Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3728/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 07 iyul 2025-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 1613165,00 Rusiya rublu məbləğində vəsaiti 06 iyun 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1613165,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirdi ki, yenidən Şəxs MMC barəsində tərtib olunmuş protokol əsassız hesab edilməsini xahiş edirlər, çünki 01 iyun 2023-cü ildə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" şirkəti ilə müqavilə bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq həmin şirkətin hesabına bu iş üzrə 1613165,00 Rusiya rublu ödəniş edilmişdir. Lakin qarşı şirkət tərəfindən həmin ödəniş edildikdən sonra həmin məhsullar Azərbaycan Respublikasına göndərilməmişdir və bununla bağlı həmin şirkətə şifahi formada bildiriş təqdim etmişlər, lakin şirkət tez bir zamanda həmin məhsulları Azərbaycan Respublikasına göndərəcəyini bildirmişdir. Lakin sonradan həmin şirkətlə əlaqə saxlamışlar, şirkət zənglərə cavab verməmiş və bundan sonra bununla bağlı iddia qaldıraraq məhkəməyə təqdim etmişlər. Hal hazırda Arbitraj məhkəməsində məhkəmə tapşırığı təqdim olunur. Həmin şirkətin təqsiri ucbatından Azərbaycan Respublikasına həmin məhsullar daxil olmamış və bununla bağlı hər hansı bir təqsirləri yoxdur və Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokolun əsasız hesab edilməsini xahiş etdi. İş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş Zərərçəkmiş şəxsna məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəfin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC-nin 18 iyun 2025-ci il tarixli köçürmə ərizəsindən görünür ki, həmin tarixdə Şəxs MMC-nin bank hesabından OOO Ronikon hesabına 1613165,00 Rusiya rublu məbləğində vəsait köçürülmüşdür. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Zərərçəkmiş şəxsna təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Şəxs MMC xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq ərizəni onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiqi barədə icraat başlanılmışdır. Təqdim edilən bu vəsaitlə Şəxs MMC bu inzibati məsuliyyətin hüquqi və faktiki əsaslarla əsassız olduğunu bildirir və aşağıdakı hüquqi mövqeyi Məhkəməyə təqdim edir. Etirazın dəlilləri və hüquqi məsələlər:
1. Müqavilənin hüquqi əsası və əməliyyatın şəffaflığı: 01 iyun 2023-cü il tarixdə Şəxs MMC Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" MMC ilə № 020623-AR saylı alqısatqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Azərbaycan Respublikasına müəyyən məhsullar göndərməli idi. Bu müqavilə çərçivəsində Şəxs MMC tərəfindən 10 733 406.7 (on milyon yeddi yüz otuz üç min dörd yüz altı rubl, o cümlədən 70 qəpik) rubl məbləğində ödəniş həyata keçirilmişdir. Ödəniş müqaviləyə uyğun olaraq tam səffaf və qanuni şəkildə aparılmışdır. Heç bir şəkildə valyuta qanunvericiliyinin pozulması məqsədi güdülməmişdir. 2. Qarşı tərəfin müqaviləni pozması və mübahisənin hüquqi müstəviyə keçirilməsi: "xxxx" MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, yəni ödənişə baxmayaraq məhsulları göndərməmişdir. Bununla bağlı Şəxs MMC tərəfindən "xxxx" MMC-yə pretenziya və iddia məktubu göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən müsbət cavab alınmadığı üçün Bakı Kommersiya Məhkəməsinə iddia qaldırılmışdır. İş hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindədir, çünki cavabdeh tərəf xarici (Rusiya Federasiyasında) hüquqi şəxs olduğundan beynəlxalq hüquqi yardım prosedurları tələb olunur. Bu hal mülki hüquqi mübahisə mahiyyəti daşıyır və mübahisənin həlli hazırda məhkəmə müstəvisindədir; 3. İXM-nin 430.4-cü maddəsinin tətbiqi zəruri şərtlərin olmaması: İXM-nin 430.4-cü maddəsi aşağıdakı hallarda tətbiq edilə bilər: “Azərbaycan Respublikasının valyuta qanunvericiliyinin pozulması, o cümlədən xarici iqtisadi fəaliyyət çərçivəsində öhdəliklərin müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi”. Bu maddənin tətbiqi üçün təqsirli hərəkət, niyyət və ehtiyatsızlıqla hərəkət etmə sübut edilməlidir. Lakin aşağıdakı faktlar bu inzibati xəta tərkibini istisna edir: - Şəxs MMC tərəfindən müqavilə bağlanmış, ödəniş edilmiş, tələb məktubları göndərilmiş və hüquqi müdafiə tədbirləri görülmüşdür; - Mübahisə hüquqi məhkəmə predmeti olmuşdur və beynəlxalq hüquqi mexanizmlər aktivləşdirilmişdir; - Şəxs MMC-nin nəzarətində olmayan səbəblərdən proses uzanmışdır (beynəlxalq hüquqi yardım prosedurlarının uzunmüddətliliyi). Beləliklə, inzibati xəta üzrə subyektiv təqsir elementi mövcud deyildir. 4. Mülki Məcəllənin müvafiq normalarına əsasən məsuliyyət daşıyan tərəf: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 422-ci maddəsinə əsasən, müqavilə tərəfləri öhdəlikləri yerinə yetirməlidirlər; - 437-ci maddəsinə əsasən, qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirməməsi hüquqi məsuliyyət doğurur; - Bu məsuliyyət qarşı tərəfə - "xxxx" MMC-yə aiddir, çünki məhsul göndərilməyib. 5. Hüquqi presedentlər və qanunun məqsədəuyğun tətbiqi: Valyuta qanunvericiliyinin pozuntularının real niyyət və təqsirə əsasən qiymətləndirilməsi hüququn ümumi prinsiplərindən biridir. Bu kontekstdə aşağıdakı arqumentlər vacibdir: - Tərəf müqavilə bağlayıb, öhdəliyini yerinə yetirib; - Qarşı tərəfin günahı üzündən mübahisə yaranıb; - Şirkət hüquqi müdafiə tədbirləri görüb; - Gecikmə mübahisəli prosesin beynəlxalq hüquqi müstəviyə daşınması səbəbindəndir. Bu şəraitdə Şəxs MMC-ni cərimələmək hüququn əsas prinsipləri ilə - mütənasiblik, ədalətlilik, təqsirin fərdiliyi – ziddiyyət təşkil edir. Şəxs MMC-yə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi və inzibati məsuliyyətin tətbiqinin qanunsuz və əsassız olduğu tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilə sürətindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Şəxs MMC arasında müqavilə bağlanılmış, müqaviləyə əsasən satıcı "xxxx" MMC malları müqavilə ilə müəyyən edilmiş çeşiddə və şərtlərdə alıcıya çatdırmağı, Şəxs MMC isə malların haqqqını ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş Şəxs MMC tərəfindən "xxxx" MMC-yə pretenziya göndərilmiş, müqavilənin 7.5-ci bəndinə əsasən satıcı malı müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil vermədiyi halda gecikdirilmiş hər gün üçün alıcıya malın dəyərinin 0,1% miqdarında cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixlərində Şəxs MMC bütün köçürmələri həyata keçirmiş, lakin müqavilə ilə müəyyən edilmiş müddətdə malların çatdırılması həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndində qeyd olunur ki, malların çatdırılması əvvəlcədən ödəniş edildikdən 14 gün sonra həyata keçirilir Bununla bərabər, 27 noyabr 2024-cü il tarixinə qədər mallar hələ də alıcıya çatdırılmayıb. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1518/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Şəxs MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə məhkəmə tapşırığı Rusiya Federasiyasının aidiyyəti məhkəməsinə göndərilmişdir. Belə ki, məhkəmə araşdırılmsı zamanı müəyyən edilmişdir ki, 01 iyun 2023-cü il tarixdə Şəxs MMC Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" MMC ilə № 020623 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Azərbaycan Respublikasına müəyyən məhsullar göndərməli idi. Bu müqavilə çərçivəsində Şəxs MMC tərəfindən 10 733 406.7 rubl məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, yəni ödənişə baxmayaraq məhsulları göndərməmişdir. Bununla bağlı Şəxs MMC tərəfindən "xxxx" MMC-yə pretenziya və iddia məktubu göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən müsbət cavab alınmadığı üçün Bakı Kommersiya Məhkəməsinə iddia qaldırılmışdır. İş hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindədir, çünki cavabdeh tərəf xarici (Rusiya Federasiyasında) hüquqi şəxs olduğundan beynəlxalq hüquqi yardım prosedurları tələb olunur. Bu hal mülki hüquqi mübahisə mahiyyəti daşıyır və mübahisənin həlli hazırda məhkəmə müstəvisindədir Şəxs MMC tərəfindən müqavilə bağlanmış, ödəniş edilmiş, tələb məktubları göndərilmiş və hüquqi müdafiə tədbirləri görülmüşdür. Qarşı tərəfin öhdəliyin yerinə yetiriməməsi ilə əlaqədar mübahisə hüquqi məhkəmə predmeti olmuşdur və beynəlxalq hüquqi mexanizmlər aktivləşdirilmişdir. Şəxs MMC-dəe asılı olmayan səbəblərlərdən proses uzanmışdır (beynəlxalq hüquqi yardım prosedurlarının uzunmüddətliliyi). Gecikmə mübahisəli prosesin beynəlxalq hüquqi müstəviyə daşınması səbəbindəndir. Bu şəraitdə Şəxs MMC-ni cərimələmək hüququn əsas prinsipləri ilə mütənasiblik, ədalətlilik, təqsirin fərdiliyi – ziddiyyət təşkil edir. Beləliklə, inzibati xəta üzrə subyektiv təqsir elementi mövcud deyildir. Təsvir edilənlər belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxs Şəxs MMC ilə xarici şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-nin mal almaq niyyəti olmuş və ödəniş etmiş, həmin şirkət isə ödənilən pulun müqabilində idxal etməmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş 07 iyul 2025-ci il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərminə Rzayeva