Məhkəmə qərarları › İş №3(010)-3817/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3817/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3817/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı inzibati protokol və ya qərarın ləğv edilməsini, hadisə ilə bağlı tam video görüntülərin və materialların məhkəməyə təqdim edilməsinin təmin edilməsini, şikayətinin təmin olunması və ona qarşı tətbiq edilmiş inzibati məsuliyyətin aradan qaldırılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 90GH493 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olaraq, 23.09.25 tarixində saat 05:37-də avtomobili idarə etdiyi zaman təhlükəsizlik kəmərini taxmadığı iddiası ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin həmin tarixdə avtomobili idarə edərkən təhlükəsizlik kəmərini taxmışdı. Cəriməyə əsas olan fotoşəkildə işıqlandırma və ya görüntü bucağı səbəbindən kəmər görünmür. Məhkəmə iclasında şikayətçi X2 şikayətini müdafiə edərək bildirmişdir ki, cərimə gəldiyi gün o, Binə qəsəbəsindən “Vosmoy” bazarına getmişdir. Ora çatana qədər bir çox kameralar olan yollardan, o cümlədən yol polislərinin yanından keçmişdir. Bildirir ki, o, avtomobil sürməyə başladığı ilk gündən təhlükəsizlik kəmərindən istifadə edir və təhlükəsizlik kəməri olmadan avtomobili rahatlıqla idarə edə bilmir, 10 ildir avtomobil idarə edir və 1 dəfə belə olsun ona təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı cərimə gəlməmişdir. Məktəbin nömrəsini dəqiq bilmir, 102-ə zəng etdikdə onlara təqribi məlumat vermişdir, məktəbin önündən keçməsə də, cərimə ilə bağlı qərarda məktəbin qarşısından keçdiyi qeyd olunmuşdur. Bildirir ki, həmin gün gödəkçə geyinmişdir və təhlükəsizlik kəməri də şəkildə görünür. Qeyd edir ki, cərimə qanunsuz olaraq tətbiq olunmuşdur, o səbrli insandır və avtomobili də sakit formada idarə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətamın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğdə cərimə edilmişdir. X2 təhlükəsizlik kəmərini bağladığını bildirmişdir. Məhkəmə araşdırılması zamanı təqdim edilmiş fotoşəkildə X2 təhlükəsizlik kəmərini bağlanması təsdiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı protokol araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı protokol heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və sübut edilməmiş, xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı inzibati tənbeh vermə haqqında protokolda hər hansı sübuta istinad edilməmiş, protokol qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr ilə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarla ziddiyyət yaranmış, və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər əsaslı olduğundan şikayət təmin edilməli və xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı inzibati tənbeh vermə haqqında protokol ləğv edilməklə inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam veriləlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər BPİ-nin X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 30859905 saylı protokol ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar