Məhkəmə qərarları › İş №3(010)-356/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-356/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-356/2022 15.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon prokurorunun köməkçisi X2 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi X1 X6 barəsində 10 yanvar 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraat materiallarının aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi ilə bağlı Suraxanı rayon prokurorunun protestinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi X1 10 yanvar 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 07 yanvar 2022-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Suraxanı rayon prokuroru göstərilən qərardan protest verərək onun ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraat materiallarının aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsini xahiş etmişdir. Protestdə qeyd olunur ki, Suraxanı RPİ-nin 32-ci PB-nin manqa komandiri X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 07 yanvar 2022-ci il tarixli protokolla X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində tutulmuş inzibati xətanı törətməkdə, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasında təqsirli bilinmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi X1 10 yanvar 2022-ci il tarixli qərarı ilə X5 cərimə növündə inzibati tənbeh verilmişdir. X6 rayon prokurorluğuna ərizə ilə müraciət edərək barəsində inzibati tənbeh verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X6 barəsində toplanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, X6 26 mart 2005-ci il təvəllüdlüdür, yəni yetkinlik yaşına çatmayan şəxsdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi müəyyən edildikdə toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları Suraxanı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməli olduğu halda yetkinlik yaşına çatmayan şəxs qanunsuz olaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin rəisi tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Suraxanı rayon prokurorunun köməkçisi X3 işin məhkəmə baxışı zamanı protestdə göstərilənlərə uyğun məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Proses iştirakçısını dinləyib, toplanmış materialı nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, protest təmin olunmalıdır. İşin faktiki hallarından görünür ki, X6 26 mart 2005-ci il təvəllüdlüdür, yəni yetkinlik yaşına çatmayıb. Azərbaycan Respublikası İXM-nin 16.1 və 16.2-ci maddələrinə əsasən, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. İşin faktik hallarından görünür ki, bu hal inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin 16-cı maddəsinin tələbləri baxımından araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı rayon prokurorunun protesti təmin olunsun. X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin 10 yanvar 2022-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar