Məhkəmə qərarları › İş №3(010)-351/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-351/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-351/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, X5 karxanası, 191 nömrəli evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ji və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən, sonunju 26 yanvar 2021-ci il tarixdə, səhər saat 08 radələrində “Mercedes Benz E280” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyinə görə, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt onun spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən, sərxoşluq vəziyyəti ACE-Z markalı İN-642135 nömrəli alkotesterlə yoxlanıldıqda, qanında alkoqolun konsentrasiyasının 0.477 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 3(010)-351/2021 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsi tərəfindən şikayətə baxılması üçün 3(010)- 351/2021 saylı iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16.05.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 3(010)-351/2021 saylı qərarı ləğv edilmişdir. İnzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati material rayon məhkəməsinə 29.06.2021-ci il tarixində qaytarılmış və məhkəmə tərəfindən işin yenidən baxışı 09.07.2021-ci il tarixinə saat 10:00-a təyin edilmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qərarı qəbul edilərkən, ona məhkəmənin vaxtı və yeri barəsində məlumat verilməmiş, onun məhkəmədə iştirakı təmin edilməmişdir. O, 26 yanvar 2021-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Mercedes Benz E280” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman yol patrul xidməti inspektoru tərəfindən saxlanılmışdır. DYPİ-nin inspektoru onu saxlayan zaman o, təhlükəsizlik kəmərini taxmış və spirtli içki qəbul etməmişdir. Belə ki, DYPİ-nin inspektoru 26.01.2021-ci il tarixdə səhər saat 8 radələrində onu qanunsuz saxlamış və alkotesterlə yoxlamışdır. Alkotesterin nəticələrini ona göstərmədən maşını və sənədlərini almışdır. O, buna etiraz edərək həkimə getməyi tələb etmişdir. Lakin DYPİ-nin əməkdaşı X2 aldadaraq ona imza çəkdirmiş və ona DYPİ-nə getməyi bildirmişdir. Ora gedərkən məlum olmuşdur ki, DYPİ əməkdaşı onu aldatmışdır. Lakin sonradan Respublika Narkoloji mərkəzinə gedib sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktına əsasən ayıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, 26 yanvar 2021-ci il tarixdə, saat 08:57-də, “Mercedes Benz E280” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən, Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642135 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə spirtli içki, pivə qəbul etdiyini, bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini, həkim müayinəsinə ehtiyac olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli, 05232 nömrəli alkotestr müayinəsi çıxarışından görünür ki, Şəxs qanında saat 08:57-də alkoqolun konsentrasiyasının 0.477 promilli olduğu müəyyən olunmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, “Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. İş materiallarında olan şikayət ərizəsinə əlavə edilmiş 26.01.2021-ci il tarixli, 2/978 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 26.01.2021-ci il tarixdə saat 12:45-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 26.01.2021-ci il tarixli, 2/978 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun göstəricələrinə tənqidi yanaşaraq, mövqeyini onunla əsaslandırır ki, 26.01.2021-ci il tarixdə, saat 08:59da aparılmış ilkin müayinə zamanı Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmiş, onun özü də izahatında göstərmişdir ki, alkotesterin göstəricisi ilə razıdır, əlavə müayinəyə ehtiyac yoxdur. Qeyd olunan müayinədən uzun müddət, yəni, 3 saat 46 dəqiqə keçdikdən sonra Şəxs öz təşəbbüsü ilə keçirilmiş sonrakı müayinə ilə isə onun artıq sərxoş olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Şəxs avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi isə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Müəyyən müddət keçməsindən sonra şəxsin artıq sərxoş olmaması faktı onu qeyd olunan maddə ilə məsuliyyətdən azad etmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs məhkəməyə ünvanladığı ərizəsində avtomaşını idarə edərkən sərxoş olmadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə yuxarıda qeyd olunan sübutların məcmusuna əsasən tənqidi yanaşır. X1 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən qeyd olunan maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə ijraata xitam verilməlidir. Eyni zamanda, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi müəyyən olunmadığından, həmin maddə üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar