Məhkəmə qərarları › İş №3(010)-345/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-345/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-345/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 və icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Şəxs, 15 yanvar 1981-ci ildə Gürcüstanın, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 6B nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)- 2879/2020 nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş 26 may 2007-ci il təvəllüdlü X5 və 12 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 iyun 2020-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin Şəxs X1 xeyrinə tutulması müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 17 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. 17 fevral 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Şəxs ödəniş etmək üçün ona vaxt verilməsini xahiş etdiyindən məhkəmə iclası 01 mart 2021-ci il tarixə, saat 15:00a təxirə salınmış və bu barədə Şəxs şəxsən məhkəmə bildirişi təqdim edilmişdir. Lakin Şəxs 01 mart 2021-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 12 mart 2021-ci il tarixə, saat 12:15-ə təyin edilmiş və Şəxs qeydiyyatda olmaqla yaşadığı ünvan üzrə - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 6B nömrəli evə məhkəmə bildirişi göndərilmişdir. Şəxs 12 mart 2021-ci il tarixə, saat 12:15-ə təyin edilmiş məhkəmə iclasına da gəlmədiyinə görə inzibati işin baxılması təkrarən təxirə salınaraq, 31 mart 2021-ci il tarixə, saat 15:20-ə təyin edilmiş və Şəxs təkrarən məhkəmə bildirişi göndərilmişdir. Buna baxmayaraq Şəxs hər hansı bir üzrlü səbəb olmadan 31 mart 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına da gəlməmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi qərara alınmış, habelə iş üzrə icraat dayandırılmışdır. Hazırda Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən Şəxs məhkəməyə məcburi gətirilməsi təmin edildiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, o, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq o, tələbkarla barışmaq istəyir və bu istiqamətdə real cəhdlər edir. Məhz buna görə də o, bir müddət icra sənədi üzrə aliment ödəməmişdir. Habelə o, məhkəməyə gəlməli olduğundan məlumatsız olduğundan məhkəmə iclaslarına gəlməmişdir. Belə ki, sahə rəsinin bir zəngi ilə o, sahə rəisinin yanına oradan isə sonuncu ilə birlikdə məhkəməyə gəlmişdir Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Öz növbəsində tələbkar elktron qaydada şikayət ərizəsi ilə müraciət edərək borclunun barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Borclunun 17 fevral 2021-ci il tarixə icra sənədi üzrə aliment borcu 2.720 manat təşkil etmişdir. Borclu barəsində inzibati protokol tərtib edildiyi tarixdən hal-hazıra kimi də heç bir ödəniş etməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş 26 may 2007-ci il təvəllüdlü X5 və 12 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 iyun 2020-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin Şəxs onun xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr gətirərək icra sənədini icra etmir. Onun borclu ilə barışmaq niyyəti yoxdur və o, yaranmış aliment borcunun birdəfəlik ödənilməsini tələb edir. Sonda X.Ş.Əfəndiyeva borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, birgə nikahdan anadan olmuş 26 may 2007-ci il təvəllüdlü X5 və 12 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 iyun 2020-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin Şəxs X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 12 oktyabr 2020-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, həmin qərar Şəxs şəxsən təqdim edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 12 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(010)-2879/2020 nömrəli icra sənədində göstərilən tələbin könüllü olaraq dərhal icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. 17 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 fevral 2021-ci il tarixə icra sənədi üzrə aliment borcu 2.720 manat təşkil etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 26 may 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar