Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3836/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 sentyabr 2022-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə X6 üzərinə beton düşməsi nəticəsində qolundan və ayağından xəsarəti alaraq 3 nömrəli Şəhər Klinik Xəstəxanasına müraciət etməsinə dair Suraxanı RPİ-nin 30-cu PŞ-nə məlumat daxil olmuşdur. Aparılan araşdırma nəticəsində xx.xx.1969-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, evli. Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 214 ünvanında qeydiyyatda olmaqla yaşayan “Suraxanı rayon Mənzil Komunal Təsərrüfat Birliyinin 103 saylı Mənzil Komunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun nümayəndəsi X3 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanunauyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 11 aprel 2022- ci il tarixdən 103 saylı Mənzil Komunal İstismar sahəsinin rəisi vəzifəsində işləyir. X8 “X13” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək müqaviləsi bağlanmaqla sosial işçi, ictimai işlər, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi MKİS-nə göndərilmişdir. MKTS-nin bütün işçilərinə işə qəbul edilərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları izah edilir və onlara bu barədə müvafiq jurnallara imza edilir. Həmçinin hər 3 aydan bir istismar sahəsinin rəisi kimi onun tərəfindən həmin qaydalar bir daha izah edilir və bu barədə yenə müvafiq jurnala imza edilir. Bundan başqa texniki təhlükəsizlik qaydaları gündəlik olaraq texniki təhlükəsizlik üzrə mühəndis olmadığından onun tərəfindən işçilərə izah edilir. Həmçinin gündəlik olaraq iş zamanı geyinmək üçün işçilərə üzərində arxa hissəsində “Suraxanı MTKB” yazılmış gödəkçə və əlcək, habelə işin xüsusiyyətindən asılı olaraq kaska və ya maska verilir. 23 may 2022-ci il tarixdə, saat təxminən 09 radələrində qaynaqçı X4 və X7 Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15-ci məhəllə, ev 7, giriş 5-də girişin qarşısında olan qoruyucu betonun üst tərəfində olan beton plitə silkələndiyini və bu barədə binanın sakinlər müraciət etdiyi üçün həmin əraziyə gedib beton plitəni qaynaq etməsini tapşırmışdır. Həmçinin onlara ehtiyatlı olmalarını və texniki təhlükəsizlik qaydalarına əməl etmələrini tapşırmışdır. Xosrovla Azər yaxın məsafə olduğundan qaynaq aparatını götürüb piyada həmin ünvana getmişlər. Təxminən 15-20 dəqiqədən sonra Xosrov Həsənov zəng edərək beton plitəni qaynaq edən zaman beton plitənin qoparaq yerə düşdüyünü, Azər Məmmədovun da həmin zaman müvazinətini saxlaya bilməyəyərək 3 metr hündürlükdən həmin betonun üzərinə düşərək xəsarət aldığını bildirdiyindən dərhal hadisə yerinə getmiş və 103 xidmətinə zəng edərək Azər Məmmədovu xəstəxanaya göndərmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan məhkəmə-tibbi ekspertinin 05 iyul 2022-ci il tarixli, 831 nömrəli rəyi ilə X1 bazunun yerdəyişən qapalı sınığı və sağ baldır sümüklərinin yerdəyişən qapalı sınığı xəsarəti aldığı və həmin xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətlərinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə texniki təhlükəsizlik ekspertizasmin 27 iyul 2022-ci il tarixli, 10/4228 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 və “ Tikinti norma və qaydalları” nin 1.29 və 2.1 bəndlərinin tələbləri pozulmuşdur. Həmin işin təhlükəsiz aparılması üçün müvafiq təhlükəsizlik tədbirləri görülməsini təmin etmədiyinə görə “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 və Tikinti norma və qaydaları” nin 1.29 və 2.1 bəndlərinin tələbləri 103 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi Şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda Azərbaycan Respublikası CM--in 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnziabati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib yarandığından barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməklə, onlara qərardan şikayət etmək hüququnun olduğu izah edilməsi və material saxlanması üçün Suraxanı rayon prokurorluğunun arxivinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 “X13” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək müqaviləsi bağlanmaqla sosial işçi, ictimai işlər, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi kimi MKİS-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 sentyabr 2022-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən X5 törətdiyi inzibati xətanı etiraf şdərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxslunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3836/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3836/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver