Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-362/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Novruzov Rövşən Pərviz oğlunun iştirakı ilə Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Novruzov Rövşən Pərviz oğlu tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon DYPŞ-nin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Novruzov Rövşən Pərviz oğlu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Novruzov Rövşən Pərviz oğlu işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxx 2020-ci ildə idarə etdiyi “Mercedes Benz C200” minik markalı 99MZ926 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən 13 saylı poliklinika istiqamətində hərəkət edərkən DYP əməkdaşı onu saxlatmışdır. Həmin vaxt avtomobildə o, və arvadı Könül Novruzova olub. Saxlanılmasının səbəbini soruşduqda polis əməkdaşı onun və arvadının qoruyucu vasitələrdən istifadə etmədiyi bildirdi. Cavabında bildirmişdir ki, o, və avtomobildəki sərnişin ər-arvad olmaqla bir ailənin üzvüdürlər. Bu səbəbdən də avtomobildə yalnız ikisi olduğu halda tibbi maskadan istifadə etmələri məcburi deyil. Bundan sonra polis əməkdaşı onların sənədlərini qaytararaq hərəkətə davam edə biləcəklərini demişdir. Həmin vaxt ona heç bir irad tutulmamış, barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilməmiş, harasa imza etməsi təklif olunmamışdır. Lakin oktyabr ayının axırlarında o, təsadüfən DİN-nin internet portalına daxil olduqda bilmişdir ki, göstərilən hadisə ilə əlaqədar 100 manat miqdarında cərimə edilib. Bununla əlaqədar xx xxxxxxx 2000-ci ildə Suraxanı DYPŞ-nə müraciət etmiş və bilmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə qərar qəbul olunub. Həmin qərarı qanunsuz və əsassız sayır. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Məhkəmə məsələ ilə bağlı ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokol xx xxxx 2020-ci ildə tərtib edildiyi halda inzibati tənbeh vermə haqqında qərar bundan 28 gün sonra – xx xxxx 2020-ci ildə qəbul olunub. Bu hal özü-özlüyündə sual doğurur. Məhkəmə həmçinin qeyd edir ki, Suraxanı Rayon Polis İdarəsinin DYPŞ müvafiq dəvətə baxmayaraq, nümayəndəsini göndərməmiş, inzibati xəta haqqında protokolu təqdim etməmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə araşdırmanın hansı səbəbdən bu qədər davam etdiyini araşdırmaq mümkün olmayıb. Bununla yanaşı, Novruzov Rövşən Pərviz oğlu işin məhkəmə baxışı zamanı bildirmişdir ki, polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt avtomobildə yalnız o, və arvadı olmuş, bu səbəbdən də tibbi maskadan istifadə etməmişlər. İnzibati xəta haqqında iş üzrə icraat zamanı bu halın araşdırıldığı iş materialları ilə müəyyən edilmir. Məhkəmə hesab edir ki, bu halın araşdırılması iş üzrə yekun qənaətə gəlinməsi ilə əlaqədar əhəmiyyətlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Novruzov Rövşən Pərviz oğlunun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin DYPŞnə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-362/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-362/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver