Məhkəmə qərarları › İş №3(010)-3816/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3816/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3816/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vüsal Əliyevin, Borclu Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 92,69 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vüsal Əliyev tərəfindən tərtib olunmuş MN seriyalı ******* №-li inzibati xəta haqqında protokola əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-109/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla X2 ödənilməsi qət edilmiş, borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Vüsal Əliyev göstərmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)- 109/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla X2 ödənilməsi qət edilmişdir. Borclu Şəxs hazırki işin məhkəmə icraatına qədər 175 manat ödəniş etmişdir. Borclu işin məhkəmə baxışı zamanı qalan 1400 manat məbləğində aliment borcundan daha 700 manatını ödəmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-109/2022 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla X2 ödənilməsi qət edilmişdir. O, məhkəmənin qanuni qüvəsini almış qətnaməsinin icrasından yayınmır, sadəcə olaraq maddi problemlərlə və işsizliklə qarşılaşdığından, alimenti tam olaraq ödəyə bilməmişdir. Hazırki işin məhkəmə icraatına qədər 175 manat ödəniş etmiş, işin məhkəmə baxışı zamanı 1400 manat məbləğində aliment borcundan daha 700 manatını ödəmiş, qalan borcunu isə yaxın vaxtlarda, aliment məbləğini isə mütəmadi olaraq ödəyəcəkdir. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, aliment borcunun bir hissəsini ödəmiş, aliment borcunun qalan hissəsini ödəyəcəyinə dair özərinə öhdəlik götürmüşdür. Belə iş materiallarında olan 6614 saylı, xx.xx.2022-ci il tarixli və 6780 saylı, xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs müvafiq olaraq 300 manat və 400 manat məbləğində ödənişlər etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar