Məhkəmə qərarları › İş №3(010)-3635/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3635/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3635/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X4 iştirakı ilə, 21 oktyabr 1969-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1DHXKKP, məhkum olunmamış, X8 imamı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, X4 Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən qəbul edilmiş 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Sabunçu rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 12 avqust 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X4 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X6 qəbul etdiyi 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. O, Azərbaycan Respublikası Dini X16 Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “04.r” saylı 04 oktyabr 2022-ci il tarixli əmri ilə həmin tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən «Fatimeyi-Zərha» məscidinin imamı vəzifəsinə rotasiya edilmişdir. Müvafiq olaraq 04 oktyabr 2022-ci il tarixindən də həmin vəzifəni icra edir. 13 iyul 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi X12 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən «Fatimeyi-Zərha» məscidinə gələrək onun barəsində tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolu və Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 dekabr 1899-cu il tarixli qərarını məscidin işçisinə təqdim edərək getmiş, sonradan da onunla əlaqə saxlayaraq 2000 (iki min) manat məbləğində cərimənin təcili ödənilməsini tələb etmişdir. Şikayətinə qoşmada təqdim etdiyi Bakı şəhəri Suraxanı RPİnin 33-cü polis bölməsinin sahə rəisi X12 tərəfindən onun barəsində tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 dekabr 1899-cu il tarixli qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 saylı, 25 iyul 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na Protokol, qərar (qərardad), blanklarının spesifikasiyası adlı 1 nömrəli əlavənin tələblərinə uyğun deyildir. Belə ki, “İnzibati xəta haqqında protokol” və “İnzibati tənbeh vermə haqqında Qərar” blankları 2 (iki) səhifədən və 2 (iki) nüsxədən ibarət olmaqla, blankın birinci nüsxəsinin ağ rəngdə olub, kağızı yazını (diyircəkli) qələmlə yazılan zaman ikinci nüsxəyə keçirən (özükeçirən) olub, blankın ikinci nüsxəsi rəngli olmaqla, kağızı isə yazı keçirən olmalı olduğu halda bu protokol və qərar hər biri bir səhifədən ibarət adi A4 formatlı çap kağızında və diyircəkli qələmlə deyil, çap hərfləri ilə kompüterdə yazılmışdır. Bu protokolda və qərarda, daha doğrusu protokol və qərar adlandırılmış A4 formatlı çap vərəqlərinin tərkibində müdafiəli işarələr yoxdur, bu səbəbdən belə işarələrin saxta olub-olmamasını xüsusi vasitələrlə yoxlamaq imkanı da yoxdur. Protokol və qərar adlandırılmış bu sənədlər çoxçalarlı ofset üsulu ilə çap olunmamışdır, üzərlərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissələrində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət gerbi göstərilməmişdir. Qeyd edilənlər Bakı şəhəri Suraxanı RPİnin 33-cü polis bölməsinin sahə rəisi X12 tərəfindən onun barəsində tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 dekabr 1899-cu il tarixli qərar adlı “sənədlər”-in mötəbər olmadığını, yəni “İnzibati xəta haqqında protokol” və “İnzibati tənbeh vermə haqqında Qərar” olmadığını təsdiq edir. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi X12 tərəfindən onun barəsində tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibatı xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Hətta bu protokolda belə bir qrafa da yoxdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 515-ci maddəsində nəzərdə tutulan inzibati xətalara dair işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 dekabr 1899-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X1 orqan (vəzifəli şəxs) olaraq baxmaq səlahiyyəti olmadığı inzibati xəta üzrə işə baxmış, səlahiyyətinə aid olmadığına görə işi aidiyyəti üzrə məhkəməyə göndərməli olduğu və bununla bağlı qərardad qəbul etməli olduğu halda, qanunsuz olaraq işə özü baxmış və onun barəsində qanunsuz və əsassız olaraq “İnzibati tənbeh vermə haqqında Qərar” qəbul etmiş, qərarın forması qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankında deyil, adi çap vərəqində hazırlanmış, qərarını imzalamamış, qərarında qərardan şikayət vermə müddətini və qaydasını göstərməmişdir. Göstərilənləri nəzərə alaraq DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 izahatında şikayətində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdən bu günədək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən «Fatimeyi-Zərha» məscidinin imamı vəzifəsini icra edir. O, imamı olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən «Fatimeyi- Zərha» məscidinin fəaliyyəti ilə bağlı hər hansı inzibati xəta, o cümlədən Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş dini yığıncaqlar, yürüyüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş hər hansı qaydasını pozmamışdır. Bu səbəbdən də hesab edir ki, barəsində Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol, həmin protokol əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 33-cu polis bölməsinin X10 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 dekabr 1899-cu il tarixli qərar qanunsuz və əsassızdır. Qərarın tarixinin nəyə görə 1899-cu il yazılması barədə məlumatsız olduğunu bildirdi. X2 DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində tərkib olmadığından xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1367 nömrəli Fərmanının 54-cü bəndinə əsasən İXM-nin 515.0.1 və 516.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dini X16 Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər. Həmin Fərmanın 36.3-cü bəndinə əsasən dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X16 Dövlət Komitəsi adından – Komitənin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, bölgə üzrə şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının Dini X16 Agentliyinin direktoru, onun müavini. Fərmanın 54-1-ci bəndinə əsasən İXM-nin 189-3.2 və 515.0.2 ― 515.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 54-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dini X16 Dövlət Komitəsi adından ― bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 54-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər (həmçinin polis sahə rəisləri) tərəfindən tərtib edilir. İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 515-ci maddəsi üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti polis sahə rəisində olsa da həmin işlər üzrə qərar qəbul etmək və işə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aid edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati xəta haqqında iş üzrə qəbul etdiyi 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. X5 tərəfindən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsinin MN ******* nömrəli qərarının ləğv olunmasına dair şikayət ərizəsi yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə verilmiş, lakin yaşayış yeri üzrə baxılması üçün məhkəməyə vəsatət verilməmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 3(008)-4862/2024 nömrəli qərardadına əsasən X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsinin MN ******* nömrəli qərarının ləğv olunmasına dair şikayəti, ona əlavə edilmiş materiallarla birlikdə inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-nin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Məhkəmə iclasında iş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi, X1 orqan (vəzifəli şəxs) olaraq baxmaq səlahiyyəti olmadığı inzibati xəta üzrə işə baxmış, səlahiyyətinə aid olmadığına görə işi aidiyyəti üzrə məhkəməyə göndərməli olduğu və bununla bağlı qərardad qəbul etməli olduğu halda, qanunsuz olaraq işə özü baxmış və X5 barəsində “İnzibati tənbeh vermə haqqında Qərar” qəbul etmişdir. Lakin həmin qərarda və ya ona əlavə edilmiş materiallarda İXM-nin 515.0.2-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranmasına əsas olan hallar və sübutlar göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydalarına əsasən elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının spesifikasiyası aşağıdakı kimidir: 1.Elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları (bundan sonra - blank) ciddi hesabat sənədinin seriyasını və nömrəsini özündə əks etdirməli, lakin üzərində sətir və göstəricilər olmadan boş hazırlanmalıdır.

2. Blank 1 nüsxədən ibarət olmalı və kağızı yazı keçirməyən olmalıdır.

3. Blank A4 formatında olmalıdır.

4. Kağızın çəkisi 90-100 qram və tərkibi 100 faiz sellüloza olmalıdır.

5. Kağızın tərkibində olan müdafiə işarələrinin saxta olub-olmamasını xüsusi vasitələrlə yoxlamaq imkanı olmalıdır.

6. Blankın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət Gerbi göstərilir.

7. Kağız və istifadə olunmuş boya blankın lazer printerində çap edilməsi üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.

8. Blankdan elektron informasiya (idarəetmə) sisteminin elektron məlumatları əsasında formalaşmış hazır sənədin lazer printeri vasitəsilə çap edilməsində istifadə olunmalıdır. Hazırki iş üzrə göründüyü kimi 09 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarındakı normativlərə uyğun deyildir. Buradan da həmin inzibati xəta haqqında protokolun və qərarın rəsmi sənəd olması məhkəmədə şübhələr yaradır. Belə ki, İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi X12 tərəfindən X5 barəsində tərtib edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamışdır. Protokolda, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalamaqdan imtina edilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, hüquqların izah edilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hər hansı izahatı və mülahizəsi də protokola əlavə olunmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, səlahiyyətli orqan (vəzifəli şəxs) olaraq baxmaq səlahiyəti olmayan şəxs tərəfindən qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. X15 Haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iş üzrə görünür ki, barəsində protokol tərtib edilmiş və qərar qəbul edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. X3 tərəfindən törədilmiş əməldə inzibati xətanın obyekti və obyektiv cəhəti mövcud deyildir. Çünki inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda hansı hərəkətlərlə inzibati xətanın törədildiyi, bunların qanunla qorunan hansı ictimia münasibətləri pozması və pozuntuların hansı hərəkət və ya hərəkətsizliklə törədilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXMnin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından onun şikayəti təmin edilməli, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən qanunsuz olaraq tərtib edilmiş 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X4 şikayəti təmin edilsin. X4 əməlində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından DİN-nin Bakı şəhəri Suraxanı RPİnin 33-cü polis bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 30 dekabr 1899-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar