Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3660/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında qəbul edilmiş 09 may 2023-cü il tarixli, EQ 14391913 nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, xüsusi texniki vasitənin DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürdüyü məlumat əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi üzrə tərtib edilmiş EQ 14391913 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi xahiş etmişdir. Məhkəmədə X5 Alış oğlu şikayətini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, ona məxsus KİA markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun Horadiz şəhərindən yaşayış yeri olan Bakı şəhərinə gələrkən, saat təxminən 19:40 radələrində Biləsuvar rayonunun inzibati ərazisində hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 328.2-ci maddəsi ilə barəmdə EQ 14391913 elektron qərar qəbul edilib. Elektron qərardan görünür ki, sürət həddi 60 km/saat olan yolda 87 km/saat sürətlə hərəkət etmişdir. Elektron qərarı xx.xx.2023-cü il tarixdə BDYPİ-dən rəsmi müraciət etməklə əlbəəl almşdır. Qeyd edir ki, EQ 14391913 elektron qərarla razı deyildir və aşağıda göstərdiyim səbəblərə görə əməlində qərarda göstərilən inzibati xəta tərkibi olmayıb. Qərarda inzibati xətanın qeydə alındığı yer “X6, 35” göstərilib, lakin elektron qərara əlavə edilmiş şəkillərdən aydın olur ki, həmin yol sağ və solu əkin sahəsindən və ya boş çöllük ərazidən ibarət olan avtomobil yoludur. X2 isə adətən şəhərlərin (qəsəbələrin) görkəmli hissəsində və ya mərkəzi hissəsində yerləşir və sağ, sol hissələri gözəl ağaclardan, yaşıllıqdan və gül-çiçəkdən ibarət olur. Azərbaycan Respublikasının avtomobil yollarında 3 cür sürət həddi (məsləhət görülən sürət hədləri istisna olmaqla) müəyyən olunub. Həmin sürət hədləri hətta yolun yuxarı sürət həddinin məhdudlaşdırılmasmı göstərən “Qadağan nişanları” qrupuna aid olan yol nişanları quraşdırılmayan hissələrində də aydın olur (bilinir). Birincisi, “Məlumatverici-göstərici nişanlar” qrupuna aid olan “5.1- Avtomagistral” yol nişanı quraşdırılan yerdən “5.2- Avtomagistralın qurtaracağı ” yol nişanının (bu nişanların fonu yaşıl rəngli olur) quraşdırıldığı yerədək sürət həddi 110 km/saat, ikincisi, “5x22- Yaşayış məntəqəsinin başlanğıcı” yol nişanı quraşdırılan yerdən “5.23- Yaşayış məntəqəsinin qurtaracağı” yol nişanının (bu nişanların fonu ağ rəngli olur) quraşdırıldığı yerədək sürət həddi 60 km/saat, üçüncüsü, qalan bütün yol nişanları quraşdırılmayan yerlərdə (yollarda) sürət həddi 90 km/saat nəzərdə tutulub. Onun avtomobilinin hərəkət etdiyi yerdə (yolda) sürət həddinin 60 km/saat olması barədə ortada hər hansı bir dəlil-sübut (fakt) yoxdur. Elektron qərara əlavə edilmiş videodan aydın olur ki, sürət həddi xüsusi texniki vasitənin köməyi ilə qeydə alınıb. Xüsusi texniki vasitənin quraşdırıldığı avtomobil onun avtomobilinin hərəkət istiqamətinin və hərəkət etdiyi yolun əks istiqamətində (tərəfində) dayanıb. Adətən bu cür stasionar vəziyyətdə olan avtomobildə quraşdırılan xüsusi texniki vasitədən yolun həmin hissəsi (tərəfi) ilə həmin istiqamətdə hərəkət edən avtomobillərin sürətini ölçmək üçün istifadə olunur. Düzdür, yolun həmin hissəsində dayanan avtomobildə quraşdırılan xüsusi texniki vasitə ilə yolun əks hissəsi ilə və həmin avtomobilə əks istiqamətdə hərəkət edən onun avtomobilinin (və ya onun avtomobili ilə eyni istiqamətdə hərəkət edən digər avtomobillərin) sürətini də ölçmək mümkündür, ancaq bu. həmin cihazın hansısa düyməsini sıxmaqla həyata keçirilir. Lakin hər iki istiqamətə (qarşı-qarşıya) hərəkət edən avtomobillərin sürətinin eyni zamanda ölçülməsi mümkün deyil. Videodan görünür ki, onun idarə etdiyi avtomobillə qarşıdan gələn avtomobil sürətin ölçülə biləcəyi (ölçüldüyü) ərazidə qarşı-qarşıya keçib. Hesab edir ki, avtomobillərin qarşı-qarşıya keçmə anında ölçülən sürət (87 km/saat) onun avtomobilinin deyil, qarşı-qarşıya keçən avtomobilin sürətidir. Eyni zamanda, içərisində xüsusi texniki vasitə quraşdırılan avtomobillər elə bir mövqedə dayanmalıdırlar (dayanırlar) ki, hərəkətdə olan avtomobilin müəyyən olunmuş sürətinin həmin ərazidə quraşdırılan yol nişanında (“Qadağanedici nişanlar" qrupuna aid olan “3.24-maksimum sürətin məhdudlaşdırılması" yol nişanı) göstərilən maksimum sürətdən artıq olması sübuta yetirilmiş olsun (görünsün). Şəkillərdə və videoda isə belə bir hal müşahidə olunmur (yoxdur). Qeyd edilənlərdən aydın olur ki, qəbul edilən EQ 14391913 elektron qərar əsassızdır, onun avtomobilinin hərəkət etdiyi yolda sürət həddinin 60 km/saat olması barədə 3.24 yol nişanı görünmür. İçərisində xüsusi texniki vasitə quraşdırılan YPX avtomobili məhz həmin avtomobilin durma istiqaməti ilə eyni istiqamətdə hərəkət edən avtomobillərin hərəkət sürətini ölçmək üçün həmin yerdə dayanıb. Həmin yerdə durduğu halda onun avtomobilinin hərəkət etdiyi istiqamətdə quraşdırılmış maksimum sürətin məhdudlaşdırılması 3.24 yol nişanı (60 km/saat) şəkillərdə və ya videoda görünmür (yoxdur) və yaxud göstərilmir. Yuxarıda qeyd etdiklərinə əsasən, belə nəticəyə gəlinir ki, qərarda göstərilən 87 km/saat sürət həddi onun avtomobilinin deyil, qarşı-qarşıya keçən, YPX avtomobilinin durduğu istiqamətdə hərəkət edən ağ rəngli avtomobilin (mikroavtobusun) sürətidir. Odur ki, xüsusi texniki vasitənin DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürdüyü məlumat əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi üzrə tərtib edilmiş EQ 14391913 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi xahiş etmişdir. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Suraxanı Rayonu Dövlət X8 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 09 may 2023-cü il tarixli, EQ 14391913 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X3 istifadəsində olan “KİA STONİC” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Biləsuvar rayonu, X6, 35 istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 27 km/saat həddində aşması müəyyən edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, X3 barəsində yolda müəyyən edilmiş hərəkət sürətini 27 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-nin 328.2-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilməsi haqqında DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 09 may 2023-cü il tarixli, EQ 14391913 nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs qərarla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin qərar əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş səlahiyyətli orqan qərarda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol və yaxud qərar tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol və yaxud qərar tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında qəbul edilmiş 09 may 2023-cü il tarixli, EQ 14391913 nömrəli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Həmin uyğunsuzluqların və X7 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın DİN-nin Baş Dövlət Yol Polis İdarəsində əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X3 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş 09 may 2023-cü il tarixli, EQ 14391913 nömrəli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməklə , şikayət təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 328.2ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş 09 may 2023-cü il tarixli, EQ 14391913 nömrəli nömrəli qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3660/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3660/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver