Məhkəmə qərarları › İş №3(010)-3441/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3441/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3441/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, X1nun iştirakı ilə, X2 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ YPX İnzibati qrup tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 aprel 2024-cü il tarixdə Kürdəmir Bakı trası ilə hərəkətdə olan zaman Kürdəmir rayonu ərazisində postda DYP əməkdaşları tərəfindən saxlanılmış, ödənilməmiş cəriməsi olduğuna görə avtomobilin saxlanılması barədə qərar qəbul edildiyi bildirilmişdir. O həmin cərimə barədə məlumatsız olduğunu bildirərək dərhal həmin cəriməni yerindəcə ödəmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona əlavə heç bir məlumat bildirilmədən o yola salınmışdır. Lakin bir müddət hərəkət etdikdən sonra Nəvai rayonu ərazisində yenidən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu dəfə isə ona ödənilməmiş cəriməyə görə sürücülük hüququnun məhdudlaşdırıldığı bildirilərək nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğu deyilmişdir. O isə cəriməni Kürdəmir rayonu ərazisində olan zaman ödədiyini, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı ona heç bir məlumat verilmədiyini, sürücülük vəsiqəsinin Kürdəmir rayonu ərazisində onu saxlayan polis əməkdaşları tərəfindən təhvil alınmadığını bildirmiş və buna görə də nəqliyyat vasitəsi ilə sərbəst surətdə hərəkətini davam etdirdiyini qeyd etmişdir. Buna baxmayaraq polis əməkdaşları tələblərində təkidli olaraq maşını duracağa yerləşdirəcəklərini bildirmişlər. O isə öz növbəsində maşında onunla birlikdə olan sərnişinin sürücülük hüququnun olduğunu bildirərək bunun qanunsuz olduğunu bildirmişdir. Polis əməkdaşı Xırdalan polisinin göstərişi olmadan avtomobili verməyəcəklərini bildirmiş və barəsində sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə tətbiq edilmişdir. Sonradan ona məlum olmuşdur ki, o, polis əməkdaşları tərəfindən qanunsuz olaraq Xırdalana göndərilmişdir. Belə olan halda polis əməkdaşlarına qanunun tələblərini izah edə bilmədiyinə və mübahisə yaranacağı halda barəsində polisin qanuni tələblərinə əməl etməyən şəxs kimi əlavə protokol tərtib ediləcəyindən ehtiyat edərək məcbur olaraq sərnişinlərlə birlikdə yola taksi ilə davam etmək məcburiyyətində qalmışdır. Bakı şəhərinə gəldikdən sonra isə nəqliyyat vasitəsinin buraxılması ilə bağlı qəbulda olan zaman ondan 300 manat verməsi və bunun müqabilində ona maşının duracaqdan buraxılması üçün müvafiq icazə veriləcəyi bildirilmişdir. O isə maddi vəziyyətinin o pulu verməyə imkan vermədiyini, olacağı halda belə bu pulu vermək kimi niyyətinin olmadığını bildirmişdir. Onun sözlərindən sonra əməkdaş tələb etdiyi 300 manatı ala bilməməsinin heyfini, “sənə tələb etdiyin qanunun tələblərinə uyğun bir neçə cərimə yazaram, o da olar qanun” ifadəsini işlədərək qarşısında olan komputerdə bir müddət axtarış etdikdən sonra bir neçə şəkil çıxararaq qarşısına ərizə qoymuş və imzalamağını tələb etmişdir. Ərizənin məzmunu ilə tanış olmadan yersiz mübahisədən yayınmaq üçün tələblərinə əməl edərək ərizəni yazıb otaqdan çıxmışdır. Yazdığı ərizənin nəticəsi olaraq məhkəmənin barəsində sürücülük hüququ məhdudlaşdırıldığı tarixdən sonrakı dövrlərə aid maşını idarə etdiyi müxtəlif tarixlərə uyğun xx.xx.2024-cü il tarixli 4 fərqli qərar qəbul edilərək hər biri üzrə 300 manat olmaqla, ümumilikdə 1200 manat məbləğində cərimə edilmişdir. Beləliklə o, 10 manat cəriməyə görə Nəvai postunda yazılan cərimə ilə birlikdə ümumi 1500 manat cərimə edilmişdir. Hansı ki həmin cərimə barədə ona məlumat verilsə idi dərhal ödəyərdi. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Zığ şossesi ünvanında “Toyota Prius” minik markalı, 99XV296 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsinə görə və nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Zığ şossesi ünvanında “Toyota Prius” minik markalı, 99XV296 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edilməsinə görə və nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 300 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cərimənin qanunsuz yazıldığını, bir xətaya görə bir neçə cərimə tətbiq olunduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 342.6-cı maddələri ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar