Məhkəmə qərarları › İş №3(010)-3737/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3737/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3737/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndələri X2 və X1 iştirakı ilə, Şəxs ASC-nin (VÖEN: **********, hüquqi ünvanı: AZ 1042 ünvan 1) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankıdan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 08 avqust 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs ASC 10338.63 ABŞ dolları məbləğində vəsaiti 08 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10338.63 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin nümayəndələri X4 və X3 eyni məzmunlu izahat verərək bildirmişlər ki, 08 iyul 2022-ci il tarixində "xxxx" Alüminium profil SAN. və TİC. A.Ş. Türkiyə 10338.63 USD məbləğində ASC tərəfindən avans keçirilmişdir. Qarşı tərəf alüminium profillərin satışı ilə məşğuldur. Keçirdikləri məbləğ “ASİST" Alüminium tərəfindən sifariş etdikləri profillərin boyanması üçün boya alışına yönəldilmişdir. Elektrostatik toz boya premium boya sinfi olan Class 3 boya tipləri xüsusi sifariş əsasında boya istehsalçısı tərəfindən minimum hər layihə üçün 250 kq ümumilikdə 500 kq istehsal olunaraq tədarük edilir ki, bunun da 153 kq alüminium profilləri boyanaraq 2 layihədə istifadə edilmişdir. Lakin qalıq boyanın Azərbaycan Respublikasına gətirilməməsinin səbəbi Azərbaycan Respublikası ərazisində alüminium lövhə və profillərdə Class 3 boyalarının vurulması üçün zəruri sertifikatlaşmış aplikator və aplikator şirkətlərdə avadanlıqların olmamasıdır. Bu nöqtəyə nəzərdən boya "xxxx" Alüminium profil SAN. və TİC. A.Ş. Türkiyə ambarında müraciətləri əsasında saxlanmaqla gələcək layihələrdə sifariş olunarsa istifadəsi nəzərdə tutulmuşdur. Material Azərbaycan Respublikası ərazisinə gətirilərsə yarasız olacaqdır. Bu səbəbdən "xxxx" Alüminium profil SAN. və TİC. A.Ş. Türkiyə şirkətinə keçirdikləri 10338.63 USD-nin geri qaytarılması mümkün deyil. Göstərilənləri nəzərə alaraq Şəxs ASC-nin Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclası barədə məlumat verilməsinə bamayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndələri X2 və X1 məhkəmə iclasında verdikləri və yazılı qaydada təqdim etdikləri izahatı nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik edilərək, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilməkdikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 08 avqust 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: 08 avqust 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar