Məhkəmə qərarları › İş №3(010)-3813/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3813/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3813/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1, “X6" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan ŞTQ) Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 29 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3-33- 3100/021/008952 nömrəli 18 aprel 2024-cü il tarixli raportun icrası ilə bağlı bildirilir ki, Şəxs MMC-nin ünvanına gəlmiş xx.xx.2024-cü il tarixində **********2471 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 129985,3 manat olan “Transformatorlarda quraşdırılan çevirici” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək “X6» MMC barəsində inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X6” MMC-nin nümayəndəsi X4 idxal-müvəqqəti saxlanca götürmüş malların təminat vasitələri üzərində, mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olduqdan sonra MMC-nin anbarına vurulduğunu, malların üzərinə stikerlər vurulduğunu, kleyli kağız, 6 ay ərzində kağız öz keyfiyyətini itirərək üzərindən düşməsini, yapışdırılmasını, üzərindən sürüşüb düşməsini, MMC gömrük prosedurunu pozsa idi, cəriməsi yüksək olmasını, stiker malın saxlanmasını təsdiq etdiyini bildirmişdir. Göstərilənlərə əsasən MMC barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.3-cü maddələrinə müvafiq olaraq qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat”məbləğində, vəzifəli şəxslər altı yüz manat”məbləğində, hüquqi şəxslər min manat”məbləğində”cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar