Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-376/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 iştirakı ilə 18 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən təqdim olunmuş 04 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, «26.02.2022-ci ildə saat 17:00 radələrində vət. Şəxs idarə etdiyi **-LN-*** d.q.n. avtomobili idarə edərkən DYPB-nün əməkdaşlarına tabe olmaması müəyyən edildi». Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını araşdırmalıdır. Məsələ ilə bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi» göstərilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələbinə zidd olaraq inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsi göstərilməyib. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda «inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti» göstərilməlidir. Hazırkı iş üzrə inzibati xəta haqqında protokolda inzibati xətanın vaxtı və yeri göstərildiyinə baxmayaraq, xətanın mahiyyəti açıqlanmayıb. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs «DYPB-nün əməkdaşlarına tabe olmaması»nın müəyyən edildiyi göstərildiyinə baxmayaraq onun müvafiq «tabesizliyinin» hansı konkret əməllə müşahidə edildiyi göstərilməmişdir. Bununla yanaşı, inzibati xətalar qanunvericiliyində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçiyə malik olmaq hüquqları təsbit olunub. İnzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Şəxs məhkəməyədək icraat dövründə müdafiəçi ilə təmin olunmasını tələb etmişdir. Lakin işin faktik hallarından görünür ki, ona müdafiəçi təqdim edilməmiş, bütün prosessual hərəkətlər, o cümlədən inzibati xəta haqqında protokolun tərtibi müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Hesab edirəm ki, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Eyni hal inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraatın başqa əhəmiyyətli prosessual pozuntularla aparıldığını da təsdiq edir. Bunlarla yanaşı, Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İnzibati xəta haqqında protokolun müvafiq bölmələri Şəxs tərəfindən imzalanmadığına baxmayaraq (o, məhkəmədə bildirmişdir ki, protokolu imzalamamasının səbəbi müdafiəçi ilə təmin edilməməsi ilə bağlı olub), protokolda bununla bağlı qeyd aparılmamışdır. Bütün bunlarla yanaşı, məhkəməyə təqdim olunmuş sübutlar arasında da ziddiyyətlər var. Məsələn, iş materiallarına əlavə edilmiş raporda göstərilir ki, polis əməkdaşı Şəxs tərəfindən idarə olunan avtomobili saxlamış, sürücü ondan tələb olunan sənədləri təqdim etmədiyinə görə polis əməkdaşı «bort kompüteri» götürüb müvafiq yoxlama aparmaq istəmiş, lakin sürücü bunu gözləmədən avtomobilini sürüb getmişdir. Materiala əlavə edilmiş diskdən isə raportda göstərilənlərdən fərqli olaraq görünür ki, Şəxs polis əməkdaşı ondan ayrılıb xidməti avtomobilə getdikdən sonra hərəkətə başlamayıb. Əksinə polis avtomobili hərəkətə birinci başlayaraq, dayanmış vəziyyətdə olan **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili keçib getmiş və yalnız sonradan geri qayıdaraq hadisə yerindən artıq getmiş və bir qədər irəlidə (başqa küçədə) yenidən dayanmış **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında materialı nəzərdən keçirib, qanunvericiliyin yuxarıda istinad olunan normasını rəhbər tutaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-376/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-376/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver