Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3530/2024 10.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Hüquqi şəxs «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi ünvan 1 ünvanında yerləşən «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada xx.xx.2024-cü il tarixdə saat 13:05-də keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyətin, yəni rentgenoloji iş – vizioqraf fəaliyyətinin aşkar olunması göstərilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 protokolda qeyd olunanları təsdiq edərək, «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, yoxlama aktında və protokolda göstərilən aparat rentgen aparatı deyil, diş üçün foto aparatıdır, belə ki, aparatın funksiyası dişin şəklini çəkərək dişdə çirk və s. olduğunu müəyyən etməyə kömək edir. Aparat işləmir, yəni xarabdır, əgər mütəxəssis aparatı təmir etsə işləyəcək və əgər aparat işləsə, təbii ki, bu barədə müvafiq qurumlardan icazə alacaq. Həmçinin aparat ümumiyyətlə işlək vəziyyətdə olmamışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: qərardan, çıxarışdan və yoxlama suallarının siyahısından görünür ki, ünvan 2 ünvanında yerləşən «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılması qərara alınmış, yoxlama vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama suallarının siyahısı tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, ünvan 2 ünvanında yerləşən «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus stomatoloji otaqda planlı yoxlama zamanı müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətin, yəni rentgenoloji işi (vizioqraf) üzrə fəaliyyət faktı aşkar olunmuşdur; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada xx.xx.2024-cü il tarixdə saat 13:05-də keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət, yəni rentgenoloji iş – vizioqraf fəaliyyəti aşkar olunmuşdur. Nəticədə «X7» Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; iş materiallarına klinikada yerləşən otağın, müxtəlif tibb alətlərinin və fotoaparatın fotoşəkilləri əlavə edilmişdir; xx.xx.2017-ci il tarixli lisenziyanın surətindən görünür ki, «X7» Məhdud Məsluliyyətli Cəmiyyətinə ünvan 2 ünvanında özəl tibbi fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. Həmin fəaliyyət sahələri aşağıdakılardır: terapiya - terapevtik, kardiologiya – kardioloji, dermatologiya – dermatoloji, fizioterapiya – fizioterapevtik, mama-ginekologiya – ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya – terapevtik stomatoloji – ortopedik stomatoloji, şüa diaqnostikası – ultrasəs müayinəsi, laboratoriya – klinik – klinikbiokimyəvi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda istinad edilən xətanın baş vermə şəraitinə dair nəticələr və faktlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları inzibati məsuliyyətə cəlb olunan şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin dispozisiyasından görünür ki, qeyd edilən xəta tərkibinin yaranması üçün a) şəxslər tibb fəaliyyəti ilə məşğul olan şəxslər olmalı ; b) dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilməlidirlər; Məhkəmə sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Planlı yoxlama aktında göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən «X7» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus stomatoloji otaqda planlı yoxlama zamanı müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətin, yəni rentgenoloji işi (vizioqraf) üzrə fəaliyyət faktı aşkar olunmuşdur. Göründüyü kimi, həmin akt stomatoloji otaqda rentgenoloji işi (vizioqraf) üzrə aparatın aşkar edilməsinə əsaslanmışdır. Ən əsası məhkəmə qeyd edir ki, stomatoloji kabinetdə rentgenoloji işi (vizioqraf) üzrə aparat olsa belə, qeyd edilən xətanın baş verməsi kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin dispozisiyasında stomatoloji kabinetdə rentgenoloji işi (vizioqraf) üzrə aparatın olmasının inzibati məsuliyyətə səbəb olması yox, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətin həyata keçirilməsinin inzibati məsuliyyətə səbəb olması göstərilmişdir. Həmin aparatı əks etdirən fotoşəkillə bağlı məhkəmə qeyd edir ki, həmin hal lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə dəlalət etmir. Hüquqi şəxsin nümayəndəsi aparatın işlək vəziyyətdə olmadığını və ümumiyyətlə həmin aparatın xarab olduğunu qeyd etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin MMC-də lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi göstərilsə də, məhz hansı fəaliyyətin, hansı şəkildə, üsulda və qaydada, kimlərə münasibətdə həyata keçirildiyi göstərilməmişdir. Həmçinin, lisenziyadan kənar hər hansı xidmətin göstərilməsi ilə bağlı konkret şəxslərin (xəstələrin və digər şəxslərin) izahatları alınmamışdır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar «X7» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, «X7» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan xatanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs «X7» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata «X7» MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-3530/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3530/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver