Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3776/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclasının katibi X5 Şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 tərəfindən tərtib edilmiş 24 noyabr 2022-ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli MN ******* saylı qərarından şikayət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında çıxış edən X1 etibarnamə üzrə nümayəndəsi X9 şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X6 24 noyabr 2022-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında qərar”ı ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyildir və belə hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir: İlk əvvəl bildirir ki, həmin qərarda göstərilmişdir ki, guya “Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən aptekdə 03 noyabr 2022-ci il tarixində onun tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti (əczaçılıq) göstərilməsi faktı aşkar edilmişdir.” Bununla əlaqədar bildirir ki, o, həmin ünvanda Aptek fəaliyyəti ilə məşğul olmaq üçün hazırlıq işləri görmüş, bunun üçün bütün zəruri avadanlıqları təşkil etmiş, lakin hələ lisenziya almadğı üçün əczaçılıq fəaliyyəti göstərməmiş, həmin obyektdə heç bir dərman preparatlarının satışı ilə məşğul olmamışdır. Belə ki, ümumiyyətlə lisenziya olmadan hər hansı bir dərman preparatlarını topdan-satış yolu ilə alınması mümkün olmadığına görə texniki cəhətdən lisenziya olmadan aptek işlədilməsi də mümkün deyildir. O isə həmin obyektdə lisenziya alana qədər ətriyyat-kosmetika, uşaq yeməkləri, mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariyagigiyena malları (əlcək, sabun, qulaq çöpü, diş fırçası, diş pastası, təyziq ölçmə aparatları, qan ölçmə aparatları və s.) satmış, dərman vasitələri satmamışdır. Həmin zaman o, Aptek fəaliyyəti göstərməsi üçün lisenziya almağa görə Səhiyyə Nazirliyinə müraciət etməli idi, bunun üçün isə bəzi normativləri yerinə yetirməli idi ki, buna hələ hazır olmadığına görə o, obyektdə dərman vasitələri satmırdı. Göründüyü kimi yalnız Dərman vasitələri haqqında Qanunun 1.0.1-ci maddəsində sadalanan məhsulların satışı əczaçılıq fəaliyyəti ilə məşğul olma sayılır. Yəni hətta obyektin üzərində Aptek sözü yazılsa da, əgər həmin obyektin içərisində dərman vasitələri satılmırsa həmin obyekt əczaçılıq fəlaiyyəli ilə məşğul olan obyekt sayıla bilməz. Qeyd edilənlərdən əlavə bildirir ki, əgər Səhiyyə Nazirliyində hər hansı bir şəxsin əczaçılıq fəaliyyəti ilə məşğul olması barədə məlumat varsa, o bu məlumatı yoxlamalı, yoxlama aparmaq üçün isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq qərar qəbul etməli, bu qərara əsasən sahibkarlıq subyektində yoxlama aparmalı və yoxlamanın nəticəsinə uyğun olaraq akt tərtib etməli və həmin akta əsasən digər zəruri təbirləri görməli idi. Səhiyyə Nazirliyi tərəfindən isə onun fəaliyyət göstərdiyi obyektdə heç bir yoxlama aparılmamış, onun barəsində alınmış məlumatla əlaqədar ona xəbərdarlıq edilməmiş, barəmdə inzibati xəta haqqında protokol tərtib edilən zaman o, dəvət edilməmiş, onun izahatı alınmamış, barəmdə tərtib edilmiş protokolun surəti ona verilməmiş, ona heç bir məlumat verilmədən barəsində “inzibati tənbeh vermə haqqında qərar” qəbul edilmişdir. Həmin qərardan isə mən yalnız pensiyamdan tutulmalar aparıldıqdan sonra məlumat almışdır. Halbuki, səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, iş üçün əhəmiyyətli olan halları sübuta yetirməli, bundan sonra şəxsi dəvət edərək izahatını alıb, sübut olarsa barəsində protokol tərtib etməli, protokolun surətini həmin şəxsə verməli, daha sonra isə şəxs barəsində “inzibati tənbeh vermə haqqında qərar” qəbul etməli idi. Səhiyyə Nazirliyi isə heç bir araşdırma aparmadan sadəcə onun barəsində “inzibati tənbeh vermə haqqında qərar” qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X4 izahatını dinləyib, verilmiş şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 tərəfindən qəbul edilmiş 24 noyabr 2023-cü il tarixli MN ******* saylı qərarına əsasən X7 ünvan 1 ünvanda yerləşən aptekdə 03 noyabr 2022-ci il tarixində onun tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti (əczaçılıq) göstərilməsi faktı aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ,ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, X7 şikayət ərizəsində “həmin ünvanda Aptek fəaliyyəti ilə məşğul olmaq üçün hazırlıq işləri görmüş, bunun üçün bütün zəruri avadanlıqları təşkil etmiş, lakin hələ lisenziya almadığı üçün əczaçılıq fəaliyyəti göstərməmiş, həmin obyektdə heç bir dərman preparatlarının satışı ilə məşğul olmamışdır. Belə ki, ümumiyyətlə lisenziya olmadan hər hansı bir dərman preparatlarını topdan-satış yolu ilə alınması mümkün olmadığına görə texniki cəhətdən lisenziya olmadan aptek işlədilməsi də mümkün deyildir. O isə həmin obyektdə lisenziya alana qədər ətriyyat-kosmetika, uşaq yeməkləri, mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları (əlcək, sabun, qulaq çöpü, diş fırçası, diş pastası, təyziq ölçmə aparatları, qan ölçmə aparatları və s.) satmış, dərman vasitələri satmamışdır.” kimi izahatı ilə faktiki olaraq qeyd olunan tarixdə tərəfindən törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 117, 128130,133-134, 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3776/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3776/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver