsinin, qoruyucu qurğuların texniki vəziyyətinin yoxlanmasını təşkil edir. İstehsalat zədələrinin, peşə xəstəliklərinin təftişində və təhlilində, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Fərdi və kollektiv mühafizə vasitələrinin, texnoloji və quraşdırıcı ləvazimatların tətbiqinə və vəziyyətinə, İş Yerinin təhlükəsizlik plakatları və işarələri ilə təmin olunmasına nəzarət edir. Əməyin Mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə qaydaların, təlimatların və standartların təbliğatını təşkil edir. X1ydaları üzrə biliklərinin vaxtında yoxlanılmasına nəzarət edir. İş materiallarında olan İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları təsdiq edilmişdir. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon MKTB-nin 27 yanvar 2023cü il tarixli aktın məzmunundan görünür ki, aşağıda imza edən tərəflər: Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi-bir tərəfdən, ikinci tərəf- Əmircan Bələdiyyəsinin sədri, həmin aktı tərtib edirik ondan ötəri ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 314 saylı “Suraxanı rayonunda açılmış ödənişli ictimai faydalı iş yerlərinə işçi qəbuluna, ictimai işlərin təşkil olunmasına, əmək haqlarının ödənilməsinə nəzarət edilməsi məqsədilə komissiyanın yaradılması haqqında” Sərəncamın icrası ilə əlaqədar aşağıda adları qeyd olunan "xxxx" MMC-yə işə qəbul olunmuş, əmək müqavilələri bağlanan şəxslər içtimai işlərə cəlb olunmaları məqsədi ilə Əmircan Bələdiyyəsinə təhkim olunurlar. Əmircan Bələdiyyəsi isə işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının qanunvericiliyə uyğun tam yerinə yetirilməsini, işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsini, iş yerində sağlam sanitariyagigiyena şəraitinin yaradılmasını, normal əmək və istirahət rejiminə riayət edilməsini, fərdi əmək mühafizə vasitələrinin verilməsini təmin edərək işçi qüvvəsini ictimai işlərə cəlb edilməsi üçün qəbul edir. Habelə işçilərin hər aym sonunda davamiyyət cədvəlinin hazırlanması, MKTB-nə təqdim olunması və əmək haqqı kartlarından kənar adamların istifadəsi hallarının qarşısının alınmasına nəzarət Əmircan Bələdiyyəsinə həvalə edilir. İş materiallarında olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxs "X32" Publik Hüquqi şəxsin direktoru X8 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə göndərdiyi xx.xx.2024-cü il tarixdə 18-1-17/2-2555/2024 nömrəli məktubundan görünür ki, vətəndaş X14 cərrahi profilli qəbul şöbəsinə xx.xx.2024-cü il tarixdə saat 12-50-də “Sağ mil-bilək oynağının əziyi” diaqnozu ilə ambulator müraciət etmişdir. İş materiallarında olan X21 X19 Xidmətinə İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan 22 may 2024-cü il tarixli məlumatdan görünür ki, X2 Bələdiyyəsində iş yerində yıxılmış və xəsarət almışdır, ona sağ biləyin əziyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan X4 xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə işə gəlmiş və işə başlamışdır. Nahara getmək üçün saat 13:15 radələrində işdən çıxmış, yolu keçərkən avtomobilə fikir verməmiş və özünü yerə atmışdır. Kənardan keçən şəxs onu yerdən qaldırmış və avtomobilinə mindirərək X28 aparmışdır. Müayinə zamanı sağ biləyinin əzildiyini bildirmişlər. Həkim tərəfindən hər-hansı müalicə təyin olunmamışdır. Sonra onu xəstəxanaya çatdıran tanımadığı şəxs onu evə aparmışdır. Evə çatmış və iş yerinə zəng edərək yüngül xəsarət aldığını bildirmiş, iş yerindən ona dincəlməsini bildirmişlər. xx.xx.2024-cü il tarixdən işə çıxaraq işlərinin icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Baki şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə göndərdiyi 04 iyun 2024-cü il tarixdə № 01-9/98 nömrəli məktubundan görünür ki, 3-17-5/2-34099/2024 saylı, 31 may 2024-cü il tarixli məktuba Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. X14 23 yanvar 2023cü ildə '‘DOST İŞ” Mərkəzi tərəfindən işə qəbul olunmuş və Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən Əmircan Bələdiyyəsinə təhkim edilmişdir. X14 21 may 2024-cü il tarixində səhər saat 09-00-da işə gəlmişdir. Əmircan bələdiyyəsində qeydiyyat dəftərinə imza çəkdikdən sonra təhkim olunduğu Atamoğlan Rzayev küçəsinə getmişdir. Saat 13:15 radələrində işini bitirib nahar fasiləsinə gedən zaman iş yerindən kənarda, Malik Mustafayev küçəsində yolu keçərkən ayağı burxularaq yıxılmışdır. Yoldan keçən maşınlardan biri maşını saxlayıb işçini 3 saylı Sabunçu Şəhər Xəstəxanasına aparmışdır. Həkimlərin müayinəsi zamanı heç bir xəsarət aşkar edilməmişdir. Əmək qabiliyyətinin itirilməsi ilə bağlı vərəqə açılmamışdır. Müayinədən sonra işçi evə gəlmiş, bundan sonra hadisə barədə Əmircan Bələdiyyəsinin rəhbərliyi tərəfindən briqadir təyin olunan X15 məlumat vermişdir. xx.xx.2024-cü tarixdən əmək funksiyasının icrasını davam etdirmişdir. İş günlərinin uçotu tabelində xx.xx.2024-cü il tarixində iş günü kimi qeyd olunmamışdır. Baş verənlər barədə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan məlumatdan görünür ki, X14 idarə rəhbərliyinin ona ünvanladığı suallarına cavab olaraq bildirmişdir ki, hadisə saat 13:15-də baş vermiş, xəstəxanaya saat 13-15-dən sonra müraciət olunmuş və nahar fasiləsində evə getmək məqsədi ilə yolu keçdiyini bildirmişdir. İş materiallarında olan X4 Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri X9 yazdığı ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə iş yerindən çıxıb evə nahara gedən zaman yolu keçərkən ayağı burxularaq yerə yıxılmışdır. Qolunu yoxlamaq üçün Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanada məlum olmuşdur ki, heç bir zədəsi yoxdur. Saat 6dan sonra axşamlar həmişə olduğu kimi “Halal süfrədə” qab yuyub pul qazanmışdır. Buna görə də yıxılmağı və həkimə getməyi ilə bağlı məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X10 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi və nümayəndəsi X11 dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 tərəfindən X5 barəsində qəbul olunmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X5 məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə saat 13:15-də iş yerindən çıxıb evə nahara gedən zaman yolu keçərkən ayağı burxularaq yerə yıxılmış və xəsarət almışdır. Lakin iş materiallarında olan 10 iyul 2024-cü il tarixli X26 məktubunda isə Nuranə Ağayevanın müraciətinin 21 may 2024-cü il tarixdə saat 12:50-də olmasıl müəyyən edilmişdir. Bundan başqa İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarına əsasən İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Göründüyü kimi Nuranə Ağayev iş yerində deyil işdən nahar fasiləsinə çıxan zaman öz işlərini görmək üçün gedən zaman öz ehtiyatsızlığından xəsarət almışdır. Həmçinin İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən işçinin şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən xəsarət alması istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Bundan başqa maddənin dispozisiyasında qeyd olunmuş istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi hissədinə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi X17 tərəfindən işçi Nuranə Ağayevanın xəsarət alması ilə bağlı məlumat ona verilməmiş, onun yalnız X19 Xidmətində araşdırma aparılan zamanı məlumatı olmuşdur. Göründüyü kimi inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qeyd olunan ziddiyyətli xüsusatlar ətraflı araşdırılmamış, inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmilə Ağayevanın araşdırmada iştirakı təmin edilməmiş, 16 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, 23 iyul 2024-cü il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati orqan barəsində protokol tərtib etmiş şəxsin iştirakını təmin etməmiş, İXM-nin 61 və 100-cü maddələrinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X17 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X16 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X5 əməlində hazırkı vəziyyətdə İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını deməyə əsas vermir. İXM-nin 555.1-ci maddəsi ilə bağlı işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXMnin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, ziddiyyətli hallar aradan qaldırılmadığından 23 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. X5 əməlində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, 23 iyul 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3436/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3436/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver