Məhkəmə qərarları › İş №3(010)-3465/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3465/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3465/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, X1, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X7, X2, Borclu Şəxs nümayəndəsi Dimitri Kapanadzenin iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, eüv 9A, mənzil135 ünvanında qeydiyyatda olan Şəxs rəhbəri Dimitri Kapanadze barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Dimitri Kapanadze Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 644/2023 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-644/2023 saylı icra sənədi Nizami rayon İcra şöbəsində 13 iyul 2023-cü il tarixdə icraata başlanılmış, 16 oktyabr 2023-cü il tarixdə aidiyyəti üzrə Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin aid olduğu qətnamə məhkəmə qaydasında mübahisələndirilmiş, Ali Məhkəmə Nizami Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Elektron icra portalında borclunun və hüquqi şəxsin əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Həmçinin hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırıldığı məlum olmuşdur. Hüquqi şəxsin bank hesabına inkasso sərəncamı göndərilmiş, amma hüquqi şəxsin bank hesabında müvafiq vəsait olmadığından sərəncam icra olunmadan geri qaytarılmışdır. Hüquqi şəxsin rəhbəri Dimitri Kapanadzenin olduğu yer müəyyən olunmadığından və o, Gürcüstan vətəndaşı olduğundan barəsində axtarış qərarı qəbul edilmiş, 21 iyun 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq İcra şöbəsinə gətirilmişdir. İcra şöbəsində olarkən ona icra sənədində olan tələbin ödənilməsi təklif edilmiş, borclu 1000 manat ödəyəcəyini, qalan məbləği tələbkarla qarşılıqlı razılıq əsasında hər ayın 29-u 1000 manat ödəyəcəyini bildirmiş, bununla bağlı ondan iltizam alınmışdır. Bundan bir ay sonra, yəni 29 iyul 2024-cü il tarixdə Dimitri ilə əlaqə yaradılmış, 400 manat ödəyəcəyini, hüquqi şəxsin borcu üçün məsuliyyət daşımadığını bildirmişdir. 05 avqust 2024-cü il tarixdə onunla əlaqə yaradılmış, borcu ödəməsi bildirilmiş, imkanı olmadığını, ayda 300-500 manat ödəyəcəyini bildirmişdir. Tələbkara bu barədə məlumat verilmiş, tələbkar bununla razılaşmamış, onun barəsində inzibati protokol tərtib olunması tələbini irəli sürmüşdür. Dimitri protokol tərtib olunması barədə məlumatı olduqdan sonra 300 manat ödəmiş, yəni ümumilikdə 1700 manat ödəniş etmiş, hal-hazırda 5700 manat ödənilməmişdir. Dimitri hissə-hissə ödəmək istəsə də, tələbkar bununla razı deyil, çünki bundan əvvəl hər ay 1000 manat ödənilməsinə tələbkar razı olmuş, amma Dimitri iltizamı pozmuşdur, buna görə də tələbkar ödənilməmiş borcun tam məbləğdə ödənilməsini tələb edir. Göstərilənlərə əsasən borclu hüquqi şəxsin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-644/2023 saylı icra sənədində göstərilən tələbin ödənilməsi ilə bağlı hüquqi şəxsin rəhbəri Dimitri Kapanadzeyə bundan əvvəl güzəşt etmiş, ondan iltizam alınmış amma o, iltizamı pozmuşdur. Dimitrinin borcu ödəməyə maddi imkanı var, buna görə də ona olan borcun hissə-hissə yox, tam ödənilməsini tələb edir. Borclu Şəxs rəhbəri Dimitri Kapanadze məhkəmə iclasında izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-644/2023 saylı icra sənədində olan və ödənilməmiş qalan bütün borcu birdəfəlik ödəməyə imkanı yoxdur, hazırda üç yüz manat ödəniş edə bilər, ayın 29-na qədər iltizamda göstərildiyi kimi 1000 manat ödəniş edə bilər, ümumiyyətlə borcu hissə-hissə ödəyə bilər. iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-644/2023 saylı icra sənədinin surətindən görünür ki, X3 xeyrinə Şəxs MMC-dən 7400 manat vəsait tutulmalıdır; icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-644/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borcluya göndərilmişdir; borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1982-ci il təvəllüdlü Dimitri Kapanadze barəsində axtarış elan edilmişdir; Suraxanı rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclu Şəxs MMC-nin "xxxx" ASC və”Unibank” ASC-də olan hesablarına inkasso sərəncamı göndərilmişdir; xx.xx.2024-cü il tarixli iltizamın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMCnin direktoru tərəfindən 1000 manat ödənilmiş, o, hər ayın 29-u 1000 manat ödəməyi öhdəsinə götürmüşdür; işə əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, 1000 manat və 29 iyul 2024-cü il tarixdə 400 manat ödəniş olunmuşdur; Elektron icra sistemində olan çıxarışın surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC və rəhbəri Dimitri Kapanadzenin əmlak məlumatı yoxlanılmış amma mükiyyətində olan əmlak aşkar olunmamışdır; Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, borclunun izahatları və işdə olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-644/2023 nömrəli icra sənədinin icrasını tam təmin etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşılmasına dəlalət edir. Bununla da, borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraatın başlanıldığı, bu barədə bildirişin borcluya rəsmi qaydada təqdim edildiyi halda, borclunun qeyd olunan müddətdə icra sənədini icra etməməsi, məhz inzibati məsuliyyətə cəlb edildikdən sonra, məhkəmə iclasında 300 manat pulu ödəmək niyyətində olduğunu bildirməsi, onun icra vərəqəsinin icrasına səhlənkar yanaşmasına və laqeydlik göstərməsinə dəlalət edən haldır. Borclunun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, borclu İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs rəhbəri Dimitri Kapanadze Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri Dimitri Kapanadze Bakı şəhər Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar