Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-360/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi X4 iştirakı ilə, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X5 göstərilən qərardan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-1719/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. X5 həmin qərardan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 3(010)-1719/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, Sloveniya Respublikasının "KRKA, Tovarna zdravil d.d., Novo mesto" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor vəzifəsində işləyir. xx xxxxxx 2020-ci ildə nümayəndəliyin ofisində olduğu vaxt Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları gəlmiş, onunla və həmin vaxt ofisdə olmuş əməkdaşlarla kobud davranaraq, onun təcili olaraq polis bölməsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarından nə baş verdiyini və hansı səbəbdən polis bölməsinə getməli olduğunu soruşmuş, lakin cavabında onlar «orada səni başa salacaqlar» deyə polis bölməsinə getməsini təkidlə tələb etmişlər. Polis əməkdaşlarından özlərini təqdim etməsini tələb etdiyinə baxmayaraq, sonuncular bundan imtina etmiş. Ona görə də məcburiyyət qarşısında qalıb 102 xidmətinə zəng etmişdir. Həmin xidmətin əməkdaşı telefonda ondan xahiş etmişdir ki, polis əməkdaşından adını soruşsun. Göstərilən xahişə əsasən yenə də polis əməkdaşlarının özlərini təqdim etməsini tələb etmiş, lakin sonuncular hətta bundan sonra belə «mən heç kəsə özümü təqdim etməli deyiləm» deyərək özlərini təqdim etməkdən təkrarən imtina etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu polis bölməsinə aparmış və bildirmişlər ki, barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcək. Onlara izah etməyə çalışmışdır ki, heç bir pozuntuya yol verilməyib. Belə ki, pandemiya ilə əlaqədar nümayəndəliyin 30 nəfərə yaxın işçisinin yalnız 30 faizi işə çıxır. Digər işçilər isə evlərində onlayn qaydada işləyirlər. Bununla yanaşı, şirkətin baş ofisi nümayəndəliyi artıqlaması ilə tibbi maska və dezinfektorlarla təmin edib. Həmçinin nümayəndəliyin ofisində pandemiya ilə əlaqəli zəruri elanlar, maarifləndirici lövhələr yerləşdirilmiş, işçilərin hamısı müvafiq təlimatlandırmadan keçmişlər. Polis bölməsinə bildirmişdir ki, bununla bağlı lazımi sənədləri, bütün sübutları təqdim edə bilər. Lakin bölmədə hətta mobil telefonu belə əlindən alındığına görə heç kəsə zəng edə bilməmişdir. Orada ona «razılaşmağı» təklif etmişlər. O, cümlədən bildirmişlər ki, əgər «razılığa gələrsə» onun işçilərinə İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilə bilər. Belə olan halda nümayəndəliyin hər bir işçisinə görə 100 manat olmaqla cərimə ödəyəcək. Əks təqdirdə, yəni «razılaşmasa» onun özü barəsində həmin Məcəllənin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacaq ki, bunun da cəriməsi 4.000 manatdır. Buna cavab olaraq bildirmişdir ki, nümayəndəliyin 32 nəfər işçisi var. Bunların 70 faizindən çoxu öz evlərində onlayn qaydada işləyirlər. Cavabında ona bildirilmişdir ki, protokollar 32 nəfərin hamısı barədə tərtib edilməlidir. Təbiidir ki, polisin bu «təklifinə» imtina cavabı vermişdir. Bundan sonra onun barəsində İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş protokolda düzəliş edilərək, 211.2 rəqəmi 211.1 kimi yazılmışdır. Beləliklə o, təxminən üç saat ərzində polis bölməsində, guya rəisin onu qəbul edəcəyi adı ilə saxlanılmışdır. Həmçinin ondan tələb edirdilər ki, yazılmış 4.000 manat miqdarında cəriməni dərhal ödəsin. Cavabında bildirmişdir ki, bu məbləğdə pulu yoxdur. Belə olan halda ondan tələb etmişlər ki, dost-tanışından borc alıb cəriməni dərhal ödəsin. Bu zaman halı pisləşmiş və növbətçi hissədə ona dərman vermişlər. Həmçinin polis əməkdaşları onun halının pisləşməsindən qorxub, icazə vermişlər ki, çıxıb getsin. Bundan sonra ona mobil telefonu qaytarılmış, o, nümayəndəliyini əməkdaşlarına zəng etmiş, və sonuncuların köməyi ilə polis bölməsindən çıxıb getmişdir. X5 göstərilənlərlə yanaşı bildirir ki, nümayəndəliyini hər bir əməkdaşı tibbi maska və zəruri dezinfektorlarla təmin edilib. Ümumiyyətlə nümayəndəlik tibb sahəsində fəaliyyətlə məşğul olduğuna görə ofisdə fərdi qoruyuculardan istifadə ilə bağlı məsələlərə çox ciddi yanaşılır. Polis əməkdaşları gəldikləri vaxt da istər onun özü, istərsə də əməkdaşlar tərəfindən pandemiyaya qarşı mübarizə ilə bağlı heç bir pozuntuya yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X5 bildirir ki, nümayəndəliyin bütün işçiləri sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələbləri barədə xəbərdarlıq edilmiş, ofisdə lazımı elanlar vurulmuş, Şirkətin hər bir işçisi maska və dezinfektorlarla təmin edilmiş, nümayəndəlik tərəfindən işçilərin sayı ilə əlaqədar məhdudiyyətlərə də riayət edilərək, bütün bu aylar ərzində ofisdə işçilərin sayı 30% yuxarı olmamışdır. Bu dəlillərin həqiqətə uyğun olub-olmadığına dair polis orqanı tərəfindən hər hansısa araşdırma aparıldığı, yəni polis orqanının material üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırdığı iş materialları ilə müəyyən edilmir. Belə ki, inzibati xətanın mahiyyəti ilə bağlı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda aşağıdakılar qeyd edilir: «17.11.20-ci ildə saat 11.00 radələrində «Ağa center»-də «KRKA»-ya məxsus ofisdə ofisin direktoru X2 rejim qaydalarını pozmuşdur. Eyni protokolda X5 tərəfindən aşağıdakı məzmunda qeyd edilib: «barəmdə tərtib olunmuş protokolla razı deyiləm, heç bir qayda pozuntusu baş verməmişdir». Qeyd olunur ki, inzibati xətanın baş verməsi halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti kimi yuxarıda qeyd olunanlar yazıldığına baxmayaraq, X1 rejim qaydalarını hansı konkret əməllə pozduğu, bu pozuntunun nədən ibarət olduğu, pozuntunun baş verməsinin nə ilə sübuta yetirildiyi istər inzibati xəta haqqında protokoldan, istərsə də təqdim edilmiş digər sənədlərdən görünmür. Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi məhkəməyə nümayəndəsini göndərmədiyinə görə xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın hansı əsaslarla qəbul edildiyini məhkəmə iclasında da araşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin vəzifəli şəxsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-360/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-360/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver