Məhkəmə qərarları › İş №3(010)-3816/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3816/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3816/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis polkovnik leytenantı X1 iştirakları ilə, Şəxs – xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”- də narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş və 5990 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis polkovnik leytenantı X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaş Şəxs 24 sentyabr 2025-ci il tarixdə polsi əməkdaşları tərəfindən oğurluqda şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Şöbədə dindirildiyi vaxt özü etiraf edərək narkotik vasitə istifadə etdiyini bildirmişdir. Daha sonra o narkoloji mərkəzdə yoxlanılıb və narkotik vasitə istifadə etdiyi müəyyən edilib. Onun daha əvvəl də məhkumluğu olub. Bu səbəbdən şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, o 3-4 aydır narkotik vasitə - marixuana qəbul edir. Hövsan qəsəbəsində də dəniz kənarına gedərək narkotik vasitə qəbul eləmək xoşuna gəlir. O, narkotik qəbul etdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış və ərazidə oğurluq olduğunu bildirərək şübhəli şəxs kimi onu bölməyə dəvət etmişlər. Bölmədə analiz verməyə getmədən əvvəl etiraf etmişdir, sonra analiz vermiş və aşkarlanmışdır. Oğurluq hadisəsini isə 2 il əvvəl etmişdi, Xətai Rayon Məhkəməsində işə baxılmışdır. O, oğurluğu narkotikə görə etməyib. O, polis bölməsində rəisə, polis əməkdaşlarına da söz verib ki, bir daha bu əməllə onu görməyəcəklər. Atası yoxdur, anası ilə yaşayır, böyük qardaşı isə həbs olunub. Daha əvvəl maşınyumada işləyib, sonradan soyuqlamış və işdən çıxmışdır. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı 25 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, Bəxtiyar Pələngovun vətəndaş Şəxs barəsində tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, qərarın surəti məlumat üçün maraqlı tərəflər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5990 saylı 25 sentyabr 2025-ci il rəyində göstərilmişdir ki, Şəxs müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan AZA seriyalı 024250 saylı, 24 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs 24 sentyabr 2025-ci il tarixində, saat 12:30-da tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs ailə vəziyyətini və səmimi peşmançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir, ağırlaşdıran hallar isə müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117 və 206-cı maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar