Məhkəmə qərarları › İş №3(010)-346/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-346/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-346/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 iştirakı ilə, Şəxs, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 8A nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, 41 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 17 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Siyəzən rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(059)- 751/2015 nömrəli məhkəmə əmrinə və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(010)-556/2018 nömrəli qətnaməsinə dair icra sənədlərini üzürsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(010)-556/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə hər ay 100 manat ödəniş edir. Siyəzən rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(059)- 751/2015 nömrəli məhkəmə əmrinə əsasən isə onunla yanaşı iki nəfərdən də müştərək qaydada pul tutulmuşdur. Lakin icra məmuru digər iki nəfərdən də icra sənədinin icrasını tələb etməli olduğu halda, yalnız ondan icra sənədinin icrasını tələb edir. O, məhkəmənin qərarlarına hörmətlə yanaşır, öhdəliyinin icrasından qərəzli olaraq yayınmır. Lakin heç yerdə işləmədəyindən maddi imkanı aşağı olduğuna görə icra sənədlərini icra edə bilmir. Sonda Şəxs əməlində qərəzliliyin olmadığını nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya hər bir icra sənədini 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlərlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədlərini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədləri üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(059)-751/2015 nömrəli məhkəmə əmrindən görünür ki, X2, X1 və Şəxs müştərək qaydada cəmi 8.572 manat 67 qəpik məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 05 dekabr 2015-ci il tarixli qərardan görünür ki, Siyəzən rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(059)- 751/2015 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclular X6, X3 və Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etmələri təklif edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(010)-556/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs və X4 müştərək qaydada cəmi 21.444 ABŞ dolları 78 sent ödənilən gün ABŞ dollarının AZNə məzənnəsi nəzərə alınaraq AZN-lə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində vəsait "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 05 dekabr 2015-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(010)-556/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclular Şəxs və X7 icranı 10 gün müddətinə könüllü olaraq təmin etmələri təklif edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. İş materiallarından isə görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru 20 fevral 2016-cı ildə borclunun adına daşınar əmlakın, 26 sentyabr 2018-ci il tarixdə bank hesabında pul vəsaitinin olub-olmaması barədə müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə və “Kapital Bank” açıq səhmdar cəmiyyətinə sorğular verməklə, habelə borclunun izahatlarını almaqla kifayətlənmiş, lakin bundan sonrakı təxminən 02 il ərzində hər hansı bir icra tədbirləri görməmişdir. Məhkəmə hesab edir ki, icra sənədlərinin icra edilməsinə nail olmaq üçün bütün lazımi tədbirlər görmədən Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Siyəzən rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli, 2(059)- 751/2015 nömrəli məhkəmə əmrinə və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(010)-556/2018 nömrəli qətnaməsinə dair icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar