Məhkəmə qərarları › İş №3(010)-3547/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3547/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3547/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Cəbrayıl rayonu, Hovuslu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək nalayiq ifdələr işlətmiş, iş fəaliyyətini pozmuş və ölkə başçısını təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 19 avqsut 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi X1 məktub daxil olmuşdur. Məktubda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi nömrəsiz evdə yaşayan Şəxs daxili işlər orqanlarına dəfələrlə eyni gün ərzində zəng etdiyi, qeyri-etik ifadələr işlətdiyi, onunla bağlı tədbir görülməsi və məlumat verilməsi qeyd olunmuşdur. Əvvəlcə həmin şəxs polis əməkdaşları tərəfindən dəvət olunmuş, o, izahatında bildirmişdir ki, qeyrietik ifadələr işlətməmiş, daxili işlər orqanlarının iş fəaliyyətini pozmamışdır. Sonradan 27 avqust 2025-ci il tarixdə təqdim olunan səs yazısında Şəxs Daxili İşlər Nazirliyinə dəfələrlə zəng etdiyi, xəbərdarlıq olunmasına baxmayaraq qeyri-etik ifadələr işlətdiyi, dövlətin rəhbər heyəti və onun ailə üzvlərinə qarşı təhqiredici ifadələr dediyi müəyyən olunmuşdur. Bundan sonra o, polis bölməsinə dəvət olunmuş, Şəxs telefon vasitəsilə gəlməyəcəyini bildirmiş və “nə bilirsiz edin” demişdir. Şəxs Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək operatorlarla qeyri-etik formada danışdığına və daxili işlər orqanlarının fəaliyyətini pozduğuna görə hazırkı protokol tərtib olunmuşdur. O, göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, şərləndiyini düşünür. 06 avqust 2025-ci il tarixdə səhər saatlarında ölümlə təhdid olunmuşdur. Dərhal sonra “102” xidmətinə və DTX-nın 1656 çağrı mərkəzinə dəfələrlə zəng edib məlumat vermişdir. Dəfələrlə zəng etməyinin səbəbi ***-***-**-** və ***-***-**-** nömrəsinə zəng və whatsapp vasitəsi ilə ona “səni gəlib oturduğun yerdən götürəcəyik” bildirilməsi olmuşdur. Daha da qorxuya düşərək “102” xidmətinə dəfələrlə zəng edib tez tədbir görülməsini tələb etmişdir. Məlumatı verdikdən sonra qaynar xəttdəki operatorla qeyri etik danışmamışdır. O, polisə müqavimət göstərməmişdir. O, göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil məhkəmə iclasında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına Şəxs məxsus səs yazısının olduğu 01 (bir) ədəd disk əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Məsimov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məsimov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün məhkəmədə iştirak etdiyi 02 (iki) saata görə 22 (iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhəkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Vəkil məhkum Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 02 (iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 22 (iyirmi iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar