Məhkəmə qərarları › İş №3(010)-3846/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3846/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3846/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru X7 Rayon Məhkəməsinin e-2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Quliyev X4 Rayon Məhkəməsinin 2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Əvvəlki məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əzizxan Eminov protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 510 manat alınaraq X1 verilməlidir, icra sənədi xx.xx.2023-cü il tarixində icra şöbəsinə daxil olmuş, müvafiq qaydada tərəflərə məlumat verilmişdir. Bundan sonra borclunun adına hər hansı bir əmlakın olub olmaması barədə sorğu verilmiş, lakin aşkar olunmamışdır. Borclu barəsində protokol verilmiş, lakin borcun müəyyən qismi ödənildiyindən, xx.xx.2025-ci il tarixdə işin icraatına xitam verilmişdir. Bundan sonra yenidən borc yaranmış, 4300 manat borc barəsində protokol verilmiş, 13 iyul tarixindən 23 iyula təxirə salınmış və yenidən icraata xitam verilmişdir. Bugünkü gündə tələbkar borcun 4900 manat olduğunu bildirərək ərizə ilə icra şöbəsinə müraciət etmiş, bu səbəbdən, barəsində protokol tərtib olunub Suraxanı Rayon Məhkəməsinə gətirilmişdir. Qeyd edir ki, iyul ayında 1000 manat ödəniş edilmiş, avqust-sentyabr aylarında isə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclaslarında borclu Şəxs bildirdi ki, qarşı tərəfin bank hesab kartı işləmədiyindən 2 ay ödəniş edə bilməmişdir, ödəmək niyyətindədir, lakin işləmədiyi üçün hal-hazırda imkanı çatmır. 700 manat ödəmişdir, 1020 manat ödəyəcəkdir, ödənişi icra məmurunun yanında etmişdir. Qeyd edir ki, ödəniş etməzdən əvvəl tələbkardan ona möhlət verməsinə şərait yaratmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, kart eynidir və işlək vəziyyətdədir, bu gün həmin karta özünün digər bank hesabından ödəniş də etmişdir. Yalnız 350 manat ödənilməsi ilə razı deyildir. Borclunun öz yazdığı ərizəsində 1020 manat ödəyəcəyini qeyd etdiyini, uşaqlarını oxutduğunu, 320 manatın 3 uşağın saxlanılması üçün kifayət etməyəcəyini qeyd etdi. Bundan əlavə onun 4000 çox borcu var. Borcun tam ödənilməsini, ödənilməsə, borclunun həbs olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs 13 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 ödənilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(010)-36/2023 saylı qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Belə ki borclu Şəxs aliment ödənişlərini yalnız protokol tərtib edildikdən sonra ödəyir, aliment borcunun azaldılması istiqamətdə hər hansı addım etmir, alimentin ödənilməsi ilə əlaqədar vədləri məhkəmə baxışının süni uzadılmasına səbəb olur, nəticə etibarı ilə həmin məbləği ödəmir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək qismən ödənişin etməsi inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar