Məhkəmə qərarları › İş №3(010)-372/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-372/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-372/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “X3” minik markalı 77PX197 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 31 dekabr 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyi əsas götürülərək barəsində Suraxanı Rayon DYPŞ tərəfindən 15 fevral 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsindən ona heç bir bildiriş və ya avtomobilin sürücüsünün kim olması barədə məlumatın MMCdən istənilməsinə dair heç bir məktub daxil olmamışdır. Bakı Nəqliyyat Agentliyindən MMC-yə bir məktub daxil olmuşdur ki, “X3” minik markalı 77PX197 dövlət qeydiyyat nişanlı avtomobili kim idarə edib, o, da Agentliyə e-mail vasitəsi ilə məktub göndərərək sorğunu cavablandırmışdır. Suraxanı Rayon Polis İdarəsindən də MMC-yə məktub daxil olsa idi ona cavab verilərdi. Bundan əlavə, 16 fevral 2022-ci ildə “X3” minik markalı 77PX197 dövlət qeydiyyat nişanlı avtomobil satılmış, alğı-satqı zamanı avtomobilin nə qədər cəriməsi olmuşdursa, hamısı ödənilmişdir. Hazırkı işlə tanış olduğu vaxt görmüşdür ki, poçt xəbərnaməsində müvafiq məktubu 24 yanvar 2022-ci ildə qəbul etdiklərinə dair qeyd var. Lakin xəbərnamədə məktubun kimə təqdim olunması qeyd edilməmişdir. Sadəcə qələmlə qeyd edilib ki, çatdırılıb, lakin kim tərəfindən qəbul edilməsi qeyd edilməmişdir. Suraxanı Rayon Polis İdarəsi onların ünvanına 11 fevral 2022-ci ildə məktub göndərib, lakin o məktubun onlara çatması və ümumiyyətlə göndərilməsi ilə bağlı heç bir sübut təqdim edilməyib. Necə ola bilər ki, 11 fevral 2022-ci ildə məktub yazırlar ki, onlara 5 gün müddətində sürücünün kim olması barədə məlumat verilsin, lakin özləri 15 fevral 2022-ci ildə 5 gün müddətini gözləmədən artıq protokol tərtib edirlər. Bu özü bir pozuntudur. 16 fevral 2022-ci ildən artıq “X3” minik markalı 77PX197 dövlət qeydiyyat nişanlı avtomobil satılıb və sahibi tam başqa şəxsdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs MMC-nin əməlində İXM-nin 347-ci maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. İş materiallarına Şəxs MMC-yə ünvanlanmış məktub əlavə edilib. Həmin məktubda MMC-nin mülkiyyətində olan “X3” minik markalı 77PX197 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxsin 31 dekabr 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi göstərilməklə, həmin şəxs barədə məlumatın 5 gün müddətində DYPŞ-nə təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilir ki, məktubda onun tərtib edildiyini tarix göstərilməmiş və o, imzalanmamışdır. İş materiallarına həmin məktubun ünvana 26 yanvar 2022-ci ildə çatdırıldığına dair poçt xəbərnaməsi əlavə olunub. Lakin həmin xəbərnamədə məktubun konkret olaraq kim tərəfindən və hansı tarixdə qəbul edildiyi göstərilməmiş, orada məktubu qəbul etmiş şəxsin imzası əks olunmamışdır. İş materiallarına həmçinin Şəxs MMC-yə ünvanlanmış 11 fevral 2022-ci il və 01 mart 2022-ci il tarixli məktublar əlavə edilib. Lakin bu məktubların ünvanlarına çatdırıldığını təsdiq edə biləcək mötəbər sübut da iş materiallarında mövcud deyil. Beləliklə, müvafiq məzmunlu sorğunun Şəxs MMC-yə real çatdırıldığını təsdiq edə biləcək hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. Belə olan halda Şəxs MMC-nin təqsiri də sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar