Məhkəmə qərarları › İş №3(010)-385/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-385/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-385/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, yataqxana 15 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 03 fevral 2021-ci il tarixdə, saat 23 radələrində “Mercedes Benz 190” minik markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində idarə edərkən spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti “Ultimed” markalı, İN-641957 nömrəli alko testerlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 3.091 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti baş inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 03 fevral 2021-ci il tarixli, İXP seriyalı, 378972 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətaları törətməsində özünü təqsirli bilərək göstərdi ki, kirayə götürdüyü “Mercedes Benz 190” minik markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili 03 fevral 2021-ci il tarixdə idarə edərkən həqiqətən də spirtli içki – pivə qəbul etmişdir. Həmin vaxt yol patrul xidməti inspektoru tərəfindən saxlanılarkən o, nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyini eitraf etmiş, habelə həkimə getməyə ehtiyac olmadığını və alkotesterin göstəricisi ilə razı olduğunu bildirmişdir. Şəxs həmçinin bildirdi ki, nəqliyyat vasitəsi olmadığına görə sürücülük vəsiqəsinə faktiki olaraq ehtiyac olmur, habelə maddi vəziyyəti cərimə ödəməyə imkan vermir və buna görə də ona az müddətə nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədə müvafiqdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 03 fevral 2021-ci il tarixdə, saat 23:49da “Mercedes Benz 190” minik markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Ultimed” markalı, İN-641957 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 3.091 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə bir bokal pivə içdiyini, həkim müayinəsinə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə razı olduğunu və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini qeyd etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs ifadəsində göstərdiklərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətinə nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs adına verilmiş AD seriyalı, 071846 saylı sürcülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar