Məhkəmə qərarları › İş №3(010)-3706/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3706/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3706/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 01400-04955/25 nömrəli inzibati xəta haqqında iş üzrə EP № ******* saylı protokol baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 01400-04955/25 nömrəli inzibati xəta haqqında iş üzrə EP № ******* saylı protokola əsasən, Şəxs tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 01400-04955/25 nömrəli inzibati xəta haqqında iş üzrə EP № ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC (**********) tərəfindən Türkiyə Respublikasından **********01665, **********01666 və **********01667 nömrəli mal qeydiyyat kodları ilə 95040739, 95039343 və 95013207 nömrəli vaqonlarla F020240809-01 nömrəli xx.xx.2024-cü il tarixli invoys vasitəsi ilə idxal etdiyi “soya şrotu” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz Gömrük İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs MMC gömrük ərazisinə gətirdiyi “soya şrotu” yükünə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada təqdim etməmişdir. Bununla da “Agro Fermer" MMC əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta pozuntusunun tərkibi vardır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1lduğu və rəhbərinin X2 olduğu məlum olmuşdur. Şəxs MMC-nin nümayəndəsinin Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zahid Əliyev küçəsi, ev 6 ünvanına xx.xx.2025-ci il tarixli, 3-33-1700/2- 002258/2025 saylı məktub göndərilmiş və aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə xx.xx.2025-ci tarixdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. Həmçinin Şəxs MMC tərəfindən göndərilmiş etirazdan görünür ki, Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının (Nazirlər Kabinetinin müvafiq Qərarı) 13.4-cü maddəsində qeyd olunur ki, məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və İXM-nin 485.2ci maddəsinə əsasən, qısa idxal bəyannaməsinin ümumiyyətlə verilməməsi (yəni mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron şəkildə təqdim edilməməsi) inzibati məsuliyyətə səbəb olur. Hazırda qüvvədə olan normativ aktlarda (yuxarıda istinad olunan Qərar və İXM-də) qısa idxal bəyannaməsinin tamamilə verilməməsi halı ayrı-ayrılıqda inzibati xəta kimi nəzərdə tutulur. Bu sənədlərdə, “müəyyən edilmiş müddət ərzində" gecikmənin konkret neçə dəqiqə və ya saat olması ilə bağlı (mallar real olaraq sərhədi keçməmişdirsə) inzibati məsuliyyətin yaranacağına dair ayrıca göstəriş mövcud deyil. Praktik olaraq, qısa idxal bəyannaməsinin tamamilə verilməməsi ilə təqdimat vaxtına dair cüzi gecikmələr eyni hüquqi nəticəni doğurmur. Həmçinin, malların gömrük sərhədinə göndərilməsi barədə məlumatları xx.xx.2025-ci il tarixdə saat 15:21 radələrində olmuşdur. Gec məlumatları olduğundan qısa idxal bəyannaməsinin verilməsində problemlə üzləşmişlər. İXM-nin 485.2-ci maddəsinin tətbiqi üçün əsas, bəyannamənin heç verilməməsi və ya malların gömrük ərazisinə daxil olmasından sonra verilməsi sayılır. Onların vəziyyətində isə bəyannamə vaxtında (mallar əraziyə daxil olmamış) verilmiş və yalnız şərti “müəyyən olunmuş müddətə dair 10 dəqiqə artıq zaman sərf edilmişdir. Beləliklə, “qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi” halı baş vermədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta tərkibi formalaşmır. İş materiallarında olan **********3872 sorğu nömrəli gömrük bəyannaməsi ilə mallar gömrük ərazisinə daxil olduqdan sonra xx.xx.2025-ci il tarixdə tərtib edilərək gömrük orqanlarına göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, eləcə də Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin portal çıxarışından, elektron çıxarışlardan müəyyən edilmişdir ki, Şəxs ünvanına gətirilən yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi tərtib edilərək elektron formada verilməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01400-04955/25 nömrəli inzibati xəta haqqında işə dair EP № ******* saylı protokol üzrə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar