Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3480/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş-leytenantı X1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ali təhsilli, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində saxlanılarkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş-leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 26 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş-leytenantı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları xidmətdə olan zaman saat 14:00-da ünvan 2 ünvanın yaxınlığında bir nəfər şəxsin telefonla danışarkən ucadan nalayiq küçə söyüşləri söyməklə ictimai asayişi pozaraq xırda xulıqanlıq hərəkətləri törətməsini görüb ona yaxınlaşmışlar. Polis əməkdaşları mülki geyimdə olduqlarından özlərini təqdim edib onu nizam-intizama dəvət edərək qanunsuz hərəkətlərinə son qoyması barədə xəbərdarlıq etmişlər. Həmin şəxs onların polis əməkdaşı olduğunu bildikdə daha da aqressiv formada öz hərəkətlərinə davam etdiyi üçün o, polis idarəsinə dəvət olunmuşdur. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmiş, səs-küy salaraq ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmiş, polis əməkdaşları ilə idarəyə getməkdən imtina etmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Baş İdarəyə gətirilmiş və xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanın yaxınlığında əsəbi olduğu üçün telefonla ucadan danışaraq nalayiq ifadələr işlədərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona ictimai yerdə ucadan nalayiq ifadələr işlətməyin qanun pozuntusu olduğunu bildirərək onu baş idarəyə dəvət etmişlər. Bu zaman o, polis əməkdaşlarının sözlərinə məhəl qoymamış və idarəyə getməyəcəyini bildirmişdir. Sonra polis əməkdaşları onu idarəyə aparmışlar. Etdiyi hərəkətlərinə görə polis əməkdaşlarından üzr istəmişdir. Sonda Şəxs etdiyi hərəkətlərinə görə polis əməkdaşlarından üzr istəməsini, himayəsində iki azyaşlı övladının olmasını və əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı psixi və ya fiziki təzyiq göstərilməmiş, iş materialında olan izahatı özü yazmış və imzalamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən XACMİ-nin əməliyyat müvəkkili, polis mayoru X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdəiş yoldaşı Mahmud Yusifovla birlikdə xidmətdə olan zaman saat 14:00-da ünvan 2 ünvanın yaxınlığında bir nəfər şəxsin telefonla danışarkən ucadan nalayiq küçə söyüşləri söyməklə ictimai asayişi pozaraq xırda xulıqanlıq hərəkətləri törətməsini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib onu nizam-intizama dəvət edərək qanunsuz hərəkətlərinə son qoyması barədə xəbərdarlıq etmişlər. Həmin şəxs onların polis əməkdaşı olduğunu bildikdə daha da aqressiv formada öz hərəkətlərinə davam etdiyi üçün və şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün o, polis idarəsinə dəvət olunmuşdur. Lakin vətəndaş onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmiş, səs-küy salaraq ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Həmin şəxs saxlanılaraq, Baş İdarəyə gətirilmişdir. Baş idarədə müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları xidmətdə olan zaman saat 14:00-da ünvan 2 ünvanın yaxınlığında bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söyməklə ictimai asayişi pozaraq xırda xulıqanlıq hərəkətləri törətməsini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib onu nizam-intizama dəvət edərək qanunsuz hərəkətlərinə son qoyması barədə xəbərdarlıq etmişlər. Həmin şəxs onların polis əməkdaşı olduğunu bildikdə daha da aqressiv formada öz hərəkətlərinə davam etdiyi üçün o, polis idarəsinə dəvət olunmuşdur. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan nəlayiq ifadələr işlətmiş, səs-küy salaraq ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Baş İdarəyə gətirilmişdir. Baş idarədə müəyyən olunmuşdur ki, həmin şəxs 13.11 1989-cu ildə Naxçıvan MR-da anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 42, mənzil 23-də yaşayan qeydiyyatda olan Şəxsdur. Qeyd olunanları nəzərə alaraq, Şəxs qanunsuz hərəkətləri barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, şahidin izahatını və iş materialında olan sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatları, şahid izahatı, inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məhkəmə tərəfindən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki o, ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etmiş və xidməti vəzifələrini icra edən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, buna görə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 26 avqust 2025-ci il tarixdən, saat 14:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 26 avqust 2025-ci il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 26 avqust 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3480/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3480/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver