Məhkəmə qərarları › İş №3(010)-3719/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3719/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3719/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu EQ 11183075 nömrəli xx.xx.2022-ci il tarixli protokolun ləğvi ilə bağlı X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində olan EQ 11183075 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Həmçinin məhkəməyə inzibati xəta haqqında qərar təqdim edilməyib. Ona görə də qərarın mövcud olub-olmadığı (şikayətçinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyi) sual doğurur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, həmçinin mübahisələndirilən qərar təqdim edilmədiyinə görə şikayət üzrə icraat mümkün deyil. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 4 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 2-ci və 3-cü bəndlərinin məzmunu aşağıdakı kimidir: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarından göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi ilə müəyyən edilmiş qayda üzrə deyil, həmin Məcəllənin 110.1-ci maddəsi ilə müəyyən edilmiş qayda üzrə verilməlidir. Yəni səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilir. İşin faktik hallarından görünür ki, inzibati xəta Bakı-Quba yolunun 15.8-ci km-də baş verib, lakin inzibati xəta hadisəsinin dəqiq hansı ərazidə törədilməsi məlum deyil. X1 rəsmi qeydiyyatı ünvan 1 ünvanıdır, lakin o, şikayətinə qeydiyyatda olduğu və yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatət verməyib. Qeyd edilən əsaslara görə şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 EQ 11183075 nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun ləğvi ilə bağlı şikayəti geri qaytarılsın. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar